Şuşanın azadlığı Azərbaycan xalqının milli iradəsinin və tarixi ədalətin təntənəsidir - Deputat
8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutan, milli qürurumuzu və dövlətçilik ənənələrimizi təcəssüm etdirən əlamətdar gündür.
Redaktor.az xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi yalnız mühüm hərbi qələbə deyil, həm də xalqımızın uzun illər davam edən mübarizəsinin, sarsılmaz iradəsinin və öz tarixi torpaqlarına bağlılığının parlaq ifadəsi oldu:
"Bu tarixi hadisə Azərbaycanın müasir inkişaf yolunda tamamilə yeni mərhələnin başlanğıcını qoydu.
Şuşa Zəfərinə aparan yolun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyası, ölkədə siyasi sabitliyin təmin olunması, güclü iqtisadiyyatın və nizami ordunun formalaşdırılması istiqamətində atılan addımlar gələcək qələbəmizin mühüm təməlini yaratdı. Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək Azərbaycanın iqtisadi və hərbi potensialını gücləndirdi, ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirdi və torpaqlarımızın azad edilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi daim diqqətdə saxladı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq, peşəkarlıq və döyüş əzmi bütün dünyaya xalqımızın gücünü göstərdi. Xüsusilə Şuşa əməliyyatı hərb tariximizə misilsiz qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Əsgər və zabitlərimiz mürəkkəb relyef şəraitində, sıldırım qayaları və keçilməz hesab edilən əraziləri aşaraq şəhəri azad etdilər. Bu əməliyyat Azərbaycan hərbçisinin Vətən sevgisinin, yüksək döyüş hazırlığının və qələbə əzminin təntənəsi idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması xəbərini Azərbaycan xalqına çatdırdığı an hər birimizin yaddaşına əbədi həkk olunub. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri xalqımızın onilliklər boyu yaşatdığı ümidlərin gerçəyə çevrilməsinin rəmzi oldu. Həmin gün Azərbaycan xalqı bir daha sübut etdi ki, milli birlik, güclü dövlət və qətiyyətli siyasi iradə qarşısında heç bir maneə davamlı ola bilməz".
Deputat vurğulayıb ki, Şuşanın azad edilməsi ilə əldə olunan tarixi qələbə 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası ilə daha da möhkəmləndi:
"Bu hadisələr göstərdi ki, ölkəmiz öz milli maraqlarını qorumaq, ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün kifayət qədər siyasi, iqtisadi və hərbi gücə malikdir.
Bu gün Şuşa yalnız qəhrəmanlıq tariximizin simvolu deyil, eyni zamanda dirçəlişin, quruculuğun və gələcəyə inamın ünvanıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Tarixi-mədəni abidələr bərpa olunur, müasir yaşayış kompleksləri, təhsil, səhiyyə və turizm infrastrukturu yaradılır. Şuşanın öz tarixi memarlıq siması qorunmaqla müasir şəhər kimi inkişaf etdirilməsi dövlətimizin milli-mədəni irsə verdiyi yüksək dəyərin göstəricisidir.
Xüsusilə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması böyük mənəvi və ictimai əhəmiyyət daşıyır. Uzun illər Şuşa həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi tarixi ədalətin bərpasının ən təsirli nümunələrindən biridir. Şəhərdə yeni ailələrin məskunlaşması, uşaqların məktəblərə getməsi, mədəni həyatın canlanması Şuşanın yenidən öz təbii həyat ritminə qovuşduğunu göstərir.
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması, müxtəlif illərdə Türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı statuslarını daşıması, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi şəhərimizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Burada keçirilən beynəlxalq forumlar, musiqi festivalları və mədəni tədbirlər Şuşanı mühüm regional mədəniyyət və dialoq mərkəzinə çevirir".
A.Həsənova vurğulayıb ki, Şuşanın dirçəlişi həm də gələcək nəsillər qarşısında böyük məsuliyyət yaradır:
"Biz bu tarixi qələbənin hansı fədakarlıqlar hesabına əldə edildiyini unutmamalı, şəhidlərimizin əziz xatirəsini daim yaşatmalı və qazilərimizin qəhrəmanlığını yüksək qiymətləndirməliyik. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli tariximizə və mədəni irsimizə bağlılığının gücləndirilməsi qələbəmizin mənəvi dəyərlərinin gələcəyə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Əminliklə demək olar ki, Şuşanın azadlığı Azərbaycan xalqının milli birliyinin, dövlətimizin qüdrətinin və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin tarixi nəticəsidir. Bu gün qarşımızda duran əsas vəzifə qazanılmış Zəfərin nəticələrini daha da möhkəmləndirmək, azad edilmiş torpaqlarımızı inkişaf etdirmək və güclü Azərbaycanın gələcəyinə yeni töhfələr verməkdir.
8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm".













