Bu gün Bakı metrosu işçilərinin peşə BAYRAMIDIR

 11:59 06.11.2026     90

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli sərəncamı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Redaktor.az xəbər verir ki, 1967-ci il noyabrın 6-da qapılarını sərnişinlərin üzünə açan Bakı metrosu bu il fəaliyyətə başlamasının 59-cu ildönümünü qeyd edir. Paytaxtın nəqliyyat sistemində mühüm yer tutan metropoliten ötən müddətdə böyük inkişaf yolu keçib. Bu gün Bakı metrosu üç xətt üzrə fəaliyyət göstərir, qarşıda isə şəbəkənin genişləndirilməsi, infrastrukturun yenilənməsi və sərnişindaşıma imkanlarının artırılması ilə bağlı yeni hədəflər dayanır. Peşə bayramı ərəfəsində paytaxtımızın yeraltı nəqliyyat sisteminin dünəninə, bu gününə və sabahına nəzər salmaq yerinə düşər.

İlk metro qatarının hərəkətə başlaması Bakının tarixinə əlamətdar hadisə kimi daxil olub. Çox keçmədən metro və memarlıq üslubu ilə seçilən yeraltı stansiyaları şəhərin rəmzlərindən birinə çevrilib. Paytaxt sakinlərinin və qonaqlarının gündəlik həyatında mühüm yer tutan bu nəqliyyat sistemi illər ərzində genişlənərək şəhərin əsas sərnişindaşıma vasitələrindən biri olub.

Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin inşası nəzərdə tutulurdu. 1941-ci ildə başlayan müharibə bu planın həyata keçirilməsinə mane oldu. Müharibə başa çatdıqdan iki il sonra, 1947-ci ildə hökumət Bakı Metropoliteninin tikintisi ilə bağlı layihə-axtarış işlərinin aparılması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazası yaradıldı, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olundu. Bir müddət dayandırılan tikinti işləri 1960-cı ildə bərpa edildi.

Nəhayət, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin 5 stansiyadan və 9,2 kilometrlik yeraltı xətdən ibarət birinci növbəsi istifadəyə verildi. İlk mərhələdə “Bakı Soveti” (indiki “İçərişəhər”), “26 Bakı komissarı” (indiki “Sahil”), “28 Aprel” (indiki “28 May”), “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları sərnişinlərin istifadəsinə açıldı.

Metropolitenin sonrakı inkişaf mərhələlərində şəbəkə tədricən genişləndirildi. 1970-ci ildə altıncı stansiya istifadəyə verildi. 1972-ci il noyabrın 6-da isə “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” stansiyaları fəaliyyətə başladı. Sonrakı illərdə “Nizami”, “Bakmil”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, “Xalqlar dostluğu”, “Əhmədli”, “Cəfər Cabbarlı” və “Həzi Aslanov” stansiyaları da metro şəbəkəsinə əlavə edildi.

Son illərdə isə Bakı Metropoliteninin inkişafı yeni mərhələyə qədəm qoyub. 2008-ci ildə “Nəsimi”, 2009-cu ildə “Azadlıq prospekti”, 2011-ci ildə “Dərnəgül” stansiyaları istifadəyə verilib. 2016-cı il aprelin 19-da Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin istifadəsinə açılıb. 2021-ci il mayın 29-da “8 Noyabr”, 2022-ci il dekabrın 23-də isə “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposu istismara verilib.

Hazırda Bakı Metropoliteni üç xətt – Qırmızı, Yaşıl və Bənövşəyi xətlər üzrə fəaliyyət göstərir. Metronun ümumi uzunluğu 40,7 kilometr, stansiyalarının sayı isə 27-dir.

Dövlətimizin başçısı İlham Əliyevin təsdiq etdiyi nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı proqramlar çərçivəsində Bakı Metropoliteninin genişləndirilməsi istiqamətində də yeni layihələr həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, paytaxtda 10 yeni metro stansiyasının tikilməsi nəzərdə tutulur.

Yeni stansiyalardan dördünün Yaşıl, altısının isə Bənövşəyi xətt üzrə inşası planlaşdırılır. Layihələrin icrası metronun əhatə dairəsinin genişləndirilməsinə, yeni yaşayış və sənaye ərazilərinin nəqliyyat şəbəkəsinə inteqrasiyasına, həmçinin sərnişindaşıma imkanlarının artırılmasına xidmət edəcək.

Yeni layihələr arasında Bənövşəyi xəttin “B-04” layihə kodlu stansiyası da yer alır. Nazirlər Kabinetinin 2026-cı il 4 sentyabr tarixli qərarı ilə həmin stansiyaya “20 Sentyabr” adı verilib. Stansiyada tikinti işləri başa çatıb, hazırda tamamlama və infrastruktur-quraşdırma işləri aparılır. Bakı Metropoliteninin açıqlamasına əsasən, stansiyanın 2027-ci ilin birinci yarısında tam istifadəyə verilməsi hədəflənir.

Bundan başqa, digər 9 yeni stansiyanın tikintisinə 2027-ci ildə başlanılması, onların isə 2030-cu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Metropolitenin müasirləşdirilməsi yalnız yeni stansiyaların tikintisi ilə məhdudlaşmır. Mövcud infrastrukturun yenilənməsi, qatarların hərəkətinin təkmilləşdirilməsi və sərnişinlərin rahatlığının artırılması da əsas istiqamətlərdəndir.

2026-cı il avqustun 15-dən etibarən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Bu məqsədlə “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Tikinti müddətində sərnişinlərin daşınmasının təmin edilməsi üçün alternativ ekspres avtobus marşrutları təşkil olunub. Layihənin başa çatması ilə Qırmızı və Yaşıl xətlərin müstəqil fəaliyyəti, qatarların hərəkətinin daha səmərəli təşkili və intervalın azaldılması nəzərdə tutulur.

Bakı Metropoliteninin inkişafı çərçivəsində qatar parkının yenilənməsinə də diqqət yetirilir. Yeni nəsil vaqonların istismara buraxılması, müasir texnologiyaların tətbiqi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Beləliklə, 59 illik inkişaf yolu keçən Bakı Metropoliteni bu gün yeni mərhələyə qədəm qoyur. Qarşıdakı illərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr paytaxtın yeraltı nəqliyyat şəbəkəsinin genişlənməsinə, sərnişindaşıma imkanlarının artmasına və şəhərin nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Noyabrın 8-də peşə bayramını qeyd edən metropoliten əməkdaşları isə bu inkişaf prosesinin əsas iştirakçılarıdır. Onların gündəlik əməyi milyonlarla sərnişinin təhlükəsiz və rahat daşınmasının təmin edilməsində mühüm rol oynayır.

Vumart və Güvən reklamı Vumart Güvən