“Şəki yaylası”ndakı faciənin yeni detalları – Ucalın atası mühüm faktları açdı
8 sentyabr itkimin acısından doğan ağrılarımın içindən boylanıram dünyaya hər gün. Oğlum Ucal Bayramovun gənc ömrünə qatil kəsildi “Şəki yaylası” adlı o “ölüm vadisi” həmin gün. Həmin gün Tanrı da aciz qaldı harınların və harınlığın doğduğu “ölüm maşını” qarşısında. Həyat eşqi ilə aşıb-daşan iki gənc ailənin və onlara doğma ocaqların arzularını xırpaladı sərvəti artdıqca tiranlığa yerikləyən cəlladların doymayan məlun nəfsləri. “Şəki yaylası”nda ziplayn qurğusunun fəsadından faciə yaşadı iki Azərbaycan gənci həmin gün.
Baş vermiş bu cinayətə hansı normanın pəncərəsindən baxılırsa baxılsın; bu istər hüquqi, istər mənəvi-əxlaqi, istər dini-ilahi və istərsə ən bəsit bəşəri normalar olsun, fərq etmir, həqiqət birdir: “Şəki yaylası” ailəvi istirahət mərkəzinin, bu “ölüm vadisi”nin başında dayanan “ağalar”ın-rəhbər postları zəbt edənlərin hər birinin bu ağır cinayətdə hüquqi məsuliyyət payı, iştirakçılıq payı bilavasitə bu qətl faktının baş verməsində iştirak edən o “fərraşlardan” – işçi adına insanlara sırınan o həşaratlardan qat-qat çoxdur. Çünki mənə sonsuz acını yaşadan bu “ölüm vadisi”ndə istismar olunan həmin ziplayn qurğularının təlimatında bu qurğu “özündə yüksək ölüm riski daşıyan” qurğu olaraq təsnif olunur. Suallar doğur: “insan həyatı üçün özündə yüksək ölüm riski daşıyan” bu qurğunun quraşdırılması və fəaliyyəti hansı dövlət qurumunun rəsmi sənədləşməsi və nəzarəti ilə həyata keçirilib? İşçi deyilən “fərraşlar”ın işə götürülməsi proseduru necə aparılıb, burada qanunun tələbləri hansı dərəcədə nəzərə alınıb və ya yerinə yetirilib? Onlar bilavasitə bu sahə üzrə rəsmi səviyyədə ixtisaslaşmadan keçmiş peşəkar kadrlar idimi və bu faktı təsdiq edəcək rəsmi sənədlər mövcuddurmu? Bunu və digər faktları təsdiq edən sənədlər işçinin şəxsi qovluğunda əksini necə tapıb? Şəxsi uçot vərəqində təsbit olunubmu və s.? Hesab edirəm ki, bu, istintaq üçün prioritet suallardan biridir və bəlkə artıq istintaqa bu sualların cavabları da bəllidir. Çünki qanunvericiliyə əsasən cinayət işinə start verildiyi andan həmin obyektin istintaq üçün əhəmiyyətli olan və özündə cinayət faktının izlərini daşıyan hər bir struktur elementinə, hər bir əmlakına həbs qoyulmalı, onların toxunulmazlığı mütləq şəkildə təmin olunmalı idi.
“Özündə yüksək ölüm riski daşıyan” bir qurğunun qurulmasına və istismarına bu qədər etinasız və saymazyana yanaşan, bu davranışı ilə insan faciəsinə yol açan cəmi vəzifəli şəxslər baş verən ağır cinayətdə hüquqi məsuliyyətin hansı pilləsində yer almalıdır? Mənim ədalət prinsipi üzərində yazılan qanunlarımızın dəmir məntiqindən doğan belə bir düsturun həqiqiliyinə şübhəm yoxdur: bu cinayət kontekstində hüquqi məsuliyyət piramidasının başında yalnız “Şəki yaylası” istirahət mərkəzinin direktoru deyil, həm də təsisçidən başlayaraq iyerarxiya üzrə onun bütün rəhbər heyəti dayanır və dayanmalıdır. Ancaq bu obyektin fəaliyyətinə rəsmi səviyyədə legitimlik hüququ verən və ya verməli olan müvafiq dövlət qurumları, bu qurumlarda bilavasitə bu suallara rəsmi cavabdehlik daşıyan vəzifəli şəxslərin də məsuliyyət payı istintaq prosesindən kənarda qala bilməz. Azərbaycan Respublikasının istər əmək qanunvericiliyi, istər vergi məcəlləsi, istər turizmlə bağlı qanunvericiliyin müvafiq tələbləri və cinayət məcəlləsinin texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydaları ilə bağlı tələbləri bu cinayət faktına görə məsuliyyət daşıyanların dairəsini aydınlaşdırmaq üçün yetərincə hüquqi əsas yaradır. Mən əmin olmaq istərdim ki, istintaq bu dairənin sərhədlərini və bu məsuliyyət dairəsinə düşən heç bir subyekti müvafiq hüquqi məsuliyyətdən kənarda qoymayacaq.
Ölüm kürsüsünə pərçimlənmiş gözlərim… Onu bu kürsüdən kim ayıracaq və ya o bu kürsüdən haçan qopacaq??
Mən fiziki deyil, mənəvi ölüm kürsüsü haqda danışıram.
Harınlıq mərtəbəsini ələ keçirinc insanı və insanlığı dəyərsizləşdirən, ona saymazyana və etinasız boylananların ölüm makinaları yalnız insanın fiziki varlığına son qoyan bir nəsnə deyil. Bu makinaların insanları sürüklədiyi mənəvi, psixoloji və ruhi qətllər nəinki fiziki qətlin özü qədər amansızdı, hətta bəzən bu amansızlıqdan daha aşırıdı. Mən mənim ruhumu, sevgi və arzularımı, dilək və istəklərimi çilik-çilik edib qətlə yetirənlərin Uca Tanrımın və qüdrətinə güvəndiyim Ulu dövlətimin Haqq və Ədalət divanının cəza maşınında mənəvi qətlini görmək istəyirəm. Mən belə qatillərin də ən ülvi arzularının, ən əziz diləklərinin haqq-ədalət divanında ölüm hökmünə məhkum edilməsinin intizarındayam. Əgər güvəndiyim haqq-ədalət divanı mənim yaşadığım acıları qatillərin ömrünə köçürə və bu acıları onlara da yaşada bilməyəcəksə, mənim Ata harayım haqqın zəfər çalacağı anadək bu savaşdan usanmayacaq. Arzuları çiliklənən bir Atanın hökm vermək haqqını Allah özü daha öncə tanıyır. Nədən faciə qurbanları çiliklənmiş arzuların pəncəsində çırpınırkən, bu faciəni yaşadan eyni cəzaya və əzablara məhkum edilməsin? Bilirəm, qanunlarımızda insan həyatına fiziki son vermə hökmü yoxdur. Ancaq istər əxlaqımızda, istər milli ləyaqətimizin doğurduğu dəyər və normalarda, istər sivil qanunlarımızda, istərsə dini dəyərlərimizdə mənəvi qətl törədənlərin eyni cəzaya məhkum edilməsini legitimləşdirən imperativlər az deyil. Mən əminəm ki, fiziki qətlin içində mənəvi qətl dərəcəsi böyük olan cinayətləri cəzalandırma mexanizmi fərqli prinsiplərlə qurulmalıdır. Bu tipli cinayətlər haqq-ədalət divanında cəzalandırılarkən, qətli törədənlərin cəzaları yalnız fiziki məhkumluqla bitməməli, onların da mənəvi qətlə məhkum olunma mexanizmi yaradılmalı və qurulmalıdır.
Mən hər səhər obaşdan odunda, alovunda Tanrının özünü belə yandırıb külə döndərəcək bir ürəyin sızıltılarının harayına, dağ çəkilmiş ürəyimdəki yaraların ağzını təkrar-təkrar açan hıçqırtıların, nalələrin əzabdan yoğrulmuş səsinə oyanıram. Bu, övlad itkisinin iztirabları içində qıvrılan və qovrulan bir Ana ürəyinin Allahın özünü belə göz yaşlarına qərq edəcək iniltiləri, nalələri, haraylarıdı. Bu ana hər gün mənəvi ölümün caynağında çırpınır, hər gün onun qurbanına çevirilir. Bu, fiziki qətlin özündən daha ağır, daha amansız qətldir. Bəs bu cür qətllərin cəzası cinayət məcəlləsində nəzərdə tutulurmu? Hanı bu qətllərin cəza mexanizmi? Bəlkə ədalət prinsipi ona görə natamam və qüsurludur ki, qanunlarda insanların mənəvi qətli ayrıca bir fakt olaraq təsbit olunmur? Qanunlarımızda bu boşluqlar doldurularsa, ədalət anlayışının humanist mahiyyəti, mənəvi-ictimai sanbalı daha da təsirli olmazmı? Bir anaya, bir ataya, bir bacıya, bir qardaşa və onlarla doğmaya hər gün mənəvi ölüm hökmü verənlərə cinayət məcəlləsinin bir və ya bir neçə maddəsinə görə verilən cəza necə məqbul hesab edilsin? Bu, nədən cinayətə adekvat cəza qismində qiymətləndirilsin? Bunlar mənim ədalət haqqında anlayışıma sığışmır və əminəm ki, oxşar faciə yaşayan hər kəs üçün bu ədalət divanı, belə bir cəza mexanizmi qənaətbəxş deyil, natamamdır. Mənəvi qətlin bədəli nə olmalıdır? Düşünürəm və bir suala cavab tapmağa çalışıram: bəlkə bizim haqq-ədalət haqqında anlayışlarımızın özü yanlışdı? Bəlkə bizim haqq-ədalət divanı adına qəbul etdiyimiz cəza mexanizmi əslində bizi aldatmaq üçün quraşdırılmış bir hiylədir? Bəlkə bizim güvəndiyimiz cəza mexanizmi, istər Haqqın cəza maşını, istərsə qanunların cəza aparatı olsun, heç biri sonacan mükəmməl deyil yaxud sadəcə çox bəsitdir və ya qüsurludur? Əks halda niyə sərvətin, pulun, varidatın quduza çevirdiyi hansısa harınlar bizim ailələrimizə, ocaqlarımıza bu faciələri, bu iztirabları çox asanlıqla yaşada bilirlər? Niyə onlar bizim xoşbəxtliyimizi əlimizdən bu qədər rahat ala bilirlər? Bəlkə bizi sadəcə ədalət və cəza ümidi ilə yaşatmaqla, əslində acılarımızı korşaltmaq qəsdindədirlər? Xeyr və əsla! Mən istər Uca Haqqın, istərsə öz dövlətimin qanunlarından mənə, mənim ailəm və doğmalarıma bu iztirabı, bu acını yaşatmış hər kəsə eyni ağrı-acını yaşatmağı tələb edirəm. Əks halda Haqqın və qanunlarımızın ədalət mizan-tərəzisinə olan inam və güvənclərimiz tikə-tikə olub parçalanar, toplumun rifah doğuran nizamını şər doğuran xaos işğal edər, şüurlarda iblisin yuvalanması üçün özümüz ona qapı açmış olarıq.
Min il doğub törəsələr belə şərə qulluq edənlərdən dünyaya insan gəlməz. Çünki şər insanı deyil, insana qənim olanları doğub törəmək üçün mövcuddur.

Asif Bayramov,
Azərbaycan Universitetinin müəllimi.













