Üçrəngli bayrağımızın şanlı tarixi...
Azərbaycanın üçrəngli bayrağı xalqımızın qürur mənbəyi, milli birliyimizin və dövlət müstəqilliyimizin rəmzidir. Bu bayraq təkcə üç rəngdən ibarət deyil. O, xalqımızın azadlıq istəyini, milli kimliyini və gələcəyə olan inamını ifadə edir.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il noyabrın 9-da üçrəngli bayrağımızı dövlət bayrağı kimi qəbul edib. Bayrağımızın rəngləri böyük məna daşıyır. Mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə İslam mədəniyyətinə bağlılığımızı ifadə edir. Səkkizguşəli ulduz və aypara da bayrağımızın əsas rəmzlərindəndir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarıldı. Lakin xalqımız bu bayrağı heç vaxt unutmadı. O, azadlıq və müstəqillik arzularımızın simvolu olaraq yaşadı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı dövlət bayrağı elan etdi. Həmin il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.
1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında Dövlət Bayrağımız dövlət rəmzlərindən biri kimi təsbit edildi. 2009-cu il noyabrın 17-də imzalanan sərəncamla hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmağa başladı.
Bu gün üçrəngli bayrağımız ölkəmizin hər yerində qürurla dalğalanır. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfərdən sonra bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda yenidən ucaldıldı. Bu, xalqımızın birliyinin, gücünün və əzminin rəmzinə çevrildi.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, dövlətimizin inkişafı və beynəlxalq aləmdə artan nüfuzu üçrəngli bayrağımızın daha da uca tutulduğunu göstərir. Bayrağımız beynəlxalq tədbirlərdə, idman yarışlarında və müxtəlif ölkələrdə keçirilən mərasimlərdə Azərbaycanı layiqincə təmsil edir.
Üçrəngli bayrağımız keçmişimizdən gələn müqəddəs yadigar, bu günümüzün qüruru və gələcəyimizin ümididir. Onu qorumaq, sevmək və daim uca tutmaq hər birimizin borcudur.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini













