"Oradan dönmək olmazdı..." – Antiterror əməliyyatının iştirakçısı
Bəzən insanın həyatında elə bir yol olur ki, o yola qədəm qoyanda qarşısında nələrin dayanacağını bilmir. Amma bir şeyi dəqiq bilir: geri dönmək olmaz. Novruz İsmayılov üçün belə bir yol 2023-cü ilin sentyabrında Ağdərə istiqamətində keçib. O günlərdə hər addımın arxasında Vətən, ailə, doğma torpaq və gələcək dayanırdı.
Redaktor.az xəbər verir ki, hazırda Təhsil Tələbə Krediti Fondunda qrafik dizayner kimi çalışan Novruz İsmayılov Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnən lokal antiterror əməliyyatlarında iştirak edib. Həmin günləri xatırlayanda onun sözlərində qürurla yanaşı, üzərinə düşən məsuliyyətin ağırlığı da duyulur: “Belə bir zəfər tarixində iştirak etmək mənim üçün çox qürurvericidir. Azərbaycanımızın bütövlüyü uğrunda bu yolda olmaq hər birimiz üçün böyük məsuliyyət idi. Ağdərə istiqamətində, həmin kəndlərdə keçdiyimiz yol elə bir yol idi ki, oradan dönmək olmazdı. Hər bir əsgərin, hər birimizin daxilində yalnız zəfər hissi vardı”, – deyə Novruz İsmayılov bildirir.
Döyüş meydanında insanın ağlından çox şey keçir. Doğmaları, ailəsi, onu gözləyən insanlar… Novruz İsmayılov da həmin günlərdə bütün bunları düşünürdü. Bilirdi ki, onu sevənlər nigaran qalacaq, hər xəbərini intizarla gözləyəcəklər. Amma qarşıda daha böyük bir amal vardı: ailəsinin, doğmalarının və gələcək nəsillərin əmin-amanlıq içində yaşayacağı bir Vətən: “Əlbəttə, biz bunu gözə almışdıq. Ailəmizi, yaxınlarımızı düşünürdük. Onların firavan yaşaması üçün bu addımı atmalı idik. Bu bizim borcumuz idi”.
Döyüş günləri geridə qalıb. Novruz İsmayılov indi başqa bir mühitdə – Təhsil Tələbə Krediti Fondunda çalışır. Bir ildən artıqdır ki, qrafik dizayner kimi fondun fəaliyyətinə töhfə verir. Hər gün işi ilə məşğul olarkən gələcəyin qurulmasına öz payını verir. Onun diqqətini isə bu günün gənclərində gördüyü bir hiss çəkir – qürur hissi: “İndi gənc nəsillərimizin, yeniyetmələrimizin gözlərində o qüruru görürəm. Çünki onlar artıq işğaldan azad olunmuş torpaqlarımıza, öz dədə-baba yurdlarına ayaq basa bilirlər. Düşünürəm ki, bu, onlar üçün çox qürurverici, çox gözəl hissdir”.
Bu sözlərdə döyüş yolunun mənası da duyulur. Bir vaxtlar ailəsinin və yaxınlarının firavan gələcəyi naminə çətin yolu gözə alan Novruz İsmayılov bu gün həmin gələcəyin gənclərin həyatında gerçəkləşdiyini görür. Azad torpaqlara gedən yolların açılması, gənclərin doğma yurdlarını tanıması, orada öz tarixinin izlərini görməsi onun üçün böyük qürur mənbəyidir.
Vətən uğrunda göstərilən fədakarlığın mənası bəzən illər sonra başqa bir insanın sevincində, bir gəncin gözlərində, doğma torpağa atılan ilk addımda daha aydın görünür. Novruz İsmayılovun hekayəsi də həmin qürurun içində davam edir (Azərbaycan müəllimi).













