DYP-dən velosipedçilərə MÜRACİƏT
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib.
Redaktor.az xəbər verir ki, müraciətdə deyilir:
"Noyabrın 6-sı, saat 22:00 radələrində Ağdaş rayonunun Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi “Opel” markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi Vasif Həbilovu vurub. İşıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn “Mercedes” markalı avtomobil onun üzərindən keçib".
Qeyd edilib ki, velosipdçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə 62 yaşlı V.Həbilovun velosiped idarə etmək üzrə vərdişləri olmayıb, lakin o, həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.
"Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini sözügedən faciəli hadisədən düzgün nəticə çıxarmağa, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində hərəkət edərkən işıq cihazlarını işlək vəziyyətdə saxlamağa, işıqqaytarıcı elementlərin yerində olmasına və təmizliyinə nəzarət etməyə, yolun sağ kənar zolağı ilə getməyə, sürmə vərdişləri olmadığı halda yaşayış zonalarından kənara çıxmamağa çağırır", - BDYPİ-dən bildirilib.













