Modern Hospital Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib - VİDEO
8 Noyabr – Zəfər Gününün ildönümü münasibətilə Modern Hospital rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə klinikanın həyətyanı sahəsində ağacəkmə aksiyası keçirilib.
Vətən müharibəsində qazanılmış tarixi Zəfərin rəmzi olaraq aksiya çərçivəsində 44 ağac əkilib. Bu təşəbbüs həm Zəfər Gününə ehtiramın ifadəsi, həm də ətraf mühitin qorunması, yaşıllıqların artırılması və gələcək nəsillərə daha sağlam ekoloji mühitin ötürülməsi istiqamətində atılan mənalı addım kimi qiymətləndirilir.
Aksiyada Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Modern Hospitalın direktoru Dr. Taryel Ömərov, klinikanın həkimləri və 100-ə yaxın əməkdaşı iştirak edib.
Tədbir çərçivəsində iştirakçılar ağacəkmə prosesinə qoşularaq Zəfər Gününün rəmzi mahiyyətini əks etdirən bu təşəbbüsə öz töhfələrini veriblər.
Modern Hospital üçün sağlamlıq anlayışı yalnız tibbi xidmətlə məhdudlaşmır. Sağlam cəmiyyətin formalaşması, ekoloji tarazlığın qorunması və sosial məsuliyyət prinsiplərinin təşviqi də klinikanın fəaliyyətində mühüm yer tutur.
Əkilən 44 ağac Azərbaycanın tarixi Zəfərinin, milli birliyinin və gələcəyə olan inamının simvolu olmaqla yanaşı, sağlam və yaşıl gələcək naminə atılan addımın rəmzinə çevrilib.
44 günlük Vətən müharibəsi zamanı həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə tibbi xidmət göstərməklə əlindən gələn dəstəyi əsirgəməyən Modern Hospitalın rəhbərliyi və kollektivi adından xalqımızı Zəfər Günü münasibətilə bir daha təbrik edirik!















