Misir-Azərbaycan Dostluq Cəmiyyətində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir KEÇİRİLDİ
Tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, səfirliyin digər əməkdaşları, Azərbaycan icmasının təmsilçiləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Redaktor.az xəbər verir ki, mərasimin açılışında Azərbaycanın və Misirin dövlət himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov Zəfər Gününün xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını və hər birimiz üçün qürurverici gün olduğunu bildirib. O, xalqımızın tarix boyu qəhrəman övladları ilə fəxr etdiyini qeyd edib. Vurğulayıb ki, Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər də tarixə qızıl hərflərlə yazılıb və gələcək nəsillər üçün qürur mənbəyidir.
S.Nəsirov, həmçinin Dostluq Cəmiyyətinin fəaliyyəti, eləcə də iki ölkə arasında tarixi, mədəni və elmi əlaqələr barədə məlumat verib. Qeyd olunub ki, cəmiyyətin təşkil etdiyi kurslarda misirlilərlə yanaşı, 61 ölkədən 650-dən çox tələbə Azərbaycan dili başda olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.
Sonra Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxış edib. Səfir qeyd edib ki, Zəfər Gününə aparan yolun təməlini Ulu Öndər Heydər Əliyev qoyub, onun siyasi kursunun layiqli davamçısı Prezident Ali Baş Komandan İlham Əliyev isə bu yolu qələbə ilə tamamlayıb.
Bildirilib ki, qələbədən sonra altı il ərzində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılıb. Hazırda həmin ərazilərdə 100 minə yaxın insan yaşayır. İlin sonunadək bərpa layihəsinin birinci mərhələsinin başa çatdırılması nəzərdə tutulur. 2027-ci ildə isə azad edilmiş ərazilərin bərpasının ikinci mərhələsinə başlanılacaq.
Səfir vurğulayıb ki, Azərbaycan sülh yolu ilə irəliləyir. Lakin bəzi xarici qüvvələr ölkəmizin beynəlxalq imicinə xələl gətirmək məqsədilə qarayaxma kampaniyaları aparırlar. Bununla belə, ölkə başçısının rəhbərliyi altında bu cəhdlərə layiqli cavab verilir. Bu prosesdə Azərbaycanın dostları, o cümlədən Misir ölkəmizlə çiyin-çiyinə dayanır.
Elxan Poluxov Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ölkəmizin təbliği istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirib, cəmiyyətin İdarə Heyətinin sədri Seymur Nəsirova təşəkkür və minnətdarlığını bildirib.
Tədbirin rəsmi hissəsinin sonunda cəmiyyətin tələbələri tərəfindən Azərbaycan haqqında şeirlər səsləndirilib. Daha sonra tədbir iştirakçılarına milli mətbəximizin ənənəvi təamları təqdim olunub.















