Sonuncu rus imperatorunun sərvəti və aqibəti

 14:04 10.11.2026     103

Rusiya İmperatoru II Nikolayın taxt-tacdan imtina edərək istefası zamanı (1917-fevral) bu ailəyə yanlış olaraq Romanovlar sülaləsi deyilirdi. Artıq 1730-cu ildə Romanovlar sülaləsi bitmişdi. Bu ikinci Pyotrun ölümündən sonra baş verir.

1761-ci ildə uşağı olmayan Yelizaveta Petrovna hakimiyyəti öz bacısı oğlu, alman əsilli olan Karl Peter Ulrixə həvalə edir. O Qolşteyn-Qotterpov sülaləsindən idi və III Pyotr olaraq ölkəyə elan edildi. Sülalənin adını dəyişdirməyə fürsət olmadı. III Pyotr bunu etmədi, onun arvadı II Yekatirina isə özü də alman idi və bu həssas movzuya toxunmaq istəmədi. Bundan sonra sülalənin adını çəkməkdən çəkinir və onu Rus İmperator Evi olaraq adlandırmağa başlayırlar. Xarici sənədlərdə isə Rus imperatorları Qolşteyn-Qottorp olaraq qeyd edilir və mötərizədə Romanov əlavə edilirdi.

Rusiya dövlətində I Yekatrina ilk qadın hökmdar idi. Marta Skvaronskaya adlı bir Lyon kəndlisi və yetim bir qız idi.  Rus əsgərlərinə əsir düşdükdən sonra 1703-cü ilin payızında Pyotr onu görür və öz yanına gətirir. Bundan sonra bütün hərbi yürüşlərdə Marta Pyotrun yanında olur. Onun doqquz uşağı erkən yaşlarında ölür. 11 uşaqdan ikisi sağ qalır. İki qız uşağı Anna və Elizaveta I Pyotrun nəslini davam etdirirlər. Pyotr ölümündən 8 ay əvvəl Yekatrinanın hökmranlığına dair fərman verir və şəxsən ona tacqoyma mərasimi keçirir.

II Pyotr 1715-ci il oktyabrın 23-də Sankt-Peterburqda anadan olub. Atası Böyük Pyotrun sağ qalan yeganə oğlu idi. Anasının Avropa monarxları ilə sıx əlaqələri var idi və anasının vasitəsilə Peter Avstriya imperatriçası Mariya Terezanın əmisi oğlu idi. 14 yaşında öldükdən sonra Romanovların rəsmi şəcərəsi bitir.

III Pyotr Feodoroviçin əsl adı qeyd etdiyimiz kimi Karl Peter Ulrix Şlezviq-Holşteyn-Qottorpdan idi və yanvar 1762-ci ildən həmin ilin 9 iyuluna qədər Rusiyanın imperatoru olub. Həmin il həyat yoldaşı II Yekaterina onu saray çevrilişi ilə devirir və hakimiyyətə gəlir.  II Yekatrinanın qızlıq soyadı da Sofiya Augusta Friederike von Anhalt-Zerbst idi.

III Pyotr, yəni Peter Holşteyn-Qottorp hersoqu Karl Fridrix və doğuşdan sonrakı qızdırmadan vəfat edən Rusiyanın Böyük Hersoginyası Anna Petrovnanın oğlu idi. Atasının ölümündən sonra Holşteyn-Qottorp taxtına çıxdıqdan sonra Peter 1742-ci ildə həm Rusiya, həm də İsveç taxtlarının varisi elan edildi. Lakin sonralar Rus Pravoslavlığını qəbul etdiyinə görə İsveç kralı olmaqdan məhrum edildi.

Göründüyü kimi “romanovlar” sülaləsinə dəxli olmayan II Nikolay imperatorluqdan istefa verdiyi zaman dünyanın ən sərvətli adamı hesab edilirdi. Rus İmperatorunun 1917-ci ilin Fevral çevrilişi zamanı sərvətini bu günün meyarları ilə dəyərləndirənlər hesab edirlər ki, hal-hazırda bu məbləğ 300 milyard dollara bərabər olmalı idi. Rus İmperatoru ailəsi ilə birlikdə sibirdə bir evin zirzəmisində güllələnəndən sonra bu sərvət kimin əlinə keçdi sualı hələ də aktualdır.

İmperator ailəsinin 50-dən artıq Faberje yumurta kolleksiyası,  çox böyük və bahalı iki Yaxtası, İngiltərə bankında saxlanılan 7 ton qızılı sərvət ovçularının həmişə diqqətində olub.

İngiltərə kralı V Giorq II Nikolayla xalaoğlu idilər və biri-birinə çox oxşayırdılar. V Giorq Rus inqilabından sonra II Nikolaya və onun ailəsinə İngiltərəyə gəlməyə icazə vermir və ailənin güllələnməsindən sonra onların İngiltərədəki sərvətini mənimsəyir.

Sonrakı illərdə Faberje kolleksiyasını bolşeviklər xarici hərraclarda satışa qoydular və SSRİ-də bu işlərə A.Mikoyan rəhbərlik edirdi. İmperator ailəsinə aid olan bir çox ziynət əşyalarını da İngiltərə kral ailəsi hərraclardan satın almağa başlayır. 

II Nikolayın xalası Mariyanın brilyantlarla bəzədilmiş tacı İngiltərəyə aparılır və İngilis kral ailəsinə mənsub Mariya Tekskaya onu mənimsəyir. Mariyadan sonra bu tac karaliça Elizavetaya çatır. II Nikalayın anası Mariya Fyodorovnaya məxsus zinət əşyaları xüsusi maraq yaradırdı. Onun brilyant əhatəli sapfirli broşuni V Georqun arvadı alır. 1953-cü ildə bu broş da Yelizavetaya keçir və hal-hazırda onu şahzadə Anna daşıyır. II Nikolayın anasına məxsus mirvarili kolye də karaliça Mariya Tekskayaya çatır. Sonralar bu kolyeni Şahzadə Anna və Şahzadə Diana da daşımağa başlayırlar.

1917-ci ilin mart ayının 2-də müvəqqəti hökumət II Nikalayın əmlakından 93.5 milyon rubl qızıl pul dəyərində mülkiyyəti milliləşdirdi. Sonra İmperator ailəsinin bütün rezidennsiyaları milliləşdirildi. Hər biri 3.5 və 5.5 milyon rubl dəyərində iki yaxta da xidməti məqsədlər üçün olduğundan milliləşdirildi.

Hakimiyyətdən istefa verdiyi zaman II Nikolayın bir milyon rubl şəxsi istifadəsində 14 milyob rubl isə xarici banklarda saxlanıldığı hesab edilir. 1922-ci ildə isə bolşevik hökuməti imperator ailəsinə məxsus 500 milyon dollar dəyərində zinət əşyalarını hərrac vasitəsi ilə satdı. Belə hərraclar 1934-cü ilə qədər davam etdi. İmperator ailəsinə məxsus çox az sayda zinət əşyaları Kremlin almaz fondunda indi də saxlanılır.

Rus imperator ailəsinin varisləri ilə əlaqədar  bəxti gətirmirdi. Varislər xəstə doğulur və uzun müddət yaşamırdılar. İmperator ailəsinin XIX əsrdən başlayaraq varis xəstəliklərinin əsasını İngiltərə kraliçası Viktoriya ilə əlaqələndirirdilər.


Kraliça Viktoriya 1819  ildə anadan olur və  1901-ci ilə qədər yaşayır.   Hannover sülaləsindən olan 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatoriçası olur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən kraliçadır.
 Viktoriyanın atası Kral VIII Georg, anası isə Sakse-Koburq-Salfeld şahzadəsi və Belçika kralı Leopoldun bacısı idi. Viktoriya cütlüyün tək uşağı idi. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında Viktoriya baptist edilmişdi. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edildilər.  
Atası onun anadan olmasından səkkiz ay sonra vəfat edir. Babası III Georg ondan 6 gün sonra vəfat edir və Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib olur. Viktoriya dayısı oğlu Albert Saksee-Koburq ilə evlənir. Şahzadə Viktoriyaya Almanca, ingiliscə, italyanca, fransızca danışa bilirdi və gənc yaşlarından musiqi təhsili almışdır. 
XIX əsrin əvvəllərindən Avropa kral ailə üzvlərinin biri-biri ilə qohumluq münasibətləri daha da genişlənir. Viktoriyanı Avropanın nənəsi adlandırırdılar. Karaliça Viktoriya İngiltərədə 1837-1901-ci illərdə 63 il hakimiyyətdə olub. Onun 9 uşağı və 42 nəvəsi var idi. Bunların əksəriyyəti Avropanın hakim ailələri ilə qohum olurlar. 1888-ci ildə onun nəvəsi Vilhelm Almaniyanın İmperatoru olur. 1894-cü ildə başqa bir nəvəsi Aleks Rusiya imperatriçası (II Nikalayın arvadı), 1905-ci ildə başqa bir nəvəsi Mod Norveqiyanın karaliçası, 1906-cı ildə başqa bir nəvəsi Yevqeniya İspaniyanın karaliçası, 1910-cu ildə nəvəsi V Giorq İngiltərə Kralı olur. 1913 və 1914-cü illərdə onun nəvələri Yunanıstanın və Rumuniyanın karaliçaları olurlar.

 Birinci Dünya müharibəsi başlayanda bu hökmdar qohumlar cəbhənin müxtəlif tərəflərində oldular. Bu zaman V Giorq həm Vilhelmin həm də Nikolayın xalaoğlosu hesab edilirdi.
Belə hesab olunur ki, Kraliça Viktoriyanın bir irsi xəstəliyi özündən sonra gələn, oğlan övladlarına keçirdi və imperator ailələrinin ciddi bir probleminə çevrilmişdi. 
Kraliça Viktoriyanın  övladlarına keçən xəstəliyin adı hemofiliya idi. Bu xəstəlik Avropa monarxiya tarixində o qədər ciddi nəticələr doğurmuşdu ki, tarixdə “Kral xəstəliyi” (The Royal Disease) adı ilə tanınmağa başladı. Maraqlı cəhət budur ki, Kraliça Viktoriya özü xəstə deyildi, lakin xəstəliyin genetik daşıyıcısı idi. Onun qızları vasitəsilə hemofiliya bir neçə Avropa kral ailəsinə, o cümlədən Rusiya, İspaniya və Almaniya sülalələrinə keçmişdi.
Hemofiliya qanın laxtalanma mexanizminin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstənin qanı normal sürətlə laxtalanmadığı üçün qanaxma uzun müddət davam edə, bəzən isə daxili orqanlarda və oynaqlarda təhlükəli qanaxmalar baş verə bilər.
Kraliça Viktoriyanın doqquz övladı var idi. Onlardan üçü xəstəliyin yayılmasında xüsusi əhəmiyyət daşıyırdı. Şahzadə Leopold Viktoriyanın oğlu idi və hemofiliyadan əziyyət çəkirdi. 30 yaşında yıxılma nəticəsində baş vermiş qanaxmadan sonra vəfat etdi. Şahzadə Alisa (Alice) xəstəliyin daşıyıcısı idi. Onun qızı Aleksandra vasitəsilə xəstəlik Rusiya imperator ailəsinə keçdi. Şahzadə Beatris digər daşıyıcı qızı idi. Onun nəsli vasitəsilə hemofiliya İspaniya kral ailəsinə yayıldı. 
Şahzadə Alisanın nəvəsi Aleksandra (Alix) Rusiya imperatoru II Nikolayın həyat yoldaşı oldu. Onların oğlu Aleksey hemofiliyalı idi. Bu, imperator ailəsinin həyatına və Rusiya tarixindəki hadisələrə ciddi təsir göstərdi.
Beatrisin qızı Viktoriya Yevgeniya İspaniya kralı XIII Alfonsun həyat yoldaşı oldu. Onların oğullarından Alfonso və Qonsalo hemofiliyadan əziyyət çəkirdilər.
Viktoriyanın qızı Alisanın nəsli vasitəsilə xəstəlik Almaniya knyaz ailələrinə də keçmişdi. Prussiya şahzadəsi Valdemar bu xəstəliyin son tanınmış Avropa kral nəslindən olan qurbanlarından biri idi.
  Xəstəlik əsasən kişilərdə üzə çıxırdı və bu, hemofiliyanın irsən ötürülmə mexanizmi ilə bağlıdır. II Nikolay və Aleksandranın yeganə oğlan övladı Aleksey hemofiliyalı idi və varisin sağlamlığının daim təhlükə altında olması imperator ailəsini ciddi narahat edirdi.
Bu vəziyyətdə Qriqori Rasputin imperator ailəsinin həyatına daxil oldu. O, Alekseyin qanaxma tutmaları zamanı uşağın vəziyyətinin yaxşılaşmasına nail olduğu təəssüratını yaratmış və imperatoriçanın etimadını qazanmışdı.
Kraliça Viktoriyanın ailəsindəki hemofiliya nümunəsi genetika ilə siyasi tarix arasındakı əlaqənin çox maraqlı nümunəsidir. XIX əsrdə Avropa monarxiyaları arasında nikahlar əsasən siyasi və sülalə maraqları əsasında qurulurdu. Lakin irsi xəstəliklərin nəzərə alınmaması bir neçə sülalənin varislik problemlərinə səbəb oldu.
2013-cü ildə dərc edilmiş elmi araşdırmada Viktoriyanın nəslində 11 təsdiqlənmiş hemofiliya hadisəsi və daha üç ehtimal olunan hadisə qeyd edilir.  Bu gün də Karaliça Viktoriyanın nəticələri beş ölkədə hökmranlıq edirlər. İngiltərədə, Norveçdə, İsveçdə, İspaniya və Danimarkada.

Pərviz Kazimi,

Fəlsəfə doktoru

Vumart və Güvən reklamı Vumart Güvən