Şərab qalmaqalı ilə bağlı şirkət rəhbərindən açıqlama: "Ermənilərdən qalıb" - VİDEO - YENİLƏNİB
"Xankəndi Xindoqnı" markalı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (erməni şərabı) yazılmasına aydınlıq gətirilib.
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı "Gold Alko" MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov oxu.az-a açıqlama verib.
O bildirib ki, sözügedən şərablar Xocalı şəhərindəki keçmiş "Girs" şərab zavodunun istehsalıdır:
"Qarabağda qalmış məhsullar səlahiyyətli qurumlar tərəfindən müvafiq müqavilələrlə rəsmi qaydada şirkətə təhvil verilib".
M.Mahmudovun sözlərinə görə, həmin zavodda ümumilikdə 340 min etiketsiz butulkada şərab qalmışdı. Məhsullar müharibə zamanı ərazidən çıxarıla bilməyib və zavodun anbarlarında saxlanılıb.
Onun sözlərinə görə, Xankəndidən altı növ üzüm şərabı gətirilib və məhsulların hər biri fərqli etiketlərlə satışa çıxarılıb.
M.Mahmudov bildirib ki, "Xankəndi Xindoqnı" adındakı Xindoqnı üzüm sortunun adıdır. O, şirkətin Qaradağ rayonunda şərab zavodunun fəaliyyət göstərdiyini, məhsulların satışa çıxarılması prosesinin qanuni əsaslarla həyata keçirildiyini vurğulayıb.
Şirkətin təqdim etdiyi yazılı açıqlamada da "Xankəndi Xindoqnı", "Xankəndi Bayanşirə", "Xankəndi Şiraz" və "Xankəndi Rozə" markalı şərabların keçmiş "Girs" şərab zavodunun istehsalı olduğu bildirilib:

"Məhsullar Azərbaycan Respublikasının səlahiyyətli qurumları tərəfindən müvafiq müqavilələrlə şirkətə təqdim edilib. Bu barədə məlumatlar şərabların arxa etiketlərində də əks olunub. Məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumu və laboratoriyası tərəfindən yoxlanılıb, tələb olunan norma və standartlara uyğun olduğu müəyyənləşdirildikdən sonra satışa çıxarılıb".
***
Azərbaycan istehsalı olan “Xankəndi Xindoqnı” markalı qırmızı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində “Armenian Wine” (erməni şərabı) yazısı əks olunub.
Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a məlumat daxil olub.
Sözügedən məsələ Azərbaycan şərabının hazırlanmasında erməni məhsullarının istifadəsi ilə bağlı şübhə yaradıb.
Məlumat üçün bildirək ki, xindoqnı Qarabağa məxsus qədim, yerli qırmızı texniki üzüm sortudur. Bu üzümdən əsasən qırmızı şərab istehsalında istifadə olunur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Həmin görüntüləri təqdim edirik:













