Bakıda gecə klubları işlədən Harun Reşit Can necə “hicab cəfakeşi” oldu?

 14:36 11.11.2026     30

Son bir neçə gündür sosial medianın Türkiyə seqmentində Azərbaycanla bağlı növbəti qərəzli videolar paylaşılır. Videoları ilk yayanlar “Türk milleti” adlı “Facebook” səhifəsi, həmçinin “Turk_milletiyiz” və “Türk millətinin gerçək səsi” adlı “Instagram” profilləridir.

Məlum olur ki, adıçəkilən səhifələr xüsusilə ölkəmizdə son dövrlər müzakirə olunan geyim qaydaları və hicab mövzusunu hədəf seçərək cəmiyyətdə süni gərginlik yaratmağa, emosiyalar üzərindən oynamağa çalışırlar. Həmin səhifələrin yaydığı paylaşımları nəzərdən keçirdikdə onların spekulyativ üsullardan istifadə etdiyi açıq görünür. Belə ki, bu platformalarda məktəb qarşısında baş verən müəyyən epizodlar təhrif olunaraq müxtəlif iddialarla tirajlanıb:

“Bakü'de bir yanda kipalı çocuklar sınıfta, öbür yanda tesettürlü çocuk kapı dışarıda...” - dini ayrı-seçkilik təəssüratı yaratmaq üçün məktəblərdəki vəziyyət qütbləşdirilir, sərt və təhqiramiz ifadələrlə oxucularda qəzəb hissi oyadılmağa çalışılır.

“Hicab namustur!” və digər emosional çağırışlar - Abdullah Kalınsazlıoğlu kimi fiqurların sərt çıxışları tirajlanaraq mövzu müzakirə müstəvisindən çıxarılır, həssas dəyərlər vasitəsilə auditoriya birbaşa aqressiyaya sövq edilir.

Kontekstdən çıxarılmış sitatlar - ölkə rəhbərliyinin başqa kontekstdə işlətdiyi fikirlər məktəb qapısında ağlayan uşaqların və narahat valideynlərin görüntüləri ilə süni şəkildə birləşdirilərək süni gərginlik formalaşdırılmağa çalışılır.

Şəhid ailələri və qazilərin duyğularından sui-istifadə - xüsusilə şəhid qızının məktəbə buraxılmadığı iddiası və ya Qarabağ qazisinin dilindən yazılmış dramatik fəryadlar (“Ben bu kolu bunun için mi feda ettim?”) vasitəsilə ən həssas tellərə toxunulur, cəmiyyətdə daxili nifaq salınması hədəflənir.

Göründüyü kimi, sosial medianın türk seqmentindəki bu səhifələr heç də obyektiv məlumat yaymaqla məşğul deyil - əksinə, dini və milli həssaslıqları qızışdırmaq üçün hər üsula əl atırlar.

Redaktor.az xəbər verir ki, faktyoxla.az Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bu hesabları idarə edən şəxsin kimliyini araşdırıb.

“Türk milleti” səhifəsini araşdırmaq çox vaxt aparmadı. Belə ki, bu hesabın “Facebook” profilinin “Haqqımızda” bölməsində [email protected] elektron poçt ünvanı qeyd olunub.

Sözügedən elektron poçt ünvanı Ankara şəhərində fəaliyyət göstərən “Hürnet” internet provayder şirkəti üzərində qeydiyyatdadır və bu provayder artıq bir neçə ildir ki, fəaliyyət göstərmir. 

Bu elektron poçt ünvanının isə “Harun Reşit Can” adlı birinə məxsus olduğu müəyyən edilib.

Bu şəxsin “Linkedİn” hesabında 2009-2016-cı illərdə Bakı Dövlət Universiteti “Mülki mühəndislik” fakültəsində təhsil aldığı yazılıb. Halbuki, Bakı Dövlət Universitetində indiyə kimi elə bir fakültə mövcud olmayıb.

“Youtube” axtarışlarında bu şəxsə aid ola biləcəyi ehtimal edilən iki kanal aşkarlanıb.

Birinci “Youtube” kanalının videolar bölməsində ancaq iş adamı Harun Reşit Canın biznes həyatı haqqında köhnə tarixlərdə yayınlanmış müxtəlif videolar yerləşdirilib. İkinci kanalda isə bir neçə köhnə tarixli video var.

“Qısa videolar” bölməsində paylaşılan bütün videolarda @turk_milletiyiz və #turkmilleti “su nişanları” qeyd olunub.

"Türk millətinin gerçək səsi" adlı “Instagram” səhifəsindəki paylaşımları ilk bəyənənlər arasında “Harun Reşit Can” adlı hesab aşkar etdik.

“Instagram” hesabında bir çox statusun sonunda #harunresitcan həştəqinə və @harunresitcann təqinə rast gəlinir.

“Türk millətinin gerçək səsi” adlı “X” profilinin “Haqqında” bölməsində hesabın qeydiyyatdan keçdiyi yer kimi ABŞ göstərilir. Həmçinin “Turk milleti” adlı “Facebook” hesabında əlaqə nömrəsi kimi  +12012419562 göstərilib ki, bu da ABŞ nömrəsidir.

Əlavə olaraq bildirək ki, “Harun Reşit Can” adına olan “Tiktok” hesabında onun 2024-cü ilin sonlarından etibarən ABŞ-də yaşadığı görünür.

Həmçinin bu şəxsin “X” hesabı da məhz ABŞ-də açılıb.

Harun Reşit Canın “tiktok” hesabında ağır yük maşını sürdüyünə dair videolar yerləşdirilib ki, bu onun “Instagram” hesabında haqqımızda bölməsində paylaşdığı məlumatlarla üst-üstə düşür. Həmin məlumatlarda qeyd olunurdu ki, Harun Reşit Can "HRC transportation LLC (MMC)nin təsisçisidir.

Araşdırma zamanı onun vaxtı ilə Azərbaycanda da bizneslərinin olduğu müəyyənləşdirilib. Belə ki, bu şəxs Bakıda fəaliyyət göstərən bir neçə “gecə klubu”nun ("Hasbi meyhane", "Ufo klub" kimi) sahibi olub.

2023-cü ildə mediada yer alan xəbərlərə görə, bu şəxsin vergi ödəyicisi kimi külli miqdarda borcu yaranıb. Bu səbəbdən onun ölkədən çıxışına bir müddət qadağa qoyulub.

Məlum olur ki, Azərbaycana qarşı bu cür qisas kampaniyası aparanların hərəsinin öz səbəbi var - bəziləri ermənipərəst (Gergerlioğlu kimi), bəziləri erməni mənşəli (Cahit Tuz kimi), bəziləri nurçu və ya İsmailağa təriqətinin üzvləri, digərləri isə “Hizb-ut Tahrir”, “Mazlumder” və “HÜDA PAR” kimi üçüncü ölkələrin maraqlarını təmsil edən şəxslərdir. Hərə bir bəhanə ilə ölkəmizə hücum edir.

Göründüyü kimi, sosial medianın türk seqmentində Azərbaycana qarşı növbəti “hicab həssaslığı” bəhanəsi ilə başladılan kampaniya heç də səmimi dini narahatlıqdan və ya haqq-ədalət mübarizəsindən qaynaqlanmır. Əksinə, məktəb qapılarındakı ayrı-ayrı görüntüləri təhrif edərək, cəmiyyətin ən həssas damarı olan şəhid ailələri və qazilərin adından sui-istifadə etməklə qurulan bu “şou” məqsədli qarayaxma kampaniyasıdır.

Bu manipulyasiyaların arxasında dayanan şəxsin kimliyi - Bakıda gecə klubları işlədən, külli miqdarda vergi borcu səbəbindən ölkədən çıxışına stop qoyulan və hazırda ABŞ-də məskunlaşan Harun Reşit Can faktı məsələnin əsl mahiyyətini ortaya qoyur. Biznes uğursuzluğunun və maliyyə borclarının qisasını ölkəmizdən almağa çalışan bu kimi fərdlər uydurma bəhanələrlə ictimai rəyi yanıltmağa çalışırlar.

Beləliklə, saxta “hicab cəfakeşliyi” pərdəsi altında gizlənən şəxsi maraqlar və maliyyə qisasçılığı növbəti dəfə ifşa edilmiş oldu.

Vumart və Güvən reklamı Vumart Güvən