Xalqın iradəsindən doğan ali hüquqi sənəd...
Konstitusiya – dövlətin hüquqi dayağı, xalqın iradəsinin və milli suverenliyin təcəssümüdür.
Konstitusiya hər bir müstəqil dövlətin siyasi-hüquqi sisteminin əsasını təşkil edən, dövlət hakimiyyətinin fəaliyyət prinsiplərini, cəmiyyətin inkişaf istiqamətlərini, insan və vətəndaş hüquq və azadlıqlarının təminat mexanizmlərini müəyyənləşdirən ali hüquqi sənəddir. Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələ təşkil edən 12 Noyabr – Konstitusiya Günü də milli müstəqilliyimizin hüquqi əsaslarının formalaşmasını və möhkəmlənməsini simvolizə edən əlamətdar tarixdir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu hadisə ölkəmizin siyasi və hüquqi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Konstitusiyanın qəbul edilməsi ilə müstəqil dövlətin hüquqi təməli formalaşdırıldı, dövlət hakimiyyətinin təşkili, fəaliyyət prinsipləri və vətəndaşlarla dövlət arasındakı münasibətlərin əsasları müəyyən olundu. Beləliklə, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda mühüm tarixi nailiyyət əldə etdi.

Konstitusiyamızın əsas mahiyyətini insan amilinə verilən yüksək dəyər təşkil edir. Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunmuşdur. Yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, təhsil, əmək, mülkiyyət, söz və fikir azadlığı, vicdan azadlığı kimi fundamental hüquqların hüquqi təminatının yaradılması demokratik cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu müddəalar bir daha təsdiq edir ki, hüquqi dövlətin başlıca vəzifəsi insan ləyaqətinin qorunması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və ədalətli ictimai münasibətlərin formalaşdırılmasıdır.
Konstitusiyanın mühüm prinsiplərindən biri xalq hakimiyyətidir. Əsas Qanuna görə, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu prinsip xalqın dövlət idarəçiliyində iştirakının, demokratik seçki sisteminin və hakimiyyətin legitimliyinin hüquqi əsasını təşkil edir. Dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsi isə idarəçilik sistemində tarazlığın qorunmasına, səlahiyyətlərin müəyyənləşdirilməsinə və qanunun aliliyinin təmin olunmasına xidmət edir.
Konstitusiya həm də milli müstəqilliyimizin, dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün hüquqi təminatıdır. Onun müddəaları Azərbaycan dövlətinin müstəqil siyasət yürütmək, milli maraqlarını qorumaq və beynəlxalq münasibətlər sistemində suveren subyekt kimi çıxış etmək hüququnu təsbit edir. Bu baxımdan Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik əzminin ifadəsidir.
Konstitusiyanın gücü yalnız onun müddəalarında deyil, həmin müddəaların gündəlik həyatda necə tətbiq olunmasında, qanunun aliliyinin təmin edilməsində və vətəndaşların hüquqi şüurunun yüksəldilməsində özünü göstərir. Hər bir vətəndaşın öz hüquqlarını bilməsi, vəzifələrini məsuliyyətlə yerinə yetirməsi, qanunlara hörmətlə yanaşması hüquqi cəmiyyətin formalaşmasının vacib şərtlərindəndir. Konstitusiyaya hörmət əslində dövlətə, xalqa, milli dəyərlərə və müstəqilliyə hörmət deməkdir.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri













