"Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir"

 10:44 12.11.2026     42

12 noyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edildiyi gün kimi yadda qalıb. Konstitusiyanın qəbul edilməsi ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olub. Bu mühüm tarixi hadisə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında yeni dövlət quruculuğu vəzifələri dayanırdı. Müstəqil dövlətin idarə olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, qanunların aliliyinin təmin edilməsi üçün milli maraqlara uyğun yeni Konstitusiyanın hazırlanması vacib idi. Həmin dövrdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət bu prosesi daha da çətinləşdirirdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyin bərpası və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Onun rəhbərliyi ilə müstəqil Azərbaycanın hüquqi əsaslarının yaradılması istiqamətində geniş işlərə başlanıldı. Bu işlərin ən mühüm nəticələrindən biri yeni Konstitusiyanın hazırlanması oldu.

Ulu Öndərin sədrliyi ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən hazırlanan layihə geniş ictimai müzakirəyə çıxarıldı. Xalqın fikir və təklifləri nəzərə alınaraq son forması müəyyənləşdirildi. Nəhayət, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi – referendum nəticəsində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Sənəd noyabrın 27-də qüvvəyə mindi.

Konstitusiyanın qəbulu yalnız yeni hüquqi sənədin təsdiqi deyildi. Bu, Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişaf yolunun müəyyənləşdirilməsi demək idi. Əsas Qanun ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət olduğunu təsdiqlədi. İnsan hüquq və azadlıqlarının qorunması, vətəndaşların qanun qarşısında bərabərliyi, mülkiyyət hüququ, söz və fikir azadlığı kimi mühüm prinsipləri təsbit etdi. Eyni zamanda, dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsinin hüquqi əsaslarını yaratdı.

2025-ci il Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5-ci ildönümü ilə əlaqədar xüsusi məna daşıyır.

Prezident İlham Əliyevin bu mühüm qərarı ölkəmizin dövlətçilik tarixində Konstitusiyanın və milli suverenliyin əhəmiyyətini bir daha ön plana çıxardı. Sərəncamda qeyd olunduğu kimi, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi ölkəmizin bütün ərazilərində təmin olundu.

Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir. Ulu Öndər müstəqil Azərbaycanın möhkəm təməllərini yaratmış, Prezident cənab İlham Əliyev isə bu siyasi kursu yeni dövrün tələblərinə uyğun davam etdirərək ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olmuşdur. Bu gün Azərbaycan regionun güclü, müstəqil və öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətlərindən biridir.

Konstitusiya yalnız dövlətin idarə olunmasını müəyyən edən sənəd deyil. O, həm də hər bir vətəndaşın hüquqlarının təminatıdır. Hər birimiz Konstitusiyaya hörmət etməli, qanunlara əməl etməli və dövlətimizin inkişafına öz töhfəmizi verməliyik. Çünki güclü dövlətin əsasını qanunun aliliyi, milli birlik və vətəndaş məsuliyyəti təşkil edir.

12 noyabr – Konstitusiya Günü münasibətilə qeyd etməliyik ki, bu mühüm sənədin qəbulunda Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri heç vaxt unudulmayacaq. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi isə dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.

Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, suverenliyimiz dövlətçiliyimizin ən böyük sərvətidir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən