Xankəndidə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytının təqdimatı oldu - FOTO
Noyabrın 12-də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytının təqdimatı olub.
Redaktor.az xəbər verir ki, xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı “Xankəndinin yeni informasiya ünvanı – dövlətçilik, şəffaflıq və Böyük Qayıdışın rəqəmsal salnaməsi” olan https://xankendi-phs.gov.az/ internet saytının məhz Konstitusiya Günündə təqdim edilməsinin qürurverici olduğunu, xüsusi əhəmiyyət daşıdığını bildirib.
O, yeni rəqəmsal platformanın dövlət qurumunun fəaliyyətinin daha geniş ictimaiyyətə çatdırılması, informasiya əlçatanlığının təmin edilməsi və vətəndaşlarla kommunikasiyanın gücləndirilməsi baxımından mühüm rol oynayacağını qeyd edib. A.Telmanqızının sözlərinə görə, rəqəmsal transformasiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə rəsmi internet saytları dövlət qurumlarının fəaliyyətində mühüm kommunikasiya platformasıdır. Yeni internet resursu vasitəsilə vətəndaşlar qurumun fəaliyyəti, həyata keçirilən layihələr, qəbul edilən qərarlar, yeniliklər və ictimai əhəmiyyətli məlumatlarla operativ şəkildə tanış ola biləcəklər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, https://xankendi-phs.gov.az/ internet saytında Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarının tarixi, coğrafiyası, mədəniyyəti, tarixi abidələri, gəzməli-görməli yerləri, tanınmış şəxsiyyətləri və qəhrəman şəhidləri haqqında məlumatlar, eləcə də bu ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, baş verən yeniliklər barədə operativ xəbərlər yerləşdiriləcək.
İndiyədək ictimaiyyətə məlumatlar Azad Xankəndi “Facebook” səhifəsi, “Instagram”, “X” və “YouTube” platformaları vasitəsilə çatdırılıb. Yeni internet resursunun istifadəyə verilməsi ilə bu fəaliyyət daha geniş informasiya platformasında davam etdiriləcək.Saytdakı bölmələr vasitəsilə gündəlik fəaliyyət, rəsmi məlumatlar, köç prosesi, yaşayış məntəqələri, sakinlərin həyatı, infrastruktur və sosial-iqtisadi layihələr, görülən işlərin vizual təqdimatı, mətbuat üçün məlumat və açıqlamalar ictimaiyyətə təqdim olunacaq. Yeni internet resursu dövlət-vətəndaş münasibətlərinin inkişafına, ictimai məlumatlandırmanın genişləndirilməsinə və qurumun fəaliyyətinin daha dolğun işıqlandırılmasına mühüm töhfə verəcək.























