"Azərbaycançılıq ideologiyası daha çox təbliğ olunmalıdır" - Vüqar Zifəroğlu
Azərbaycançılıq ideologiyası daha çox təbliğ olunmalıdır.
Redaktor.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu "Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları" mövzusunda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, cəmiyyət müasir dövrdə informasiya müharibəsi və ya manipulyasiyası kimi bir sıra ciddi problemlərlə üz-üzədir:
"Eyni zamanda, informasiya müharibəsində əsas hədəflərdən biri də ideoloji hədəflərdir. Azərbaycançılıq ideologiyası bu mənada bizim yalnız öz milli-mənəvi dəyərlərimizi və dövlətçilik ənənələrimizi qorumaq baxımından yox, həm də informasiya müharibəsində, yeni dövrün çağırışlarında bu ideologiyanın ətrafında daha sıx birləşməyimiz baxımından əhəmiyyətlidir. Bu ideologiyanın bizə öyrətdiyi təməl prinsiplərdən irəli gələrək mövcud manipulyasiyaların, bizə qarşı olan informasiya müharibəsinin modellərinin qarşısını ala bilək".
V.Zifəroğlu vurğulayıb ki, Azərbaycançılıq ideologiyası milli dövlətçiliyin təməl prinsipidir:
"Bu mənada, məhz həmin ideologiyadan irəli gələn çağırışlar, həmçinin bizim bu gün bəzi hallarda üz-üzə qaldığımız informasiya müharibəsinə və media manipulyasiyasına qarşı mübarizəmizdə və həmçinin cəmiyyətimizin bu problemlərə qarşı özünəməxsus instinktinin formalaşmasında olduqca önəmli rol oynayır".
Mətbuat Şurasının sədri əlavə edib ki, Azərbaycançılıq ideologiyasının təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi hazırda medianın gündəmdə saxlamalı olduğu əsas mövzular sırasındadır:
"Faktiki olaraq görürük ki, sosial mediada baş verənlər, eyni zamanda, son bir ayda müxtəlif mövzularda manipulyasiyalar və Azərbaycana qarşı aparılan çirkin kampaniyalar bizi jurnalist olaraq bu məsələlərdə olduqca həssas davranmağa məcbur edir".













