Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti DAYANDIRILDI
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyəti dayandırlıb.
Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyini əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.
Pasiyentlərə göstərilən xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində təşkili nəzərdə tutulur.
Bu çərçivədə pasiyentlərin tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndirilməsi təmin ediləcək.
Həyata keçirilən tədbirlərin əsas məqsədi pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda əhaliyə göstərilən tibbi xidmətlərin davamlılığının qorunmasıdır.













