“Rəqəmsal Media Ayı” çərçivəsində şəbəkələşmə görüşü keçirilib - FOTO
Media və Yayım Şurasının təşəbbüsü ilə keçirilən “Rəqəmsal Media Ayı” çərçivəsində jurnalist və bloger Bikəxanım Məmmədli ilə şəbəkələşmə görüşü təşkil olunub.
Redaktor.az xəbər verir ki, görüş zamanı Bikəxanım Məmmədli rəqəmsal platformalar üçün yaradıcı məzmunun hazırlanması, şəxsi brendin formalaşdırılması və auditoriya ilə effektiv kommunikasiyanın qurulmasına dair fikirlərini bölüşüb. O, həmçinin sosial media sahəsində müasir tendensiyalardan bəhs edərək auditoriyanın maraqlarına uyğun məzmun strategiyalarının hazırlanmasında kreativ yanaşmanın, autentikliyin və ardıcıl fəaliyyətin əhəmiyyətini vurğulayıb.
İnteraktiv formatda təşkil olunan görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sosial media sahəsində mövcud imkanlar, yeni trendlər və məzmun yaradıcılığında praktiki yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramlarının, praktiki təlimlərin, seminarların, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur. Proqram çərçivəsində rəqəmsal media trendləri, sosial media platformalarının fəaliyyət prinsipləri, məzmun strategiyalarının hazırlanması, Sİ texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi aktual mövzulara xüsusi diqqət yetiriləcək.




















