“Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ“

 17:35 14.11.2026     76

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, nüfuzunun artmasına və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi, milli maraqlara əsaslanan siyasi kursun ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin xarici siyasət uğurlarının mühüm göstəricilərindəndir. Bu baxımdan Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır.

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin tarixində mühüm hadisə olmaqla, əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.

Bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq, qarşılıqlı etimad və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi əhəmiyyətə malikdir. Bəyannamə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün geniş imkanlar yaradır. Eyni zamanda, sənəd iki ölkənin dəyişən beynəlxalq şəraitdə ortaq maraqlar əsasında fəaliyyətini gücləndirmək niyyətini ifadə edir.

Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik, enerji, nəqliyyat, yaşıl iqtisadiyyat, təhsil, elm, innovasiya və rəqəmsal inkişaf kimi mühüm sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Xüsusilə enerji təhlükəsizliyi və bərpaolunan enerji sahəsində tərəfdaşlığın inkişafı, Azərbaycanın tranzit və logistika imkanlarından daha səmərəli istifadə olunması, Orta Dəhlizin əhəmiyyətinin artırılması qarşılıqlı maraq doğuran əsas istiqamətlərdəndir. Bu sahələr üzrə əməkdaşlığın dərinləşməsi yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, eyni zamanda, daha geniş regional və beynəlxalq iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi münasibətlərin əsas istiqamətlərindən birini enerji sektoru təşkil edir. Böyük Britaniya şirkətlərinin ölkəmizin enerji sektorunda uzunmüddətli fəaliyyəti və həyata keçirilən birgə layihələr qarşılıqlı əməkdaşlığın uğurlu nümunəsidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə, enerji resurslarının beynəlxalq bazarlara etibarlı şəkildə çatdırılmasındakı rolu ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Yeni Bəyannamə mövcud əlaqələrin inkişaf etdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların cəlb olunması, eləcə də yeni biznes və tərəfdaşlıq imkanlarının yaradılması baxımından mühüm perspektivlər açır.

Sənəddə beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, regional sülh və sabitliyin dəstəklənməsi məsələlərinin əks olunması da xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində daim müdafiə etdiyi fundamental prinsiplərlə uzlaşır. Ölkəmizin regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına yönəlmiş təşəbbüsləri onun beynəlxalq nüfuzunu və məsuliyyətli tərəfdaş mövqeyini daha da möhkəmləndirir.

Azərbaycan–Böyük Britaniya münasibətlərinin yeni strateji mərhələyə qədəm qoyması ölkəmizin balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasətinin növbəti uğurlu nəticəsidir. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki dövlət arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da dərinləşməsinə, yeni əməkdaşlıq imkanlarının reallaşdırılmasına və uzunmüddətli tərəfdaşlıq hədəflərinin müəyyənləşdirilməsinə mühüm zəmin yaradır. Bu sənəd bir daha təsdiq edir ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda fəal iştirak edən, etibarlı tərəfdaş kimi tanınan və regional proseslərə mühüm töhfə verən dövlət olaraq öz mövqeyini ardıcıl şəkildə gücləndirir.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Vumart və Güvən reklamı Vumart Güvən