Ağstafada baş vermiş sursat partlayışına Ombudsmanın REAKSİYASI

 10:31 16.11.2026     86

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağstafa rayonunda baş vermiş və insan itkisi ilə nəticələnən partlamamış hərbi sursat partlayışına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Ombudsman mina və partlamamış hərbi sursat təhlükəsinin ölkəmizdə insanların həyat və sağlamlığı üçün ciddi təhdid olaraq qaldığını, xüsusilə yaşamaq hüququnun pozulmasına səbəb olduğunu vurğulayıb.

Səbinə Əliyeva bu problemin eyni zamanda ağır ekoloji fəlakət yaratdığını diqqətə çatdırıb: "Bu problem təkcə insan həyatına təhdid deyil, həm də sağlam ətraf mühitdə yaşamaq hüququnu pozan ağır ekoloji fəlakətdir. Mina və hərbi sursat partlayışları, torpaq altında uzun müddət qalan partlayıcı maddələr kimyəvi zəhərlənmə yaradır. Bu proses münbit torpaq qatını sıradan çıxarır və yeraltı su hövzələrini çirkləndirir".

Ombudsman Ağstafa rayonunun Ceyrançöl ərazisində baş vermiş hadisə nəticəsində bir nəfərin (R. İbrahimov) həlak olması, digərinin (S. Əmrahov) isə ağır xəsarət almasının dərin təəssüf və narahatlıq doğurduğunu qeyd edib.

"COP31 kimi qlobal əhəmiyyətli iqlim tədbirinin keçirildiyi, dünyanın təhlükəsiz və dayanıqlı gələcək naminə təşəbbüslərini birləşdirdiyi bir dövrdə Azərbaycanda bu cür faciənin baş verməsi beynəlxalq ictimaiyyətin diqqətini mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükəyə bir daha yönəltməlidir", - deyə bəyanatda bildirilib.

Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti və aidiyyəti təşkilatları bu problemin aradan qaldırılması, humanitar minatəmizləmə fəaliyyətinə dəstəyin gücləndirilməsi və insanların təhlükəsiz yaşamaq hüququnun təmin olunması istiqamətində səylərini artırmağa çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən