Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycana nə qazandıracaq?
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb, 1992-ci il martın 11-də isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Həmin dövrdən etibarən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr davamlı şəkildə genişlənib.
İkitərəfli münasibətlərin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Böyük Britaniya şirkətləri Azərbaycanın neft və qaz sektorunda mühüm rol oynayır. Xüsusilə, BP şirkətinin ölkəmizdə uzunmüddətli fəaliyyəti bu əməkdaşlığın uğurlu nümunəsidir. Azərbaycan özünün zəngin enerji resursları və əlverişli coğrafi mövqeyi ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bununla yanaşı, ticarət, investisiya, nəqliyyat, logistika, təhsil, elm və texnologiya sahələrində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin inkişafında mühüm hadisələrdən biri Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasıdır. Bu sənəd iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsini və əlaqələrin daha geniş sahələri əhatə etməsini nəzərdə tutur. Bəyannamə mövcud siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın artırılması və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən edilib. Tərəflər müdafiə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinə, təhlükəsizlik məsələlərində əməkdaşlığın gücləndirilməsinə və regional sabitliyin dəstəklənməsinə önəm verirlər. İqtisadi sahədə qarşılıqlı ticarətin artırılması, yeni investisiyaların cəlb edilməsi, yaşıl enerji, nəqliyyat və infrastruktur layihələrinin inkişafı əsas prioritetlərdəndir. Xüsusilə, Azərbaycanın Orta Dəhlizin inkişafındakı rolu Böyük Britaniya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Sənəddə təhsil, elm, rəqəmsallaşma və müasir texnologiyalar sahəsində əlaqələrin genişləndirilməsi də nəzərdə tutulur. Süni intellekt, innovasiya və elmi tədqiqatlar üzrə təcrübə mübadiləsi, tələbə və mütəxəssis əlaqələrinin inkişafı bu sahədə əməkdaşlığın mühüm hissəsidir. Həmçinin, tərəflər strateji tərəfdaşlığın davamlı inkişafını təmin etmək məqsədilə müntəzəm görüşlərin keçirilməsinə xüsusi əhəmiyyət verirlər.
Ümumilikdə, Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi və iqtisadi zəmin yaradır. Bu sənəd
əməkdaşlığın ənənəvi sahələrlə yanaşı, yeni və perspektivli istiqamətlərdə də genişlənməsinə xidmət edir. Qarşılıqlı maraqlara, etimada və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əlaqələr həm Azərbaycan, həm də Böyük Britaniya üçün yeni imkanlar açır. Bu baxımdan, strateji tərəfdaşlığın möhkəmləndirilməsi iki ölkənin uzunmüddətli maraqlarına və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini













