QHT innovativ sahibkarlıq üzrə layihənin icrasını davam etdirir

 16:27 17.11.2026     34

“Gənclik və maarifçilik” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tələbələrlə innovativ sahibkarlıq üzrə təlimlərin təşkili” layihəsinin icrasını davam etdirir.

Redaktor.az xəbərverir ki, layihənin əsas məqsədi universitet tələbələrinin innovativ sahibkarlıq sahəsində bilik və bacarıqlarını artırmaq, onların startap təşəbbüslərini stimullaşdırmaq, yaradıcı və innovativ ideyalarının reallaşdırılmasına dəstək vermək, eləcə də gənclərin innovasiya ekosisteminə inteqrasiyasını təşviq etməkdir.

Layihə çərçivəsində tələbələr üçün təlimlərin, seminarların, mentorluq sessiyalarının və startap ideyalarının hazırlanmasına dair praktiki məşğələlərin təşkili nəzərdə tutulur. Tədbirlər zamanı iştirakçılara innovativ sahibkarlığın əsas prinsipləri, biznes ideyalarının formalaşdırılması, startapların yaradılması və inkişaf etdirilməsi istiqamətində zəruri bilik və bacarıqlar aşılanacaq.

Hazırda layihənin icrası üçün zəruri təşkilati və metodiki resursların hazırlanması başa çatdırılmış, ali təhsil müəssisələri ilə müvafiq müzakirələr və danışıqlar aparılmışdır. Layihə çərçivəsində keçiriləcək tədbirlərin əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrinin iştirakı ilə təşkili nəzərdə tutulur.

Layihənin hədəf qrupunu ali təhsil müəssisələrinin tələbələri, magistrantlar və sahibkarlığa maraq göstərən digər gənclər təşkil edir. Ümumilikdə, layihə çərçivəsində 100 nəfərin iştirakı planlaşdırılır.

Üç ay müddətində həyata keçiriləcək layihənin əsas hədəfi gənclərin sahibkarlıq düşüncəsinin inkişafına, innovativ təşəbbüslərinin dəstəklənməsinə və onların gələcəkdə uğurlu startap layihələri ilə çıxış etmələrinə töhfə verməkdir.

Vumart və Güvən reklamı Vumart Güvən