Ağdam – Qafqazın xirosiması: Faciədən dirçəlişə uzanan yol

 12:06 18.11.2026     42

Ağdam - Bir zamanlar Qarabağın ən gözəl, abad və inkişaf etmiş şəhərlərindən biri olan bu yurdun adı bu gün həm böyük faciəni, həm də yenidən doğuluşu xatırladır. Təsadüfi deyil ki, Ağdam işğal dövründə “Qafqazın Xirosiması” adlandırılıb. Bu ifadə şəhərin məruz qaldığı dəhşətli dağıntıların miqyasını əks etdirir.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam uzun illər düşmən tapdağı altında qaldı. Şəhərin yaşayış evləri, məktəbləri, xəstəxanaları, mədəniyyət ocaqları və tarixi abidələri dağıdıldı. Bir vaxtlar minlərlə insanın yaşadığı, həyatın qaynayıb-qarışdığı şəhər xarabalığa çevrildi. Ağdamın məşhur Cümə məscidi, İmarət kompleksi və digər tarixi abidələri də vandalizmə məruz qaldı.

İşğal nəticəsində minlərlə ağdamlı doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Lakin onlar öz torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədilər. Ağdam yaddaşlarda, xatirələrdə və ürəklərdə yaşamağa davam etdi.

2020-ci il noyabrın 20-də Azərbaycan xalqının tarixi Qələbəsi nəticəsində Ağdam rayonu işğaldan azad edildi. Bu tarix Ağdamın həyatında yeni bir dövrün başlanğıcı oldu. Vətən müharibəsində qazanılan Zəfər və imzalanmış üçtərəfli bəyanat əsasında şəhər Azərbaycana qaytarıldı.  Noyabrın 23-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər etdilər. Dövlət başçısının dağıdılmış şəhərə səfəri Ağdamın yenidən qurulacağına və burada həyatın bərpa ediləcəyinə verilən mühüm mesaj idi. 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü kimi təsis edildi.

2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama növbəti səfəri zamanı şəhərin bərpasının təməl daşını qoydu. Həmin gün ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, 1 nömrəli məktəbin və Bərdə-Ağdam avtomobil yolunun da təməli qoyuldu. Bununla Ağdamda genişmiqyaslı quruculuq işlərinin əsası yaradıldı.

Sonrakı illərdə dövlət başçısının Ağdama çoxsaylı səfərləri həyata keçirildi. 2022-ci ildə yeni yaşayış məhəllələrinin, xəstəxananın, dəmir yolu və avtovağzal kompleksinin, kəndlərin və digər mühüm obyektlərin təməli qoyuldu. 2023-cü ildə yaşayış komplekslərinin, Mərkəzi parkın və kəndlərin quruculuq işləri davam etdirildi. 2024-cü ildə isə İmarət Kompleksinin bərpadan sonra açılışı, “İmarət” stadionunun təməlqoyma mərasimi və yeni istehsal müəssisələrinin açılışı Ağdamın inkişafında mühüm hadisələr oldu.

2025 və 2026-cı illərdə də Prezident İlham Əliyevin Ağdama səfərləri davam etdi. Şəhərdə və kəndlərdə yeni yaşayış məntəqələri istifadəyə verildi, məktəblər, uşaq bağçaları, nəqliyyat və istehsal müəssisələri açıldı. Ağdam Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması, Muğam Mərkəzinin, Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi şəhərin sosial-iqtisadi inkişafına mühüm töhfə verdi. Bu səfərlər dövlətin Ağdamın dirçəlişinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Azadlıqdan sonra qarşıda duran ən çətin vəzifələrdən biri də ərazilərin minalardan təmizlənməsi oldu. İşğal dövründə torpaqların minalarla çirkləndirilməsi insanların həyatına ciddi təhlükə yaradır. Bu gün şəhərdə və ətraf kəndlərdə minatəmizləmə işləri davam etdirilir. Təhlükəsiz yaşayışın təmin olunması və insanların doğma yurdlarına qayıtması üçün bu işlər xüsusi əhəmiyyət daşıyır.

Ağdamın dirçəlişində ən mühüm hadisələrdən biri Böyük Qayıdış prosesidir. 2025-ci ildə Ağdam şəhərinə və rayonun kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı genişləndi. Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində sakinlərin doğma evlərinə qayıtması, yeni yaşayış məntəqələrinin istifadəyə verilməsi bu prosesin mühüm mərhələləridir. Uzun illər yurd həsrəti ilə yaşayan ailələr yenidən öz evlərinə qovuşurlar. Bu gün Ağdamda həyat canlanır, uşaqlar məktəbə gedir, yeni ailələr qurulur.

Ağdamın yenidən qurulması yalnız binaların bərpası demək deyil. Bu, həm də tarixi yaddaşın, milli-mənəvi dəyərlərin və iqtisadi həyatın bərpasıdır. Bir zamanlar xarabalığa çevrilmiş şəhərin bu gün müasir yaşayış məkanına çevrilməsi Azərbaycan xalqının iradəsinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfərin və dövlətimizin quruculuq əzminin nəticəsidir.

20 Noyabr Ağdam üçün sadəcə təqvim günü deyil. Bu tarix azadlığın, qayıdışın, ümidin və yenidən doğuluşun rəmzidir.

Dünən “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün quruculuğun, inkişafın və Böyük Qayıdışın ünvanına çevrilir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən