Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi...

 11:29 19.11.2026     41

21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirildiyi tarix Azərbaycan siyasi tarixində mühüm yer tutur. Bu tarix yalnız yeni bir siyasi partiyanın yaranması deyil, həm də ölkənin gələcək inkişaf yolunun müəyyənləşməsi baxımından əlamətdar hadisədir.

1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi. Ölkədə qeyri-sabitlik hökm sürür, dövlət müstəqilliyimiz ciddi təhlükələrlə qarşılaşırdı. Belə bir çətin dövrdə 91 nəfər tanınmış ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciəti yeni siyasi qüvvənin yaradılması zərurətini ortaya qoydu. Bu çağırış xalqın sabitliyə, güclü dövlətə və peşəkar rəhbərliyə olan ehtiyacını ifadə edirdi.

Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfər nümayəndənin iştirak etdiyi konfransda partiyanın Proqramı və Nizamnaməsi qəbul olundu. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, Azərbaycan siyasi həyatında yeni bir mərhələnin əsası qoyuldu.

YAP qısa müddətdə xalqın dəstəyini qazandı və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin bərpasında və müstəqilliyimizin möhkəmləndirilməsində mühüm rol oynadı. Həmin dövrdən etibarən ölkədə geniş islahatlara başlanıldı, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi üçün əsas yaradıldı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP yalnız siyasi təşkilat kimi deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən böyük ictimai qüvvə kimi formalaşdı. Partiyanın əsas fəaliyyət istiqamətləri dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, sabitliyin və inkişafın təmin edilməsi oldu.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun davam etdirdi. Ölkənin sürətli inkişafı, iqtisadi gücünün artması, beynəlxalq nüfuzunun yüksəlməsi və genişmiqyaslı quruculuq işləri bu dövrün əsas xüsusiyyətlərinə çevrildi. Partiyanın təşkilati fəaliyyəti də genişləndi, gənclərin və qadınların ictimai-siyasi həyatda iştirakı daha da artdı.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın müasir tarixində yeni səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsi xalqımızın milli birliyini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında isə ölkəmizin suverenliyi tam bərpa olundu. Bu tarixi hadisələr Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı oldu.

2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi partiyanın siyasi həyatında növbəti mühüm hadisə oldu. Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra təşkil olunan ilk YAP qurultayı kimi xüsusi əhəmiyyət daşıdı.

Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxış edərək partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolunu və qarşıda duran əsas vəzifələri diqqətə çatdırdı. Tədbirdə partiyanın ötən dövr ərzindəki fəaliyyəti müzakirə olundu, hesabatlar dinlənildi və təşkilati məsələlərə baxıldı. Qurultayda qəbul edilən qərarlar YAP-ın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

VIII Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi mühüm fikirlərdən biri də Yeni Azərbaycan Partiyasının regional siyasi mövqeyi ilə bağlı oldu. Dövlət başçısı bildirdi: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”. Bu fikir partiyanın 34 illik inkişaf yolunun, geniş təşkilati strukturunun və ictimai-siyasi həyatdakı mövqeyinin ifadəsidir. Bu gün YAP ölkənin bütün bölgələrində fəaliyyət göstərən təşkilatları, çoxsaylı üzvləri və müxtəlif sosial qrupları əhatə edən fəaliyyəti ilə regionun siyasi həyatında mühüm yer tutur.

Bu gün Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik siyasi təşkilatdır. Partiya dövlət siyasətinin həyata keçirilməsində, ictimai həmrəyliyin gücləndirilməsində, gənclərin siyasi və ictimai fəallığının artırılmasında fəaliyyətini davam etdirir.

Yeni Azərbaycan Partiyası 34 illik tarixi yolu ilə Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələlərinə şahidlik edib və bu proseslərdə fəal iştirak edib. Partiyanın keçdiyi yol dövlətçilik ənənələrinə, milli maraqlara və siyasi varisliyə əsaslanır.

Yeni Azərbaycan Partiyası dünənin təcrübəsini, bu günün reallıqlarını və sabahın hədəflərini birləşdirən siyasi qüvvədir!

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən