“Dünya misli görünməmiş kiberdəyişikliklərin başlanğıcındadır” - DTX-nin rəis müavini

 11:37 19.11.2026     28

“Ən müasir hücumlar sərhədləri, yoxsa serverləri keçəcək?! Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır”.

Redaktor.az xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Həsən Mansurov Kiberdiplomatiya üzrə ll Beynəlxalq Konfransda bildirib.

O qeyd edib ki, Beynəlxalq münasibətlərdə güc ənənəvi olaraq hərbi, iqtisadi və siyasi imkanlarla müəyyən edilirdi: “İndi isə həmin amillərlə yanaşı, informasiya resurslarına nəzarət, texnoloji potensial, rəqəmsal infrastrukturun dayanıqlılığı və kiberməkanda milli maraqların müdafiəsi də strateji əhəmiyyət daşıyır.

Son illərdə ölkələrin enerji infrastrukturları iri miqyaslı kiberhücumlarla üzləşir. Kiber və texnoloji imkanlar geosiyasi təzyiq vasitəsinə, geosiyasi motivli kiberhücumlar isə adi statistikaya çevrilib. Beynəlxalq sorğu hesabatlarına görə, təşkilatların 64 faizi geosiyasi motivli kiberhücumları öz risk strategiyalarında nəzərə alır.

Süni intellekt texnologiyalarına, böyük hesablama resurslarına və məlumat infrastrukturlarına çıxışı məhdud olan dövlətlər xarici texnoloji platformalardan daha çox asılı vəziyyətə düşə bilərlər.  Real seçim etibarlı qlobal tərəfdaşlıq mexanizmlərinin yaradılmasıdır”.

H.Mansurov vurğulayıb ki, hazırda həm BMT-nin, həm də Avropa Şurasının kibercinayətkarlığa qarşı konvensiyalarını ratifikasiya etmiş yeganə dövlət Azərbaycandır: “Azərbaycanın körpü diplomatiyası təcrübəsi dünyada unikal istinad mənbəyinə çevrilib və bu, kiberdiplomatiyanı da əhatə edir”.

Qeyd edək ki, Bakı “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” (International Conference on Cyber Diplomacy Azerbaijan 2026: Power and Influence in the Age of AI) adlı yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi edir.

Vumart və Güvən reklamı Vumart Güvən