"CityNet TV" abunəçilərinə bəd xəbər: İki məşhur idman kanalının yayımı dayandırıldı

 20:01 20.11.2026     43

Bir sıra nüfuzlu beynəlxalq idman yarışlarının yayım hüquqlarının sahibi, o cümlədən "Setanta Sports 1" və "Setanta Sports 2" idman kanallarının Azərbaycandakı rəsmi təmsilçisi olan "ADRESCON" MMC yayımın dayandırılması ilə bağlı rəsmi press-reliz yayıb.  

Redaktor.az şirkətin yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, "Uninet" MMC-yə məxsus "CityNet TV" və digər televiziya operatorlarının şəbəkələrində sözügedən idman kanallarının və idman yarışlarının yayımı 2026-cı il noyabrın 16-dan etibarən müqavilə şərtlərinə uyğun olaraq dayandırılıb.  

Bəyanatda qeyd olunur ki, hazırda "Setanta Sports 1" və "Setanta Sports 2" kanalları, eləcə də yayım hüquqları "ADRESCON" MMC-yə məxsus digər idman yarışları "Uninet" MMC-yə aid televiziya operatorlarının şəbəkələrində yayımlanmır. Bununla belə, şirkət ilə müvafiq müqaviləsi qüvvədə olan digər televiziya operatorlarının şəbəkələrində bu kanalların yayımı adi qaydada davam etdirilir.  

"ADRESCON" MMC abunəçilərin düzgün məlumatlandırılması və yarana biləcək anlaşılmazlıqların qarşısının alınması məqsədilə bəyan edib ki, sözügedən kanalların "Uninet" MMC-yə məxsus operatorların şəbəkələrində yayımının bərpası ilə bağlı hər hansı yenilik olacağı təqdirdə ictimaiyyətə əlavə rəsmi məlumat təqdim ediləcək. 

 

Vumart və Güvən reklamı Vumart Güvən