Azərbaycan–Vyetnam münasibətlərində yeni əməkdaşlıq perspektivləri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin, siyasi dialoqun və strateji tərəfdaşlığın mahiyyətini əks etdirən mühüm hadisə kimi diqqəti cəlb edir. Müsahibədə dövlət başçısı Azərbaycan–Vyetnam əlaqələrinin tarixi köklərinə toxunaraq, ikitərəfli münasibətlərin mövcud vəziyyəti, iqtisadi-ticarət əməkdaşlığının inkişafı, humanitar və mədəni əlaqələr, eləcə də gələcək tərəfdaşlıq perspektivləri barədə ətraflı fikirlərini bölüşmüşdür.
Dövlət başçısı qeyd etmişdir ki, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olmuşdur. Səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəltmiş, enerji, investisiya, müdafiə və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Bakı və Hanoy arasında siyasi dialoq bərabərlik və qarşılıqlı maraqların nəzərə alınması prinsipləri əsasında ardıcıl şəkildə inkişaf edir.
Müsahibədə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələsinə də xüsusi diqqət yetirilmişdir. Bildirilmişdir ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər əməkdaşlığın real potensialını tam əks etdirmir. Xüsusilə neft-qaz sahəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Vyetnamın PetroVietnam şirkəti arasında əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.
Müsahibənin mühüm istiqamətlərindən biri humanitar, təhsil və mədəniyyət əlaqələri olmuşdur. Dövlət başçısı bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmiş, Fondun Vyetnamda təhsil və sosial infrastruktur layihələrinə verdiyi töhfələrdən bəhs etmişdir. 2025-ci ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri, müxtəlif görüşlərin keçirilməsi və Hanoi Ticarət və Turizm Kollecinə maliyyə yardımının göstərilməsi humanitar əməkdaşlığın inkişafında əhəmiyyətli addımlar kimi qiymətləndirilmişdir.
Dövlət başçısı müsahibəsində Azərbaycan ilə Vyetnam arasında dostluğun çətin məqamlarda qarşılıqlı dəstəklə də müşayiət olunduğunu vurğulamışdır. Azərbaycanın 2024-cü ildə Vyetnamda “Yagi” tayfununun, 2025-ci ildə isə güclü daşqınların törətdiyi fəsadların aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi bu münasibətlərin səmimi xarakterini nümayiş etdirir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin keçmişdən gələn dostluq ənənələri üzərində qurulduğunu və gələcəyə hesablanmış əməkdaşlıq strategiyası ilə zənginləşdiyini nümayiş etdirir. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi-
ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat sahələrində yeni layihələrin həyata keçirilməsi, humanitar və mədəni münasibətlərin inkişafı Azərbaycan–Vyetnam tərəfdaşlığının əsas istiqamətlərini təşkil edir. Qarşılıqlı etimad və ortaq maraqlara söykənən bu münasibətlər gələcəkdə hər iki xalqın rifahına və dövlətlərimizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcəkdir.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri













