“Yol səhvləri bağışlamır” - Rövşən Tağıyevdən faciə ilə bağlı paylaşım
Xəbər verdiyimiz kimi, Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində televiziya aparıcısı Ada Süleymanova və avtomobilin sürücüsü A.Kərimov həyatını itirib.
Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşım edərək mərhumların ailələrinə başsağlığı verib, sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.
Həmin paylaşımı təqdim edirik:
"Həmin axşam doğum gününü yaxınları ilə qeyd edən xanım aparıcıya bir neçə saat əvvəl uzun ömür arzulayan insanlar az sonra onun ölüm xəbərini aldılar. Evə qayıtmaq üçün çıxdığı yol onun son səfəri oldu. Bu hadisə iki insanın həyatına son qoydu, iki ailəyə ömür boyu daşıyacaqları bir acı yaşatdı.
Hadisənin başvermə səbəbləri araşdırılır. Bu faciə fonunda bütün sürücülərə bir daha xatırlatmaq istəyirəm ki, yol səhvləri bağışlamır. Sükan arxasında diqqətin bir neçə saniyəlik yoldan yayınması, ara məsafəsinin düzgün seçilməməsi və ya düşünülməmiş bir manevr təhlükəni vaxtında görmək və qarşısını almaq imkanını əlimizdən ala bilər. Bəzən bir anlıq diqqətsizliyin nəticəsini bir ailə ömrü boyu yaşayır.
Gecə saatlarında, yol tanış olsa belə, sürəti hava və yol şəraitinə uyğun seçin, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlayın. Sükan arxasında telefondan istifadə etməyin. Sərnişinsinizsə, hərəkət zamanı sürücüyə telefon ekranında nəsə göstərərək onun diqqətini yoldan yayındırmayın".
O vurğulayıb ki, yorğun və ya yuxulu olduğunuzu hiss edirsinizsə, sükan arxasına keçməyin:
"Hərəkətdə olarkən bunu hiss etdikdə təhlükəsiz yerdə dayanıb istirahət edin. Sükan arxasında verdiyiniz hər bir qərar həm sizin, həm sərnişinlərinizin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə təsir edir. Sizi də, sərnişinlərinizi də evdə gözləyənlər var. Bunu bir an belə unutmayın!".
Xədicə BAXIŞLI













