Kəlbəcər: Tarixi qayıdışdan böyük quruculuğa

 11:49 24.11.2026     104

25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşında xüsusi yer tutur. Bu tarix doğma torpaqlarımıza qayıdışın, tarixi ədalətin bərpasının və yenidən qurulan həyatın rəmzidir. Bu gün Kəlbəcər öz sakinlərini qarşılayır, illərlə davam edən yurd həsrəti sona çatır.

Kəlbəcər Azərbaycanın qədim tarixə və zəngin təbiətə malik rayonlarından biridir. Rayon 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. Kiçik Qafqazın dağlıq ərazisində yerləşən Kəlbəcər yüksək dağları, sıx meşələri, təmiz çayları, mineral su mənbələri və faydalı qazıntıları ilə seçilir. Rayonun ərazisindən Tərtər çayı keçir. Burada yerləşən İstisu mineral bulaqları ölkəmizin tanınmış təbii sərvətlərindəndir.

Kəlbəcər həm də qədim mədəni irsi ilə seçilir. Rayon ərazisində çoxsaylı tarixi abidələr, qədim yaşayış məskənləri və qayaüstü təsvirlər mövcuddur. Xudavəng məbəd kompleksi, Alban dövrünə aid abidələr və qədim məzarlıqlar bu diyarın zəngin keçmişindən xəbər verir. Kəlbəcərin təbiəti və tarixi onun turizm imkanlarını da genişləndirir.

İşğala qədər Kəlbəcərdə kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq, xalçaçılıq və digər sahələr inkişaf edirdi. Rayonun təbii şəraiti yaylaq və qışlaq heyvandarlığı üçün geniş imkanlar yaradırdı. İnsanlar öz torpaqlarında yaşayır, çalışır və doğma yurdun inkişafına töhfə verirdilər.

Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal etdi. Nəticədə rayonun əhalisi doğma yurdunu tərk etməyə məcbur oldu. Minlərlə insan öz evindən, torpağından və həyatından ayrıldı. İşğal illərində yaşayış məntəqələri, məktəblər, mədəniyyət və səhiyyə müəssisələri, tarixi abidələr dağıdıldı və talan edildi. Kəlbəcər sakinləri uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bu arzunun gerçəkləşməsinə yol açdı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. 44 gün davam edən Vətən müharibəsi xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin əzmini bütün dünyaya nümayiş etdirdi.

Kəlbəcərin azad olunması da bu tarixi Zəfərin mühüm nəticələrindən biri oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həmin gün xalqa müraciətində səsləndirdiyi “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun!” sözləri doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində böyük sevinc yaratdı.

Kəlbəcərin azadlığı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, Azərbaycan Ordusunun rəşadətinin və xalq-ordu birliyinin təntənəsi oldu. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgər-zabitlərimizin qəhrəmanlığı hesabına əldə edildi. Bu gün azad Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımız onların şücaətinin ən böyük göstəricisidir.

Kəlbəcər işğaldan azad edildikdən sonra rayonda genişmiqyaslı quruculuq və bərpa işlərinə start verildi. Dövlətimizin başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonun yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilməyə başlandı. İlk növbədə, nəqliyyat və kommunal infrastrukturun bərpasına diqqət yetirildi. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşası rayonun digər bölgələrlə əlaqəsini xeyli yaxşılaşdırdı. Bununla yanaşı, elektrik enerjisi təminatının gücləndirilməsi, su təchizatının yaxşılaşdırılması və müasir yaşayış infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atıldı. Ərazidə yeni elektrik stansiyaları, yarımstansiyalar, yaşayış binaları və sosial obyektlər inşa edildi. Bütün bu layihələr Kəlbəcərin iqtisadi potensialının artırılmasına, əhalinin rahat yaşayışının təmin olunmasına və rayonun gələcək inkişafına xidmət edir.

Bu gün Kəlbəcərdə həyata keçirilən işlərin əsas istiqamətlərindən biri də Böyük Qayıdış proqramıdır. 20 avqust 2025-ci ildən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. 2026-cı ilin aprel ayına olan məlumata görə, şəhərə 162 ailənin qayıdışı təmin edilib. Sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün müasir mənzillər və zəruri şərait yaradılıb. Kəndlərin yenidən qurulması və əhalinin doğma torpaqlarına mərhələli qayıdışı istiqamətində də işlər davam etdirilir.

Böyük Qayıdış yalnız insanların öz evlərinə dönməsi deyil. Bu, həm də Kəlbəcərdə iqtisadi həyatın bərpası, yeni iş yerlərinin yaradılması, təhsil, səhiyyə və digər xidmətlərin inkişafı deməkdir. Rayonun zəngin təbii sərvətləri, turizm və kənd təsərrüfatı imkanları onun gələcək inkişafı üçün böyük potensial yaradır.

Bu gün Kəlbəcərdə hər yeni yol, hər tikilən bina və doğma yurda qayıdan hər ailə böyük quruculuq prosesinin bir hissəsidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başlanan azadlıq və quruculuq yolu bu gün Böyük Qayıdışla davam edir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən