Spirtli içkidən bir gün sonra sükan arxasında oturmaq qanun pozuntusu sayılır?
Bəzən hər hansı şəxs spirtli içki qəbul etdikdən sonrakı gün də avtomobil idarə edərkən onun orqanizmində alkotester vasitəsilə spirtli içki aşkarlanır və həmin sürücüyə cəza tətbiq edilir.
Bəs, bu kimi hallarda nə etmək olar?
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı sualları Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev İctimai TV-nin efirində cavablandırıb.
"Bu kimi hallar sürücü qanun pozuntusu etdikdə aşkarlanır. Burada gecə yuxusu da vacibdir, spirtli içkinin nə zaman qəbul olunması da vacibdir. Əgər həmin şəxs gecə saat 02:00-da spirtli içki içib səhər 08:00-da yola çıxırsa, onda, əlbəttə ki, alkoqol aşkarlanacaq.
Əgər həmin şəxs səhər saat 11:00-12:00-da sükan arxasında olursa və ayaqda durmaqda çətinlik çəkirsə, bu halda da o, spirtli içkinin təsiri altında sayılır".













