Kişi papağı

Günlər aylara, aylar illərə döndü, nə az, nə çox, düz 30 ilə yaxın gözləməli olduq. Düşmənin də, onların havadarlarının da məqsədi gün kimi aydın idi. Vaxtı sonsuzluğa qədər uzatmaq, içimizi göynədən Qarabağ dərdini, Azərbaycanımızın incisi sayılan Şuşamızı, xan Laçınımızı, Göyçə aşıq məktəbini ləyaqətlə təmsil edən gözəllik diyarı Kəlbəcərimizi, muğam beşiyi Ağdamımızı, Fizulimizi, Cəbrayılımızı, çinarlar yurdu Zəngilanımızı, qədim Zəngəzur mahalının qapısı sayılan Qubadlımızı, Ağoğlanımızı və s. qədim yurd yerlərimizi unutdurmaq. Nəticə də məlum. Ancaq yağı düşmən yanılmışdı, Azərbaycan xalqını, xüsusən də gənclərimizi, cavanlarımızı yaxşı tanımamışdı, ən yüksək səviyyələrdə deyilən “biz döyüşü uduzmuşuq, müharibəni yox” bəyanatına da istehza ilə yanaşmazdı.
Yadıma hələ yeniyetməlik dövründən tanıdığım, məndən bir sinif aşağı oxuyan, bir az da simsarlığımız olan Birinci Qarabağ Müharibəsinin ən fəal iştirakçılarından olmuş peşəkar hərbçi, Azərbaycanın Milli Qəhrəmanı, mayor rəhmətlik Vəzir Sədiyev düşdü. Ruhu şad olsun. İnanıram ki, indi nəinki Vəzirin, eləcə də Birinci və İkinci Vətən Müharibəsində müqəddəs torpaqlarımız uğrunda şəhid olmuş onlarla əsgərlərimizin ruhu başımız üstündə sevinclə dolaşır. Döyüşdə şücaət göstərmiş gənclərimizin və cavanlarımızın qəhrəmanlığı bu gün qürur yerimizdir. Bizlər də (yaşlı nəsli nəzərdə tuturam) başımıza papaq qoyub onların sayəsində şəstlə dik gəzə bilirik. Papaq demişkən, yadıma bu günlərdə hörmətli dostum, doktor Eldar bəyin böyük qürur hissi ilə telefonda söylədiyi maraqlı bir əhvalat düşdü. Eldar bəyin oğlu Bakıda türk şirkətləri ilə birgə işləyən qurumların birində çalışır. Türkiyədən gələn yükdolu maşınının sürücüsü azərbaycanlı qardaşlarına bir dostunun xahişini çatdırır. Sürücünün dostu Bakıdan qayıdan da mütləq Azərbaycan kişisinə məxsus papaq və üçrəngli Azərbaycan bayrağı gətirməsini xahiş edir. Təbii ki, türk qardaşımızın bu xahişi şirkətin işçiləri tərəfindən dərhal yerinə yetirilir. İndi yəqin ki, belə möhtəşəm, qan oynadan xahişdə bulunmuş türk qardaşımız Azərbaycan papağını şəstlə başına qoyub qosqoca türk elində şəstlə gəzir, üç rəngli bayrağımız isə onun evinin ən görümlü yerində divardan asılaraq alışıb yanır.
Doktor Eldar bəyin Azərbaycan kişisinin papağı və bayrağımız haqqında söhbəti mənim də ruhumu oynatdı. “Sizinki belə igid əsgərləriniz varmış, bəs indiyədək nəyi gözləyirdiniz, niyə işğal olunmuş torpaqları azad etmirdiniz?” – deyə təəccüb dolu sual verən Avropadan gəlmiş daha bir türk dostumuz Erol bəylə söhbətimizi xatırlayıram. 2016-cı ilin aprelində Azərbaycan əsgəri müdrik və uzaqgörən siyasət aparan Ali Baş Komandanımızın rəhbərliyi ilə dörd gün ərzində özü haqqında mif yaradan Ermənistan silahlı qüvvələrinin əsgərlərinin burnunu elə ovdu ki, düşmən uzun müddət özünə gələ bilmədi. Bu gün erməni tərəfi etiraf edir ki, müzəffər Azərbaycan əsgəri aprel döyüşlərində onlara sarsıdıcı zərbələr vuraraq böyük itgilərə məruz qoymuşdur. Nəticədə Ermənistan rəhbərliyinin yalvarış dolu xahişinə əsasən böyük güclərin hesabına döyüş dayandırıldı. Ancaq yaddaşlarda Lələtəpə döyüşləri kimi qalmış tarixi qələbə erməni ordusuna ciddi dərs oldu. Düşmən Azərbaycan Ordusunun ruhunu, gücünü, qüdrətini gördü. Əsgərlərimizin erməni işğalçılarına verdiyi ikinci dərsi ötən ilin iyun ayında, Tovuz istiqamətində oldu. Bu döyüş onlara bir daha aydın şəkildə başa saldı ki, Azərbaycan xalqı, Ali Baş Komandan və onun müzəffər ordusu işğalla barışmayacaq, məqamında bütün ərazilərimizi düşməndən təmizləyəcək. Elə də oldu. Nəhayət, zəfər dolu 44 gün. Azərbaycan əsgəri bu dəfə düşmənə elə zərbə vurdu ki, hələ onların uzun müddət özlərinə gələcəyi sual altındadır. Ali Baş Komandanın hər gün şanlı ordumuzun azad etdiyi müqəddəs torpaqlarımız barədə xəbəri xalqımızı daha da ruhlandırdı. Əsgərlərimizin döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqlar hərb tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusunun döyüş taktikası, ən müasir texnikası sayəsində düşmən pərən-pərən oldu. Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın azad olunması uğrunda gedən döyüşlər isə dünya hərb tarixinin ən unikal hadisələrindən birinə çevrildi. Azərbaycan əsgəri yaralı və şəhid olmuş yoldaşlarını çiyinlərinə götürərək çətin və sıldırımlı yollardan, qayalıqlardan keçərək canımız Şuşanı azad etdi. Ən əsası da Ağdam, Laçın və Kəlbəcər rayonları döyüşsüz, bir güllə belə atmadan və şəhid vermədən azad olundu.
Dostumuz söhbətimizi diqqətlə izləyirdi. Sonda ona bir məsləhət verdim, yaxşısı budur ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin 44 gün ərzində və ondan sonrakı günlərdə xarici ölkələrin kütləvi informasiya vasitələrinə və dünya çapında tanınmış jurnalistlərə verdiyi müsahibələri, beynəlxalq tədbirlərdə etdiyi çıxışları oxusun. Son otuz ilə yaxın müddətdə baş verən hadisələr bu müsahibələrdə, çıxışlarda öz əksini geniş tapıb.
Erol bəy Bakıya zəfər bayramından bir az sonra gəlmişdi. Hər tərəfdə türk və Azərbaycan bayraqları dalğalanırdı. Şəhərdə möhtəşəm görüntülər vardı. Dostumuz 5 ədəd Azərbaycan bayrağı, ölkəmizlə bağlı xeyli suvenirlər aldı, hətta dostlarını da unutmadı, şübhəsiz, bizim də hədiyyələrimiz oldu. Azərbaycan kişisinin papağı qonağınızın daha çox xoşuna gəldi.
– Mən də özümü Azərbaycan əsgəri hesab edirəm. Papağınız başınızda möhkəm dursun, ay-ulduzlu üç rəngli bayrağınız daim yüksəkliklərdə dalğalansın, ölkəniz daha da çiçəklənsin, güclənsin. Bu yolda Allah yar və yardımçınız olsun.
Elşad Qoca