Putin savaşı başında başladıb...

 16:13 22.12.2021     11937

Müharibə əvvəl başda başlayır, sonra real həyatda davam etdirilir. Belə görünür ki, Putin artıq müharibəsini başında başladıb, indi əsas sual Rusiya ilə Qərb arasında getdikcə gərginləşən situasiyanın sürünə-sürünə real savaşa çevrilib-çevrilməyəcəyidir. Tarixi təcrübə göstərir ki, sürünən qarşıdurmalar adətən toqquşmalaradək uzanır. Sadəcə bunun geci-tezi var...

Rusiya Müdafiə Nazirliyinin dekabrın 21-də keçirilən geniş kollegiya iclasında Putin bir daha NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı ABŞ və hərbi alyansın digər üzvlərindən istədiyi “təhlükəsizlik zəmanəti”ndən danışdı. Rusiya lideri Qərbdən qarantiya gözləyir, “kollektiv Qərbdən olan tərəfdaşlar”sa ona heç-zad vermək istəmir. Əvvəldən bəlli idi ki, ABŞ və müttəfiqləri Avropanın təsir dairələrinə bölünməsi təklifini rədd edəcək, Şərqi Avropa və postsovet məkanı ölkələrinin suverenliyini təhdid edən tələblərə cavab verməyəcəklər. Bunu Putin də bilməmiş deyil. Maraqlıdır, Kremlin sahibi umduğu qarantiyanın ona verilməyəcəyini bilə-bilə nədən bu işdə təkid edir? Üstəlik, Moskvanın ABŞ və NATO-ya təklif etdiyi “təhlükəsizlik zəmanəti haqqında müqavilə layihələri”nə neqativ münasibət Rusiya liderinin xətrinə dəyib: “Biz görürük ki, bəzi nanəciblər onları Rusiya tərəfinin ultimatumu kimi interpretasiya edirlər. Bu, ultimatumdurmu? Əlbəttə, yox”.

Qərbdə bir çoxları hesab edir ki, Putin qarantiya tələbi ilə blef edir, Moskvanın “qırmızı cizgi” tələblərinə qarşı Qərbin sərt reaksiyası və sanksiyaları rusların iştahını küsdürəcək. Şübhəsiz ki, Putin zəmanəmizin misilsiz manipulyatorudur. Bu ilin yazında o, Ukrayna sərhədinə 100 minlik qoşun yığmaqla Co Baydenlə yayda ilk görüşə, payızın əvvəllərində həmin ərazilərə 170 minlik qoşun yerləşdirməklə ABŞ lideri ilə ikinci ğörüşə-videoəlaqəyə nail ola bildi. Kremlin sahibi faktiki olaraq şantajla məşğuldur, yəqin ki, qoca Co artıq bu təmaslardan bezib...

Putin həmin kollegiya iclasında “təhlükəsizlik qarantiyası” ilə bağlı tələblərini bir qədər də tündləşdirdi: “ ABŞ əvvəlki illərdə öz milli ərazilərindən minlərllə kilometr uzaqlarda guya öz maraqlarını və guya öz təhlükəsizliyini təmin edirdi, özü də BMT Təhlükəsizlik Şurasının heç bir sanksiyası olmadan...” Yəni, putinsayağı məntiqə görə, Rusiya bu “işi” qonşuluqda etməyə daha çox “haqq” edir. Başqa bir sitat: “”Onlar düşünürlər ki, biz bu təhdidləri görmürük? Və ya düşünürlər ki, biz Rusiyaya yaradılan təhlükələrə carəsiz tamaşa edəcəyik?..” “Silahlı toqquşmalar, qan tökülməsi – qəti şəkildə bizim seçimimiz deyil” deyən Putin bu psevdotezisinə “əmma” əlavə etməklə faktiki təhdid fonunda Vaşinqton və Brüsselə göndərdikləri çağırışlara “aydın, qəti, konkret müddətdə yekun cavab” gözləyir.

Əslində, Putin blef etmir, sadəcə Qərbdə özlərini aldadırlar ki, Putin hərbə-zorbadan o yana keçməyəcək. Amma və hər halda, Rusiyanın 2008-ci ildə Gürcüstana girməsi, 2014-cü ildə Krımı ilhaq edib, Donbası qarışdırıb Unkraynanın ərazi bütövlüyünə qəsd etməsi blef deyildi. XXI əsrdə Avropa siyasi məkanında üç müharibə olubsa, onun ikisini Putin edib.

Rusiyanın və Qərbin Ukraynada və Moskvanın “arxa bağça” saydığı digər geosiyasi məkanlarda mövqelərindən geri çəkilmədikləri təqdirdə müharibə qaçılmaz kimi görünür. Əslində, Moskva hibrid davalarını çoxdan başladıb. Rusiya boynundan atsa da, faktiki olaraq Donbasda hibrid müharibə (proxy war) aparır, dünyanın bir çox yerlərində, o cümlədən Qarabağda hibrid aqressiya ilə məşğuldur. Yeri gəlmişkən, bəzi şərhçilər Brüssel görüşlərində Dağlıq Qarabağdan, Minsk qrupundan, “status”dan danışılmamasına diqqəti cəlb edirlər. Həmin görüşlərdə, əsas müzakirə edilən Azərbaycan-Ermənistan münasibətləri idi. Rusiya sülhməramlılarının yerləşdiyi Dağlıq Qarabağı isə ruslarsız müzakirəyə ehtiyac hiss edilməmişdi. Yeri gəlmişkən, Makronu 44 yaşının tamam olması münasibəti ilə təbrik edən Putinlə Fransa lideri darmacalda Qarabağdan danışmağı unutmadılar...

Qərbdən “qarantiya” almasa, Putin hücuma keçəcəkmi? F.Tütçev deyirdi ki, “ağılla Rusiyanı anlamaq olmaz”, Putini isə, ümumiyyətlə, anlamaq mümkün deyil. Kremlin sahibi bir aydır durmadan qarantiya istəyir və buna paralel olaraq, çərşənbə axşamı günü özünün bəyan etdiyi kimi, Rusiyanın hərbi potensialını artırır, imperiya narrativlərini xortladır, üstəlik, müttəfiq-qonşularının narahatlığı vecinə deyil. Bu fon, Putinin neoimperiya hikkəsi pessimist təxminləri artırmaya bilməz. Şübhəsiz ki, 2008-ci və 2014-cü illərdən də Putinin ağzında şirə qalıb. Rusiyanın Gürcüstan və Ukraynaya girməsi qarşısında Qərbin gücü yalnız sanksiyalara çatdı ki, bu da effekt vermədi.

Şübhə etməyə dəyməz ki, Putin, məsələn, Ukraynaya növbəti aqressiya aktına necə reaksiya veriləcəyini hesablayır. Özləri demişkən, “oyun şama dəyərsə” ruslar dayanmaya bilərlər...