İki “fenomen”in iki furoru...

 13:20 28.12.2021     13593

İlin sonuna doğru Azərbaycan ictimai-siyasi fikrini, sosial-iqtisadi narahatlıqları nəzərə almasaq, daha çox iki məsələ məşğul edir: Putinin Qərbə “qarantiya ultimatimu” və Qarabağın Azərbaycana aid olduğunu etiraf edən Paşinyanın furor yaradan son açıqlaması. Fərqli inkişaf ssenarilərini özündə ehtiva edən bu mövzular bizi gələn il də məşğul etməkdə davam edəcək...

Putinin ilin sonunda “kükrəməsi”ndən təkcə dekabrda 3-4 yazıda bəhs etdirməklə bezdirsəm də, təəssüf ki, Kreml sahibinin postsovet ölkələrinin suverenliyini təhdid edən ambisiyalarına Azərbaycan siyasi dairələri və mediasının reaksiyası yetərli deyil.

Bir daha xatırladaq: Bu ilin noyabrında Putin Rusiya XİN-dən tələb etdi ki, Qərb ölkələrindən “təhlükəsizlik zəmanəti” almalıdır. Dekabrın 7-də Baydenlə videoəlaqə zamanı Putinin özü ABŞ liderindən “qarantiya” tələb etdi. Dekabrın 17-də RF XİN ABŞ və NATO-ya tələblərini dərc etdi: NATO Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada istənilən hərbi əməliyyatdan çəkinməyə, postsovet məkanı ölkələri ilə hərbi əməkdaşlığı tam dayandırmağa, Şərqə doğru genişlənməkdən imtinaya çağırıldı. Putin həmçinin ultimatimuna “təxirəsalınmaz və təcili” cavab verilməsini istədi və bunun üçün Qərbə bir aylıq “möhlət” verdi. Qərb liderləri Kremlin tələblərinin yerinə yetirilməz olduğunu, Putinin ultimatumu çərçivəsində müzakirə açmağın qeyri-mümkünlüyünü bildirsələr də, Moskva ilə danışıqları istisna etmirlər.

Dekabrın 21-də ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun yanvarda Moskva ilə Rusiyanın Şimali Atlantika Blokuna iddialarını müzakirə etməyə hazır olduğunu bildirdi. Maraqlıdır, Qərbdə bəzi şərhçilər bunu Ağ evin Rusiyanın ultimatumu qarşısında geri çəkilməsi kimi qiymətləndirsələr də, Blinkenin qeyri-müəyyən cavabı, belə görünür ki, Putini heç qane etmədi və ötən həftə keçirdiyi mətbuat konfransında ayağını yenə bir başmağa dirədi ki, Rusiyaya “təxirəsalınmaz təhlükəsizlik zəmanəti” verilməlidir. Kreml Ukrayna sərhədinə yığdığı 175 minlik rus qoşununu şantaj alətinə çevirib. Bayden administrasiyası Kremlə xəbərdarlıq etdi ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına Qərbin reaksiyası sərt olacaq: Kiyevə hərbi yardım artırılacaq və NATO güclərinin hərbi alyansın şərq cinahında iştirakı genişlənəcək.

NATO Baş katibi Yens Stoltenberq isə yanvarın ortalarında NATO-Rusiya Şurasının iclasını keçirməyə çağırıb. Belə formatda danışıqlar iki ildən çoxdur arxivə aparılıb, sonuncu belə bir iclas 2019-cu ilin iyulunda keçirilib. 2021-ci ilin oktyabrında Rusiya NATO yanındakı missiyasının fəaliyyətini dayandırmış və Kremlin mətbuat katibi Dmitri Peskov hərbi alyansla əlaqələrin normallaşacağına olan ümidlərin öldüyünü demişdi. RF XİN-dən Stoltenberqə artıq cavab verilib ki, Moskva qarantiya məsələsi gündəmə gətirilməzsə, NATO ilə bir masa arxasına əyləşməyəcək.

Moskva-Qərb münasibətlərindəki gərginliyin ona görə uzun-uzadı konstatasiyaya ehtiyacı var ki, bu proses dərinləşərək qlobal geosiyasi böhrana çevrilməklə çox güman ki, bütünlükdə 2022-ci ilə öz damğasını vuracaq. Qərb kəşfiyyatı Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləyə hazırlaşdığı barədə xəbərdarlıq edir. Moskva isə hərbə hazırlaşması xəbərlərini qəti şəkildə təkzib edir. Rusların interpretasiyasında Putinin NATO-ya çağırışı ultimatim deyil, sadəcə “danışıqlar üçün mövqedir”. Belə bir mövqe Qərbi qıcıqlandıra bilər, amma bu “siyasi qumar” postsovet məkanı ölkərlərinin taleyi ilə oynanılır. Həmin geosiyasi məkan ki, Lavrov oranı “bizim evin astanası” adlandırır. “Соловьев Live” YouYube-kanalına müsahibəsində Rusiyanın xarici işlər naziri NATO-ya belə “qiymət” verib: “ NATO indi Varşava müqaviləsinin yoxa çıxmasından və Sovet ittifaqının süqutundan sonra sahibsiz (və ya başsız – Lavrov “бесхозных земель” deyir) qalan torpaqları mənimsəmək üçün xalis geosiyasi layihədir. Onlar bununla məşğuldurlar... Rusiya NATO-nun bizim evin astanasında peyda olmasına laqeyd qala bilməz...”.

Bir şərhimdə gələn il 70 yaşını qeyd edəcək Putinin 2021-ci ildə aqressivliyinin artmasını ironik olaraq “rəqəmlərin magiyası”- başa vurmaqda olduğumuz ilin Rusiyanı imperiya elan etməsinin 300 illiyi və SSRİ-nin süqutunun 30 illiyi ilə bağlı yozmağa çalışmışdım. “Yubiley magiyası” mövzusunu davam etdirsək, 2022-ci il yıxılmış SSRİ-nin qurulmasının 100 illiyinə təsadüf edir. Putin Lenini bəyənmir, amma “porletariatın dahi rəhbəri” Rusiya imperiyası yıxıldıqdan 5 il sonra onun sınıq-salxaqlarını Sovet ittifaqı adlı qondarma bir qurumun içinə yığa bilmişdi. Yəni, Leninlə müqayisədə Putin 20 ildir papağını Kremldə günə verir, KTMT-dən o yana bir iş görə bilmir. Bu “fərsizliyi” fonunda Kremlin sahibi necə hikkələnməsin, necə ultimatum verməsin?. Üstəlik, “nüfuz dairəsi”nə qatmaq istədikləri əraziləri “sahibsiz” sayırlar...

Paşinyanın son açıqlamasına gəldikdəsə, furor yaratması bir yana, bizim bəzi şərhçiləri hətta eyforiyaya qərq etdi, hətta Ermənistanın baş nazirini erməni radikallarından, Araik Arutyunyandan qorumağı özünə missiya sayan da tapıldı. Paşinyanın bu gedişi və ya sülh göyərçininə dönməsi Azərbaycan-Ermənistan münasubətlərinə pozitiv təsir edə bilər, amma Qarabağ məsələsinə təsirinin təhlilə ehtiyacı var. Əvvəldən sezilirdi, Brüssel görüşlərində aşkar göründü ki, Paşinyan Qarabağ mövzusunu Ermənistan-Azərbaycan danışıqlarının gündəmində görmür. Odur ki, dekabrın 15-də Belçika paytaxtında keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə Dağlıq Qarabağ, Minsk qrupu, status məsələsi yada düşmədi. İrəvan Qarabağ ermənilərinin taleyini, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsini rusların öhdəsinə buraxıb: Birincisi, Ermənistan Azərbaycanla danışıqlarda Qarabağla bağlı umduqlarına nail ola bilməyəcəyini anlayır. İkincisi, ermənilərin prizmasından Rusiya Qarabağda daha “effektiv” iş görür - İrəvan ən azı o anlamda özünə təskinlik verir ki, “ruslar Dağlıq Qarabağı Azərbaycana verməzlər”.

Bu çərçivədə Paşinyan-Arutyunyan davasının prosesin mahiyyətinə və gedişatına elə bir isti-soyuğu yoxdur. Üstəlik, onların arasındakı gərginlikdən danışılmış oyun qoxusu gəlir. Zira Nikol və Araik bir-birinə yaxın fiqurlardır. Digər tərəfdən, separatçıların lideri ilə erməni rəhbərliyi arasında fikir ayrılığının olması kimi primitiv gedişlərlə biz İkinci Qarabağ savaşından əvvəl dəfələrlə rastlaşırdıq.

Yaxın və ortamüddətli perspektivdə Qarabağdakı mövcud situasiya üzrə İrəvanla Moskvanın maraqlarının üst-üstə düşdüyü göz önündədir. Moskva üçün perspektiv risk “Qarabağ yükü”nu getdikcə daha çox üzərindən atan Paşinyana təsir rıçaqlarının daralması ola bilər.

Qəzənfər Bayramov