İmperiya zombiləri... - Amerika-Rusiya danışıqları nə vəd edir?

 12:38 10.01.2022     15147

2019-cu ilin payızında “Valday” diskussiya klubunda həmin ilin yayında Qazaxıstan prezidenti seçilmiş Qasım-Comərd Tokayevin çıxışına Rusiya lideri Vladimir Putin eyhamlı replika atmışdı.

Tokayev: - Müasir dünyada nüvə silahına sahib olmaq təhlükəsizliyə, xüsusilə də iqtisadi çiçəklənməyə qarantiya vermir. Bəzən nüvə silahına malik olmaqdan daha yaxşısı öz iqtisadiyyatına daha çox investisiya cəlb etmək, dünyanın bütün dövlətləri ilə əlaqələri inkişaf etdirməkdir ki, Qazaxıstan öz praktikasında bunu edir.

Putin (kinayəli gülümsənərək): - Səddam Hüseyn də belə düşünürdü...

Güman ki, Tokayev həmin vaxtdan Putinin replikasını qulağında sırğa edibmiş...

MDB-nin dekabrın 28-də Sankt-Peterburqda keçirilən qeyri-formal sammiti Ukrayna mövzusu, Putinin MDB dövlət başçılarından Rusiyanın Qərbə ultimatumuna dəstək istəyi ilə bağlı çağırılmışdı. Kreml NATO-nu yalnız Ukraynada deyil, ümumiyyətlə, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada istənilən hərbi əməliyyatdan çəkinməyə, postsovet məkanı ölkələri ilə ikitərəfli hərbi əməkdaşlıqları tam dayandırmağa, Şimali Atlantika blokunu bu ərazilərə doğru genişlənməkdən imtinaya çağırır və bununla bağlı qarantiya tələb edir. Putin ABŞ prezidenti Co Baydenlə ikinci dialoqunda – dekabrın 7-dəki videoəlaqə zamanı bu tələblərini səsləndirmiş və rədd cavabı almışdı. 10 gün sonra, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi bu dəfə Moskvanın ABŞ və NATO-ya təklif etdiyi “təhlükəsizlik zəmanəti” təklifinin layihə mətnlərini dərc etmişdi. Qərb yenə Putinin “qırmızı cizgiləri”ni qəbuledilməz saymışdı.

Dekabrın 21-də Rusiya Müdafiə Nazirliyinin geniş kollegiya iclasını keçirən Putin

“kollektiv Qərbdən olan tərəfdaşlar”dan növbəti dəfə və daha sərt dillə “təhlükəsizlik zəmanəti” tələb etdi. Bu dəfə ABŞ və NATO Moskvanın NATO-ya iradlarını dinləmək üçün görüşə hazır olduqlarını bildirdilər. Eyni zamanda xatırlatdılar ki, Kremlin “arxa bağça” kimi baxdığı postsovet məkanı suveren dövlətlərdən ibarətdir, onların da “qırmızı cizgiləri” var. Yəni, bu ölkələrin taleyi ilə bağlı ABŞ və Rusiya ikilikdə qərar verə bilməz.

Dekabrın 29-da Moskva Cenevrədə yanvarın 10-na təyin olunan strateyi sabitlik və təhlükəsizlik məsələləri üzrə Amerika-Rusiya danışıqlarına razılıq verdi. Özü də məhz bir gün əvvəl Sankt-Peterburqda MDB liderləri ilə keçirilən görüşdən sonra. Həmin görüşdən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin sanki meyiti çıxmışdı. Elə o gündən sonra Elbasını ortalıqda görən yoxdur. KTMT-də Rusiyaya opponentlik edə bilən yeganə ölkə Qazaxıstan idi ki, Moskva, Pekin və Vaşinqton arasında balanslı siyasət yürütməyə çalışırdı. Və yeni il girəndən Qazaxıstanda aləm qarışdı. Etirazların 3-cü günündə Tokayevin yadına yəqin ki, Səddamın aqibəti düşdü və Elbasının başını yedi - əbədi lideri Konstitusiyaya zidd olaraq Təhlükəsizlik Şurasının sədrliyindən kənarlaşdırdı, Almatıda “20 min terrorist”in (Tokayev atdığı bu tviti sonradan sildi) polislərin başını kəsdiyini, generalları zorladığını iddia edərək rus qoşunlarını ölkəsinə çağırdı. Sonradan minlərlə terrorçu adına bir qırğız musiqiçi tapdılar, “başı kəsilmiş polislər” məzuniyyətə getdilər, generallar da şalvarlarını çəkib xalqı ruslarla birlikdə gülləbarana başladılar.

Beləliklə, orta jüzün klansız lideri Tokayevin hər şeyə sahib böyük (ulu) jüzün nəhəngini – Elbası və oliqarx ətrafını ucdantutma təmizləməyə başlaması ölkənin tayfa ittifaqlarına ixtilafdan başqa heç nə vəd etmir. Qazaxıstanın neft-qazının yerləşdiyi coğrafiyanın sahibi olan kasıb kiçik (kişi) jüz isə vəzifəsiz və sərvətsizdir, üstədəki hər iki jüzdən narazıdır. Nepotizmlə yanaşı, tayfabazlıq və regionbazlıq da Qazaxıstanı daxildən təhdid edən faktorlardır...

Bu gün KTMT Şurasının Putinin iştirakı ilə növbədənkənar sessiyası olacaq. Sessiya “Qazaxıstan Respublikasında situasiya və onun normallaşdırılması tədbirləri” ilə bağlı çağırılsa da, şübhə yoxdur ki, Putin KTMT üzvü olan ölkələrin liderlərindən Cenevrə danışıqları fonunda “təhlükəsizlik zəmanəti” danışıqları üçün tam vəkalət almaq istəyir. Artıq əsas “opponent”in gözü çıxıb və digər “qardaşlar” - Qırğızıstan, Tacikistan, Ermənistan və Belarus dərslərini alıblar. KTMT üzvləri əslində və prinsipcə Rusiyanın hərbi blokunda toplaşıblarsa, NATO ilə əməkdaşlığa və hərbi alyansın şərqə doğru genişlənməsinə avtomatik qarşı olmalıdırlar. Rusiyaya vəkalət verməklə sadəcə Moskvanın nüfuz dairəsində olmalarını rəsmən təsdiqləyəcəklər. Ümumiyyətlə, Putinin kefi kökdür, ABŞ-la danışıqlar ərəfəsində Qazaxıstan boyda karta tam sahiblənib.

Yeri gəlmişkən, Paşinyanın KTMT-dəki canfəşanlığı təbii ki, Ermənistanın KTMT-yə sədrliyindən qaynaqlanmır, Putinin gözünə girməklə Bakı ilə münaqişəsində Rusiyadan dividendlər qoparmağa da hesablanıb. Rəsmi Bakı Qərblə danışıqlarda İrəvanın bu addımlarını amerikanların və avropalıların, necə deyərlər, gözünə soxmalıdır.

Aydındır ki, “təhlükəsizlik qarantiyası” kontekstində Moskva MDB-nin yerdə qalan üç üzvünə – Azərbaycan, Özbəkistan və Moldovaya təzyiqlərini gücləndirəcək. Məsələ Rusiyanın postsovet məkanını sadəcə nüfuz dairəsi sayması və suveren dövlətlərin daxili işlərinə burnunu soxması ilə bitmir. Bütünlükdə bu dövlətlərin suverenliyinin ABŞ və Rusiya danışıqlarında həmişə alver predmetinə çevrilməsi riski var.

Dünən Cenevrədə ABŞ və Rusiya arasında dar formatda ilkin danışıqlar keçirilib, hətta birlikdə şam ediblər. Rusiya nümayəndə heyətinə başçılıq edən RF XİN başçısının müavini Sergey Ryabkov bildirib ki, “Rusiya-ABŞ danışıqlarında irəliləyiş gözləmək sadəlövhlükdür. Biz əl açıb dilənməyə getmirik”. ABŞ Dövlət katibi Entoni Blinken də nə Cenevrədəki iki tərəfli danışıqlardan, nə də çərşənbə günü Brüsseldə keçiriləcək NATO-Rusiya Şurasının iclasından irəliləyiş gözləyir: “Eskalasiya şəraitində, Rusiyanın sərhədinə 100 minlik qoşun yığmaq və sayını 2 dəfə artıra bilməklə Ukraynanın başına tapanca dirədiyi bir şəraitdə danışıqlardan real tərəqqi gözləmək çətindir”.

Ötən ilin oktyabrından Qərb daha çox Rusiyanın Ukraynaya soxulacağından narahatdır. Moskva isə bu iddianı rədd edir və əvəzində təcili “təhlükəsizlik qarantiyası” tələb edir. Bu günlərdə amerikan mediası rus qoşunlarının Voronejdən Kiyev istiqamətində irəliləməsini əks etdirən bir xəritə yayıb. Moskva hücum fikrinin olmadığını, əksinə NATO təhlükəsindən “müdafiə”yə hazırlaşdığını bildirib.

Danışıqların indiki mərhələsindən – nə Cenevrə, nə Brüssel və nə də ATƏT müstəvisində keçiriləcək danışıqlardan kimsə bir nəticə gözləmir. Tərəflər simalarını saxlamağa çalışacaqlar: sərt sanksiyalardan çəkinən Putin Ukraynaya soxulmayacaq, amma qoşunlarını sərhəddən də yığışdırmayacaq. ABŞ da sərt sanksiyalara getməyəcək, amma Rusiyanı Qara dəniz regionunda gərgin vəziyyətdə saxlamaqda davam edəcək. Tərəflər sərt ritorika, hərbə-zorba, hətta təhqir diplomatiyasına yeni “töhvələr” verməkdə davam edəcəklər. Blinken Rusiyanı “girdiyi evdən çıxmamaqda”, Mariya Zaxarova Amerikanı “giridiyi yeri qırıb çıxmaqda” suçladı. Sonunci dəfə 60 il əvvəl Karib böhranı zamanı Xruşşov və Kennedinin diplomatları belə leksikona əl atırdılar. Onda dünya III Dünya savaşının astanasında idi. İndi isə bir-birinə qarşı diplomatik laqqırtı ilə məşğuldurlar...

“Sürünən ultimatum” prosesində tərəflər növbəti danışıqlara kimi arxalarını “bərkitməkdə” və yeni kartlar axtarışında davam edəcəklər. Yəni, “Qazaxıstan fəthi”ndən ruhlanan Putin Özbəkistan barədə düşünə və ya Cənubi Qafqazda daha irəli gedə bilər. Amerika ilə alverin alınıb-alınmamasından asılı olmayaraq və Ukraynadan fərqli olaraq postsovet məkanının digər coğrafiyalarında Rusiyaya əngəl olan da yoxdur. Kreml ideoloqları sağlam düşüncəli ruslar istisna olmaqla, patriarx Kirildən tutmuş bazarda turşu satan babusyaya qədər hamının beynini yuyub “imperiya zombiləri”nə çeviriblər: hər yerə tarixi rus torpağı kimi baxırlar.

Postsovet məkanın model və sabit ölkəsi sayılan Qazaxıstanda baş verənlərdən və Putinin aşkar iddia-təhdidlərindən sonra MDB coğrafiyasının suveren dövlətləri əndişə keçirməyə bilməzlər. Putin dünyanı 30 il əvvələ - soyuq müharibə dövrünə aparır. Kremlin sahibi elə gedişlər edir ki, MDB SSRİ-nin dəfn kontoru olmaqdan çıxaraq 30 illik ölünü xortlatmaq mexanizminə çevrilib. Hələlik Kremlin sahibi Ukraynasız bu ölüyə can verməyi düşünmür. Amma düşünə də bilər...

Qəzənfər Bayramov