Az yeyək, çox yaşayaq, yoxsa...

 20:12 06.02.2022     5632

Hələ keçmiş zamanlarda müdriklər əsərlərində və söhbətlərində çox yeməyin adamı az yeməkdən də qoya biləcəyi ilə bağlı insanlara tövsiyə verir, ciddi xəbərdarlıq edirdilər. Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, bir vaxtlar köklük firavanlığın başlıca əlamətlərindən hesab olunurdu. Şişman, yekeqarın, peysərinin köklüyündən qulaqları qatlanan kişilər, əndamlı xanımlar məclislərin yaraşığına çevrilərdi. Arıq, cılız, nərmənazik adamlar belələrinin yanında nədənsə sıxılar, özlərinə yer tapmazdılar. Hansısa vəzifəyə təyinat vaxtı da bədənin çəkisi, boy – buxun nəzərə alınardı. Birinci şəxslər tabeliklərindəkindən cüssəli, “zəhmli” olmalı idilər. Bütün bunlar yazılmamış qanunun pozulmaz bəndləri kimi gündəmdə olurdu.

...Yaxşı yadımdır, ötən əsrin 80-ci illərində Qəbələdə hələ uşaqlıqdan tanıdığım birisi ilə rastlaşanda gözlərimə inanmadım. Arıq, amma sağlam, ucaboy oğlan indi tosqun, eni ilə uzunu bir olan nəhəng bir kişiyə çevrilmişdi. Özünü çox ciddi aparmağa çalışırdı. Halbuki, bir vaxtlar uşaqların ən məzəlisi, zarafatcılı sayılırdı. Hal - əhval tutduq. Dedi ki, iki il əvvəl kəndlərindəki kolxoza sədr seçiblər, yaxın vaxtlarda isə Aqroproma (Kənd Təsərrüfatı İdarəsi nəzərdə tutulur) rəhbər keçəcək. Gözləri balacalaşmış, qızıləhmədi almasını xatırladan yanaqları, sallaq buxağı, qatlanmış qulağı vaxtilə “Kirpi” jurnalında dərc olunan karikaturaları yada salırdı. Dözmədim, niyə belə kökəlməsinin səbəblərini soruşdum. Qayıdıb nə desə yaxşıdır: “Qardaş, sədr olan şəxs elə mənim kimi bu cür bazburutlu olmalıdır”. Sonra əli ilə xeyli irəli çıxmış qarnını sığallayıb “Dost – düşmən var, qoy deməsinlər ki, acından ölür, özünə korluq verir” dedi. Vaxtilə yorulmaq bilmədən ora – bura qaçdığımız, zarafatlaşdığımız dostuma heç nə demədim. Bildim ki, nə desəm, xətrinə dəyəcək. Buna isə yol vermək olmazdı. Kim bilir, nə vaxtsa yenidən görümək qismətimiz olacaqdı, ya yox...

Vəzifə “tələblərinə və qanunauyğunluqlarına” görə hədsiz çəki qazanan dostum, deyilənə görə, vəzifəsini itirəndən sonra xeyli arıqlayıb. Birinci şəxs olduğu vaxt aldığı kostyumları, ayaqqabıları daha geyinə bilmir. Arıqlamaq, görünür bəzi fəsadlar da qoyub sir – sifətində, bədənində. Danışırlar ki, üzünün dərisi xeyli sallanıb, əllərinin, qollarının damarları çıxıb, gözləri çuxura düşüb. Yerişi, duruşu da əvvəlki deyil. Düşünülmüş şəkildə piyləndirilmiş bədənin birdən – birə sürətlə əriməsi fizioloji dəyişikliklərlə yanaşı, mənəvi – psixoloji sarsıntılarsız da keçmir axı.

Müasir oxucu misal gətirdiyim faktın üstündən, çox güman ki, saymazyana keçməyəcək. Sovet dövrünün bu gün də gərəkli olan, faydalanası dəyərləri az deyil. Bunu gizlətmək insafsızlıq olardı. Amma deputatlığa mütləq çobanı, yaxud sağıcını da seçməyin, özü də boy – buxunu, yaraşığı, evliliyi – subaylığı mütləq nəzərə almağın qəti tələb kimi qoyulması, vəzifə başında oturanın mütləq boylu – buxunlu, bazburatlı olmasının tələb edilməsi də acı bir xatirə kimi bu gün də yaddaşlardadır. Vaxt ötüb, indi həyatımıza yeni dəyərlər gəlib. İnsanlar artıq çəkidən çox sürətlə uzaqlaşmağa çalışır, sağlam həyat tərzini özlərinin dəyişməz ideallarına çevirilər. Vəzifə testlərində də fizioloji – bioloji faktorlar nəzərə alınmır. Cavanlar daha şux, enerjili görünmək üçün az yeməyə çalışır, idmanla məşğul olur, tez – tez səyahətlərə çıxır, təmiz havada gəzməyi üstün tuturlar. Bəzi istisnalar olsa da, köklük adlı xoşagəlməz və arzuolunmaz bəladan uzaq olmaq indi hər kəsin amalına çevrilib. Bəhs etdiyim mövzuda əvvəllər də yazmışam. Problem isə bu gün də aktualdır. Məhz bu amili nəzərə alıb problemə yenidən toxunmaq istədim.

Bəs köklükdən, artıq çəkidən necə yaxa qurtarmaq olar? Bu məsələdə birinci və pozulmaz şərt qidalanmadır. Düzgün qidalanmaq sağlam həyat tərzinin mühüm tərkib hissəsidir. Yunan filosofu Aristotelin “çox yeyənlər deyil, ən vacib qidanı qəbul edənlər sağlam ola bilərlər” fikrini özü üçün həyati prinsipə çevirənlər məqsədə daha tez çatırlar. Orqanizmin normal inkişafını təmin etmək, sağlamlığını, yüksək iş qabilliyətini saxlamaq, nəhayət uzun ömür sürmək insanın nə qədər və nə yeməsi ilə şərtlənir.

Hələ qədimlərdə babalarımız məsləhət bilirdi ki, süfrənin arxasından doymamış qalxmaq gərəkdir. Çünki çox yemək adamı az yeməkdən də qoyur. İbn Sina deyirdi ki, yediyinizi həzm etmədən təkrar yeməkdən çəkinin, məhz ona görə ki, bütün xəstəliklərin səbəbi çox yeməkdir. Ölkəmizdə dietologiyanın bir elm səviyyəsinə qalxmasında müstəsna xidmətləri olan tibb elmləri doktoru, professor Maqsud Qasımov “Sağlam həyat tərzu uğrunda” kitabında yazırdı ki, çəkisi həddən artıq olan şəxslər çox vaxt deyirlər ki, heç də başqalarından çox yemirlər, əksinə, az yeyirlər, çəkilərinin artıq olmasını isə maddələr mübadiləsinin pozulması ilə əlaqələndirirlər. Onlar səbəblə nəticəni səhv salırlar. Müşahidələr göstərir ki, çəkisi artıq olan və maddələr mübadiləsi pozulmuş şəxslərin 98 faizində bu əlamət artıq çəki yarandıqdan sonra nəzərə çarpmışdır. Xəstələrin cəmi iki faizində maddələr mübadiləsinin pozulması artıq çəkinin yaranması səbəbindəndir”.

İndi dünyanın bir sıra ölkələrində artıq çəki insanları narahat edən başılca problemlərdən birinə çevrilmişdir. Mütəxəssislər kökəlməni bir sıra xəstəliklərə rəvac verən, arzuolunmaz fəsadlara yol açan bir əlamət kimi xarekterizə edirlər. Çəkinin həddən artıq olması, bununla da maddələr mübadiləsinin pozulması ürək – damar, qaraciyər, şəkərli diabet, böyrək, daxili sekresiya vəzifələrinin bir sıra xəstəliklərinə, hətta xərçəngə tutulma ehtimalını qat – qat artırır, orqanizmin bu fəsadlara qarşı müqavimətini azaldır. Unutmamalıyıq ki, gənc yaşlarında yaranan və ömür boyu saxlanan artıq çəki insan həyatın orta hesabla 7 – 8 il qısaldır.

Hazırda cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, yağlı yeməklər yeyənlər kökəlməyə daha çox məruz qalırlar. Lakin şəkər və şirniyyatdan istifadəyə üstünlük verənlər daha tez kökəlirlər. Əla növ undan hazırlanan müxtəlif cür çörəklər, qənnadı, makaron məmulatı, düyü və yarmalar kökəlməni sürətləndirən qida məhsullarındandır. Ət və ət məhsulları, balıq, süd, yumurta artıq çəki yaranmasına səbəb olan faktorlardan olsa da, bunlar çox miqdarda işlənmir. Qida rasionunda tərəvəz və meyvələr də azlıq təşkil edir. Bununla əlaqədar problemləri yoluna qoymaq, qida rejiminə ciddi əməl etmək olduqca zəruridir. Gündə neçə dəfə yeməyin əhəmiyyətini də unutmaq olmaz. Hər gün 5-6 dəfə az miqdarda qida qəbul etmək, meyvə və tərəvəzə üstünlük vermək olduqca xeyirlidir. Qısa müddətdə arıqlamağa çalışmaq isə qətiyyən düzgün deyil. Bu, zəifləməyə, tez yorulmağa, başgicəllənməyə səbəb ola bilər. Ev şəraitində arıqlamağın münasib sürəti həftədə yarım kiloqramdır və heç vəchlə bir kiloqramdan artıq olmamalıdır. Aclıqla özünümüalicəyə də yol verilməməlidir.

Dietoloqlar belə bir elmi nəticəyə gəliblər ki, müntəzəmlik düzgün qidalanmada mühüm rol oynayır. Qidalanmanın müntəzəm olması anlayışı, əvvələn, gün ərzində qida qəbulunun sayını, ikincisi, sutkalıq rasionun ayrı – ayrı qida qəbulları arasında düzgün bölünməsini, üçüncüsü, qida qəbulunun sutkanın müəyyən vaxtına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu qaydalara düzgün əməl olunarsa, orqanizm qida rejimizə öyrənər, iştaha vaxtında oyanar, vaxtında yuxu gələr, fiziki və zehni iş qabilliyəti yüksələr. Təəsüf ki, düzgün qida rejiminə əməl edənlər o qədər də çox deyil. Gah sürüşkən qrafik, gah ictimai iş, gah da hər cür gözlənilməz vəziyyət buna mane olur. Lakin öz sağlamlığını qorumağı  bacaran, canının qədrini bilən insanlar hər cür maneələri geri qoymaqla istədiklərinə nail olurlar.

Professor Maqsud Qasımov bununla bağlı şahidi olduğu bir əhvalatı mənə də danışmışdı: “Bir dəfə mühazirə vaxtı birdən nəsə yeməyə başlayan tələbə diqqətimi cəlb etdi. Birinci dəfə məzəmmət etmədim, fikirləşdim ki, hansı bir xüsusi təsadüfsə onu bu cür hərəkətə məcbur edib. Lakin ikinci və üçüncü məşğələlərdə də eyni şey təkrar olundu. Bu dəfə onu məzəmmət etməli oldum: “Axı fasilə vaxtı var, bir az gözləmək olmazdımı?”. Tələbə qız sakitcə cavab verdi ki, mədə xorası olduğundan ciddi rejim üzrə qidalanmalıdır. Etiraz etməyə yer qalmırdı. Dedim ki, belə isə nuş olsun, öz sağlamlığına hörmət edən bir adam kimi sizinlə həmişə fəxr edəcəyəm. O vaxtdan illər keçdi. Bu yaxınlarda bildim ki, tələbəm şəhər poliklinkalarının birində işləyir. Lakin harada olursa – olsun – səhiyyə şöbəsinin iclasında, baş həkimin yanında və ya öz kabinetində, fərqi yoxdur, heç kimdən utanıb – çəkinmədən saat 13.00-da çantasından bir şey çıxarıb yeməyə başlayır”.

Bir çox ölkələrdə insanlar öz sağlamlıqlarına qayğı ilə yanaşmağa adət edərək, bunu bir qanun şəklinə salıblar. Hər kəs hec bir şərtliyə məhəl qoymadan qrafik üzrə qidalanmağa çalışır. Təəssüf ki, çoxumuz nizamsız surətdə qidalanmaqla ömrümüzü nə qədər qısatdığımızın fərqində deyilik. Həddən artıq yemək kimi, yəqin ki, bu da ömrümüzü heç olmasa 7-8 il gödəldir. Bəziləri siqaret və alkoqolun köməyi ilə bu rəqəmi bir az da artırır. Daha yerdə nə qaldı? Bədbəxt hadisələrin, təbii fəlakətlərin, stress və digər fəsadların “bəxş etdiyi” sürprizləri də yada salsaq, sağlamlığımız haqqında daha çox düşünməli və müdriklərin məsləhətlərini qulaqardına vurmamalıyıq.

P.S. Bəzi ərzaq məhsullarının, restoran və kafelərdəki qiymətlərin artması da təbii olaraq qida rasionuna əl gəzdirmək üçün əla fürsətdir. Pulunun qədərini bilməyənlər canlarının qədrini bilsələr yaxşıdır. Təbii ki, həkim olmadığım üçün dediklərimi sadəcə dost tövsiyyəsi kimi qəbul edəcəksiniz.

Akif CABBARLI