Kiyev heç vaxt təslim olmayacaq

 15:24 15.03.2022     23032

Qəzənfər BAYRAMOV

Hitlerin bacarmadığını Putin də bacarmadı: blitskriq alınmadı və rus ordusu taktikasını dəyişdirdi - indi sadəcə şəhərləri dağıdır və dinc sakinləri öldürür. Bu, qətliamdır, yəni, rus əsgəri artıq döyüşçü deyil, qatildir. Ukraynaya “denasifikasiya” üçün soxulan rus qoşunları faktiki olaraq faşistlik edirlər.

Rusiya ordusunun qəddarlığı, şəhərləri və dinc sakinləri bombardman etməsi, raket atəşinə tutması taktikası rus hərbi gücünün tükənməsindən xəbər verir. Bu taktika ilə Putin Zelenski hökumətini qısa müddətdə sındıracağına ümid edir. Amma nə Putinin davası tezliklə bitənə, nə Zelenski asanlıqla təslim olana oxşayır...

3-4 milyon əhalisi olan Kiyev son 60 ildə ikinci müsibətini yaşayır. II Dünya müharibəsi ərəfəsində Ukrayna paytaxtı sakinlərinin sayı 900 min nəfər idi. Müharibə başlayanda 200 min kiyevli cəbhəyə yola düşdü və əksəriyyəti geri qayıtmadı. Bəlkə də çoxu Moskva və digər rus şəhərinin müdafiəsində həlak olub. 1941-ci il sentybrın 19-da almanlar şəhərə girəndə artıq 350 min nəfər kiyevli ya Kiyevdən qaçmış, ya da köçürülmüşdü. 778 gün işğal altında qalan Kiyevdə faşistlər 200 minə yaxın insanın həyatına son qoydular. 1943-cü ilin noyabrında işğaldan azad olan Kiyevdə 180 min nəfər əhali qalmışdı...

Amma bu dəfə Kiyev təslim olmaq niyyətində deyil. Bir çox hərbçi və ekspertlər Kiyevin duruş gətirəcəyi fikrindədirlər. Məsələn, ABŞ Silahlı Qüvvələrinin 2014-2017-ci illərdə Avropada komandanı olan general-leytenant Ben Hoces əmindir ki, Putin bu müharibəsində uğurdan uzaqdır və qəti qənaəti belədir: “ Mənin proqnozum – Kiyev heç vaxt təslim olmayacaq”.

General Hocesin Rusiya-Ukrayna müharibəsi, rus hərbi gücü ilə bağlı maraqlı müşahidə, mülahizə, qənaət və təxminləri var:

• Ruslar yarımaydan artıqdır hücuma keçiblər, amma Moskva yalnız bir iri şəhər (Xerson) ələ keçirib;

• Rusiya ordusu Rusiya müdafiə sənayesinin, elə Müdafiə Nazirliyinin daxilindəki, ümumiyyətlə, bütün Rusiyadakı korrupsiyanın, ikili hesabatlığın və digər hiylələrin nəticəsidir. By gün bütün bunlar gün işığına çıxır: hərbi bölmələr yetərli təlim almayıb, intizam yoxdur, maddi-material hissə yetərli şəkildə işləmir və ya yanacaqsız qalırlar;

• Hərbi bölmələrin bu miqyasda savaş aparmaq təcrübəsi yoxdur;

• Belə görünür ki, barəsində eşitditimiz Gerasimovun sehrli doktrinası mövcud deyilmiş; - General Hoces “ sehrli doktrina” deyəndə, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Valeri Gerasimovun “hibrid müharibə” konsepsiyasına kinayəli eyham edir.

• Ruslar öz imkanlarını çox şişirdiblər... Mən gerçəkdən, rusların öz üstünlüklərindən istifadə etməyə qabil olmamalarından heyrətə düşmüşəm. Hücum edən həmişə vaxtı və yeri özü müəyyən edir. Ukrayna müdafiə olunmalı idi, onlar rusları təhrik etmədən, bəhanə vermədən oturmalı və gözləməli idilər ki, zərbə nə vaxt olacaq;

• Bizi və Ukraynanı irəlidə çoxli pis həftələr gözləyir. Belə müharibə üçün ən azı üç şey lazımdır: sərhədsiz vaxt, bitməyən silah-sursat və tükənməyən insan resursları. Putində bunların heç biri yoxdur. Onun vaxtı bitir, çünki sanksiyalar sonda sözünü deyəcək. Silah-sursat ehtiyatları bitir, canlı qüvvə sarıdan da problemlər var.

• Ukrayna belə inadla dirənərsə, Qərb Ukrayna qüvvələrinin təchizatını gücləndirərsə, 10 gündən sonra rus ordusu “geri dönüş nörtəsi”ni keçəcək və fəal hücum əməliyyatları keçirə bilməyəcək.

Yeri gəlmişkən, savaş həmin nöqtəni keçməlidir ki, Putin hərb yolu ilə hədəfinə çatmayacağını anlasın və real danışıqlara getsin. Anlamazsa, Kremlin sahibi ilə hər hansı danışıqların nə fayası, nə də perspektivi var.

Təəssüf ki, bütün körpüləri yandıran Putinin anlamamaq ehtimalı daha yüksəkdir. Məsələ sadəcə onun hansısa xəstəliyi və ya çoxillik təkhakimiyyətliliyin fəsadı olan paranoya ilə bağlı deyil.

4 il əvvəl Rusiya lideri az qala Orxan Gəncəbaysayağı “batsın belə dünya” deməklə çoxlarını həyəcanlandırmışdı. “Bizim belə dünya nəyimizə lazımdır, əgər orda Rusiya yoxdursa?”- deyə Putin hədələmişdi. Yeri gəlmişkən, bu ifadə I Pyotrun feldmarşalı Minixdən plagiatdır. “Rusiyanı birbaşa cənab Allah idarə edir. Amma bizim belə dünya nəyimizə lazımdır, əgər Rusiya orda olmayacaqsa?” - qraf Minix demişdi. Yəni, Rusiya Allahın adı ilə bu dünyanı batıra da bilər.

Putin Allahlıq iddiasında olmasa da, ətrafının canfəşanlığı sayəsində özünü çoxdan Rusiya ilə eyniləşdirib. Dövlət Dumasının spikeri Volodin 8 il əvvəl Rusiyanın, liderinin və vətəndaşlarının durum və ovqatını dəqiqliklə ifadə etmişdi: “Putin varsa – Rusiya var, Putin yoxdursa – Rusiya yoxdur”. O vaxt Putin Volodinə etiraz etmədi, demədi ki, Rusiyaya, onun keçmişinə və gələcəyinə belə təpik vurmaq olmaz, ən azı belə yaltaqlıq olmaz, əksinə 2 il sonra Volodin Dumanın sədri oldu.

O vaxt Volodin Qərbi və dünyanı “Rusiyanın mahiyyətini anlamamaqda” suçlamışdı. Əslində, dərd də və bəla da Rusiya dövləti və başçılarının anlamaz və qanmazlığındadır.