Məhşərin dördüncü atlısı

 23:11 22.04.2022     21913

Qəzənfər Həmidoğlu

Putin qanlı aqressiv-isterik müharibəsini davam etdirir: dağıdır, qırır, öldürür. Sanki Məhşərin dördünçü atlısı artıq dünyaya enib. Düzdür, əlindəki ölüm nizəsi deyil, nüvə raketidir... 

Rəssam Viktor Vasnetsovun Bibliya mövzusunda çəkdiyi məşhur “Apokalipsisin döyüşçüləri” tablosu var. Rəsmdə  Həvari Yuhənnanın Əhdi-cədidə daxil olan Vəhy  (Apokalipsis) kitabındakı “Məhşərin dörd atlısı” təsvir olunur: “Yolxucu xəstəlik" (1-ci, ağ atda), “Müharibə” (2-ci, kürən atda), “Aclıq” (3-cü, qara atda) və “Ölüm” (4-cü, solğun rəngli atda)... Pandemiya var, müharibə başlayıb, BMT dünyanı aclıq və qıtlıq gözlədiyini bildirir və Putin qıra-qıra gedir...

Rusiya-Ukrayna müharibəsinin neçə həftə, ay və ya il sürəcəyini kimsə təxmin etməyə cəsarət etməz. Amma əminik ki, Putin Ukrayna xalqının ruhunu sındıra bilməyəcək. Ukrayna yalnız özünü işğalçıların caynağından qurtarmayacaq, postsovet məkanını, dünyanı putinizm bəlasından xilas edəcək.

Rusiya-Ukrayna savaşını, onun mümkün sonuclarını fərqli aspektlərdən dəyərləndirmək olar.  Pafoslu səslənsə də, bu müharibə həm də mütərəqqi dünyanın qurtuluş savaşıdır. 

Zira Rusiya-Ukrayna savaşının sonucu dünyanın sonrakı gedişatı, gələcək  düzəni ilə bağlı bu suala aydınlıq gətirəcək: 

• Hobbsçu dünyada qalacağıq, yoxsa  Kantçı dünya modelinə keçəcəyik?  

- İngilis filosofu Tomas Hobbsun  “Leviafan dövlət” nəzəriyyəsinə əsaslanan Hobbsçu dünya modeli supergüclərin planeti nüfuz bölgələrinə ayıraraq idarə etməsini nəzərdə tutur. Rusiya belə dünyada özünü rahat hiss edir. Kremlin ötən ilin sonlarında ABŞ və NATO-ya verdiyi ultimatumun mahiyyəti bundan ibarət idi ki, dünya bir daha iri dövlətlər arasında nüfuz dairələrinə bölünür,  bir supergüc digərinin məkanına soxulmur, beynəlxalq qurumlara, qlobal ittifaq  və mexanizmlərə ehtiyac yoxdur - dünyanın problemlərini nəhənglər bir araya gələrək (Potsdam konfransında olduğu kimi) öz aralarında müzakirə edə və çözə bilərlər.  

Nəhənglər hesab edirlər ki, ətrafdakı dövlətlər peyklər, satellitlər, forpostlar, vassallar və s. bu kimi kvazi-dövlətlər olmalı, onların ətrafında fırlanmalı, onların icazəsi ilə hərəkət etməlidirlər. Hətta xərac verməlidirlər, çünki onlar iri və güclüdürlər, əzmək statusları var.  Yəni, bu dünya yalnız böyük balıqlar üçündür və onlar istəsələr,  kiçik balıqları həzmi-rabedən keçirə də bilərlər. Düzdür,  kiçik balıqlar bəzən boğazda qalıb böyük balıqları o dünyalıq edə bilirlər. Ukrayna Rusiyanın boğazında qaldığı kimi...

Dünyada işğalçı dövlətlər az deyil. Məsələn, ABŞ İraq və Əfqanıstanı işğal etmişdi. Lakin amerikanlar ekspansiya siyasəti yürütmürlər: girdikləri ölkədən ərazi ilhaq etmir, sərhədlərini dəyişdirmirlər. Moskvanın gözü ətraf torpaqlardadır, işğal etdikləri əraziləri Rusiyaya “yapışdırırlar”.  RF-nin Mərkəz Hərbi Dairəsi qoşunlarının komandanı vəzifəsini icra edən Rüstəm Minnikiyev aprelin 22-də rus qoşunlarının Ukraynadakı müharibənin ikinci mərhələsi üçün hədəfini belə açıqlayıb: Donbas və Ukraynanın cənubu tam nəzarətə götürülür, ilhaq edilmiş Krıma quru yolu təmin edilir və Moldova sərhədinə çıxılır. Adam həyasızcasına eyham edir ki, Odessanı da alıb, Ukraynanı dənizsiz dövlətə çevirmək istəyirlər... 

- Böyük alman filosofu İmmanuel Kant isə “dövlətlər arasında əbədi sülh”ə inanırdı. Kantçı dünya beynəlxalq təşkilatların güclü, hüququn üstün olduğu, kimsənin kimsəni əzmədiyi, supergücün “veto” alətinin olmadığı, kiçik dövlətlərin də özlərini dövlət kimi hiss etdiyi  geosiyasi qütblərsiz dünyadır.  

Hipotetik səslənsə də, Ukraynanın bu savaşdakı qələbəsi, Putin Rusiyasının məğlubiyyəti  köhnə paradiqmaları arxivə ata,  Kantçı dünyanın təsbiti yolunu aça bilər.  Bu zaman iki dövlət arasındakı problemin həllində üçüncü, Ermənistan-Azərbaycan sülh danışıqlarında Rusiya və ya başqa birisi artıqdır.  

Və yaxud belə bir konyunkturada Zəngəzur dəhlizi üzərindəki duman da dağılacaq: bu dəhliz üçün maraqları kəsişməyənlərin süni “çoxtərəfli dialoq və çoxplanlı əməkdaşılığ”ı əsasında planlaşdırılan  "3+3" regional əməkdaşlıq platforması kimi qarmaqarışıq geosiyasi  konfiqurasiyaların, manevrlərıin, iddiaların mahiyyəti aydın olacaq.  Bakıdan çıxan qatar Azərbaycandan Ermənistana, ordan yenə Azərbaycana (Naxçıvana) və ordan da Türkiyəyə gedirsə, bu marşrutda  tərəflər perspektivdə anlaşmağa meyllidirsə,  bura Gürcüstan qoşulmaq istəmirsə, İran naz edirsə və ya Rusiya  Zəngəzur dəhlizində “hobbsçuluq” etmək istəyirsə,  ən təbiisi  və Kantçı dünyaya uyğun olanı  “2+1” əməkdaşılıq platformasının təsisidir. Gec-tez elə də olacaq, nə qədər optimist təxmin kimi səslənsə belə...