Mariupol xərabəsi siçovulları...

 20:21 25.04.2022     22220

Qəzənfər HƏMİDOĞLU

Qorxunc müharibənin 2 ayı arxada qaldı. Ötən müddətdə  Rusiya işğalçı simasını bütün eybəcərliyi və rəzilliyi ilə ortaya qoydu, özünü rüsvayi-cahan etdi.

Buça qətliamı ilə Rusiya və ordusunun üzərinə əsrlər boyu daşıyacağı mənfuriyyət damğası vuruldusa, Azov sahilində mühüm strateji əhəmiyyətə malik Mariupol müsibəti ilə bəşəriyyət illərllə unutmayacağı iyrənc hərbi təcavüzə zorən şahid oldu... Düzdür, “Azovstal” uğrunda döyüşlərdə Ukraynanın “Azov” alayı müdhiş qəhrəmanlıq salnaməsi yazmaqda davam edir. Şübhəsiz ki, Mariupol Qəhrəman şəhərdir, onun barəsində kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indi  Rusiya 60 günlük uğursuzluq və fərsizliyinin intiqamını manyakcasına bu şəhərdən alır.  Liman şəhərində daşı daş üstə qoymayan, dinc sakinləri “ət çəkən”dən keçirən rus savaş maşını məhz Mariupolda  hərbi qəddarlığın zirvəsinə oturdu...  

Bir 2 nəfər və oturan insanlar şəkili ola bilər

Şoyqunun Mariupolun işğalı ilə bağlı Putinə hesabat verdiyi səhnə isə hərbi-siyasi absurd və miskinlik  nümunəsi idi.  İki avantürst həpənd mızıldanır və sonda sanki məzələnirlər:  “Mariupolun azad edilməsi üzrə döyüş işlərinin başa çatması uğurdur”... Mariupolu yer üzündən siliblər, minlərlə insanını qırıblar. Müharibədən əvvəl Mariupol turizm cənnəti, tarixi abidələri və mədəni nailiyyətləri ilə Azov dənizinin mirvarisi idi, indi  400 min nəfərlik şəhər viran edilib, bayquşlar və siçovullar məskəninə çevrilib ...

Mariupolun Dram teatrını da dünya unutmayacaq.  O teatr ki, zirzəmisinə 1200 şəhər sakini – qadınlar və uşaqlar sığınmışdı və teatrın ətrafında yerə “UŞAQLAR” sözü yazılmışdı ki,  bina bombalanmasın. Amma martın 16-da ruslar düz teatrın binasına raket buraxdılar...  

Daha bir qəddarlıq, barbarlıq nümunəsi isə şəhəri sanki Orta Əsrlər qalası kimi mühasirəyə almaqla sakinlərin ac-susuz saxlanılması,  humanitar dəhliz  açılmaması və hətta arada-sırada belə dəhliz açılarkən  humanitar karvana atəş açılması oldu...

Ruslar Mariupolu məzar-şəhərə  çevirdilər: şəhərdə 30 “qardaşlıq məzarı”-quyusu aşkarlanıb, bu quyulardan birinin uzunluği 300 metrdir. Son məlumatlara görə, işğalçılar izi itirmək üçün meyitləri şıxarıb başqa yerlərə daşıyır və ya qaz kameralarında yandırırlar... Rus əsgərləri şəhərin sağ qalmış əhalisini  “filtrasiya”dan elə keçirirlər ki, 80 il əvvəl heç faşistlər Mariupolda belə heyvərəlik etməmişdilər. 40 min mariupollu isə zorən Rusiyaya deportasiya edilib..

Bu günlərdə Rusiyanın informasiya agentlikləri və rəsmi saytları belə xəbər yaydılar ki, “hərbi əməliyyatlar başlayandan sonra Mariupolda  ilk məktəb açılıb”.  Üstəlik, şəhərin 53 saylı orta məktəbinin direktorunun yerinə yenisini də tapıblar və   “dərslər Rusiya Təhsil Nazirliyinin təsdiqlədiyi proqram üzrə keçirilir”.

Küçələrdə hələ də  meyitlərin qaldığı bir vaxtda Mariupol xarabalıqlarında məktəb açıb dərs keçmək  qərarı vermək üçün  şərəfsizliyin dibinə lövbər atasan gərək... Bir ay əvvəl – martın 20-də Rusiya qoşunları 400 şəhər sakininin sığındığı Mariupolun incəsənət məktəbinə bomba atmışdılar... İndi iki həpənd “azad edilmə”dən dəm vurur, bir-birlərini “uğur” münasibəti ilə təbrik edirlər. Hətta Putin Şoyquya əmr verir ki,  rus qoşunları “Azovstal”ın katakombalarına soxulmasın, “çünki bizim əsgər və zabitlərin həyat və sağlamlıqları barədə düşünməliyik.

Bu sənaye zonasını elə bloklayın ki, heç milçək uça bilməsin”...  Bunlar sanki bu dünyalıq deyillər, fərqli aləmdə, başqa paraleldə yaşayırlar. Putin və Şoyqunun həmin görüşdəki oturuş şəkli, davranış, baxış və ifadə tərzlərini diqqətlə seyr edin:  qarşınızda düşdükləri avantüradan çıxmaq üçün baş sındıran, sonra nələrin olacağını təxmin etməkdə çətinlik çəkən, boğazacan qana batsalar da, simalarını saxlamaq hayında olan  iki qoca var.

Düzdür,  illüziya və ambisiyaları bu qədər qana, fəlakətə, müsibətə səbəb  olan Putinin vəziyyəti  sonadək dərk etməsi, adekvat reaksiya verə biləcəyi hələ də sual altındadır və üstəlik, gün keçdikcə situasiyadan çıxış resursları tükənir...

Jurnalist Andrey Kondraşovun “Putin” filmində Kremlin sahibi   həyətdə rastlaşdığı siçovulla bağlı bir əhvalat danışır: “ Pilləkənlə enirdim, siçovulu gördüm, başladım onu qovmağa . Onu hansısa küncə sıxışdırdım. Siçovul geri döndü və arxamca qaçmağa başladı. Sadəcə qaçmırdı, pilləkəndən pilləkənə uçurdu və başıma tullanmaq istəyirdi”. Həmin filmdə Putin özünə müdrik görkəm verir və əlavə edir ki, ən yaxşısı heç vaxt heç kimi küncə sıxmamaqdır. Yəni, Putin eyham edir ki, Qərb Rusiyanı  küncə sıxmasın, sıxarsa, siçovul kimi  üstünə tullanar. Ukrayna təcrübəsi göstərir ki, öz “pritçası”ndan dərs çıxarmayan məhz Putinin özüdür...