Rusiyanın sonuncu qəbirqazanı...

 10:19 02.05.2022     24015

Qəzənfər Bayramov

“Kimsə müharibə istəmirdi, müharibə qaçılmaz idi”. Amerikalı yazıçı və tarixçi Barbara Takmanın “Avqust topları” və ya “2014-cü ilin avqustu” kitabında Birinci Dünya müharibəsinin başlaması ilə bağlı gəldiyi bu qənaət müharibə haqqında deyilən məşhur klassik ifadələr sırasındadır.

Əslində, “müharibəni kimsənin istəməməsi” gözəl yalandır, həm Birinci, həm də İkinci dünya müharibələrini istəyən və ya gözləyən kimsələr yetərincə idi. Bunu digər miqyaslı və ya lokal savaşlar barədə də iddia etmək olar. Müharibə adətən istənilir və istəyənlər onun kiçik olacağına və qələbə ilə bitəcəyinə ümid bağlayırlar. Sonucda dəhşət yaşanır, minlərlə, milyonlarla insan müharibənin ətçəkən maşınından keçirilir...

Putin də Ukraynada “kiçik müharibə və qələbə” istəyirdi. Hesab edirdi ki, Ukrayna feyk-dövlətdir, “tarixin səhvi”dir və Putinin missiyası bu səhvin “düzəldilməsi” üzərində keçmiş Rusiya imperiyasını yenidən quraşdırmaqdır.

Amma 70-ci gününə yaxınlaşan Rusiya-Ukrayna müharibəsində Putinin xülyası basdırıldı. Hər şey kəlləmayallaq oldu: bu müharibədə yalnız Ukraynanın taleyi həll olunmur, Putin öz hikkə və ambisiyaları ilə Rusiyanın taleyini də qumara qoymuş oldu.

Ukrayna müharibəsi Rusiya üçün qaçılmaz zərurət deyildi. Putin üçün Ukraynaya soxulmamaq, ümumiyyətlə, ekspansiya siyasətindən imtina etmək variantı da vardı, hər halda Rusiya “ekzistensial” varlığını uzatmaq üçün başqa yollar da seçə bilərdi.

Bu başqa məsələdir ki, hələ müharibədən əvvəl Rusiya nəhəng bir ölkə kimi öz bütövlüyünü saxlamaq imkanlarını, resurslarını, arqumentlərini, hətta cəmiyyət kimi identikliyini tükətmişdi. Fərqli fikirləri damğalayan Kreml təbliğatının zombiləşdirdiyi cəmiyyət qapalı dairəyə salınıb. Bununla belə, sorğu mərkəzlərinin Putinin “xüsusi əməliyyatı”na rusiyalıların 70-80 faizinin dəstək verməsi barədə xəbərləri şübhəlidir. Zira avtoritar rejimlərdə gerçək sosiologiya olmur ki, sorğusu da olsun. Üstəlik, xofda yaşayan cəmiyyətlərdə səmimiyyət şkalası da aşağılara yuvarlanır...

Qayıdaq öz qoyunumuza - yəni, müharibə və Rusiyanın taleyi məsələsinə. Rusiya tarixi boyunca dəfələrlə çöküş həddinə yaxınlaşıb. Rüriklər sülaləsinin sonunun çatması zamanı, Romanovlar xanədanının süqutunda, SSRİ-nin dağılmasında əsas qəbirqazanlar xariçi qüvvələr olublar, Rusiya hakimiyyətlərinin fərsizliyi və daxili faktorlar bu işdə yardımçı rolda çıxış edib. Məsələn, Reyqan və Tetçer SSRİ-nin əsas qəbirqazanları idi. Qorbaçov onun tabutuna son mismarı vurdu, Yeltsin isə bu tabutu məzara endirdi. Bu dəfə isə Rusiyanın qəbirini öz hikkəsi ilə məhz Putin Ukrayna bataqlığında qazdı.

Qərb Rusiyanın “tabutu”nu əvvəldən hazırlayırdı və Ukraynanın müqaviməti ABŞ və müttəfiqlərini bu işə daha da həvəsləndirdi. Antiputin koalisiyasının təməlinin atıldığı Amerikanın Almaniyadakı Ramşteyn hərbi-hava bazasında keçirdiyi sammitdə Pentaqonun şefi Lloyd Ostin Rusiya təcavüzünə qarşı Ukraynaya dəstəkdə ABŞ-ın “yerlə göyü tərpədəcəyini” bildirdi. İkinci Dünya müharibəsində Stalinə Hitleri yıxmaqda kömək edən ABŞ “Lend-liz”inin hədəfi bu dəfə Putini darmadağın etmək oldu. Amerikanların strategiyası Rusiyanı döyüş meydanında elə hala salmaq, hərbi potensialına elə zərbə vurmaqdır ki, Moskva bir daha işğalçı müharibə aparmaq və qonşularının torpaqlarına göz dikmək fikrinə düşməsin. Böyük Britaniyanın xarici işlər naziri Liz Tras Londonda keçirilən pasxa banketində faktiki olaraq London və NATO-nun anti-Rusiya doktrinasını ortaya qoydu və elan etdi ki, hədəf Putin Rusiyasını çökdürməkdir və sonrasa növbə Çinə çatacaq. ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland isə açıq tekstlə bəyan etdi ki, Amerika Rusiyanın Ukraynaya qarşı müharibəsinin Putinin strateji məğlubiyyəti ilə başa çatmasına nail olmağa çalışacaq.

Müharibəni “Putinin strateji məğlubiyyəti ilə başa çatdıqmaq” məqsədi sadəcə Rusiyanın işğalçı müharibəni davam etdirməyə qabil olmamasını nəzərdə tutmur, eyni zamanda Putin rejimini çökdürməyi hədəfləyir. Çünki Rusiyanın Ukraynada məğlub olması prinsipcə Putin hakimiyyətinun sonu deməkdir. Tarixi təcrübə göstərir ki, Rusiya məğlubiyyətləri həzm edə, rus xalqı isə belə acı ilə yaşaya bilmir. Çox güman ki, müharibədən sonra biz başqa Rusiyanın şahidi olacağıq. Rusiyanın hərbi potensiala, güc arqumentinə sahib olmadan indiki sərhədləri daxilində mövcudluğunu qoruya biləcəyi şübhəlidir.

Məsələ heç də yalnız Rusiyanın sərt sanksiyalara məruz qalmasında, kənar müdaxilələrdə və ya Çinin ölkənin şərq torpaqlarına nə vaxtsa mümkün ekspansiyasında deyil, gerçəkdən nəhəng dövlətin indiki halında mövcudluğunu sürdürmək üçün resurslarını tükətməsindədir. Mümkündür ki, Putin Rusiyasının süqutu bu coğrafiyada böyük sarsıntılar, qanlarla müşayiət olunsun. Amma dünyanı “nüvə dəyənyi” ilə hədələyən bu nəhəng parçalanmalıdır ki, ətrafı, nəhayət, rahatlıq tapa bilsin...