“Silah, yoxsa yağ” dilemması: Hitlerdən Putinədək...

 14:26 06.07.2022     14816

Jozep Borrel “Rusiya topla (döyüş topu) yağ arasında seçim etməlidir” sözləri ilə bir tərəfdən klassik “silah, yoxsa yağ” (ing. Guns or Butter) dilemmasını, digər tərəfdən nasistlərin “yağ əvəzinə top” (alm. “Kanonen statt Butter”) şüarını yada saldı…

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel bu günlərdə “Le Journal du Dimanche” dərgisində sanksiyaların Rusiyaya necə təsir etməsi ilə bağlı “Moskva seçim etməlidir: ya yağ, ya top” (“Moscow will have to choose either butter or guns”) adlı məqalə yazıb. Borrelin yazdığına görə, Ukraynaya soxulması ilə bağlı Rusiyaya tətbiq edilən sanksiyalar artıq bu ölkənin iqtisadiyyatına öz təsirini göstərir və sanksiyaların effekti gələcəkdə daha da artacaq:

“Aİ Moskvaya qarşı 6 sanksiya paketi qəbul edib. Hazırda bizim tədbirlərimiz Rusiyada demək olar ki, 1200 fiziki və 98 hüquqi şəxsə, o cümlədən iqtisadiyyat sektorunun böyük hissəsinə qarşı yönəlib. Bu sanksiyalar G7 ölkələri ilə razılaşdırılmaqla qəbul olunub. 40-dan artıq ölkənin (o cümlədən ənənəvi neytral ölkələrin) eyni cür və ya analoji tədbirlərə al atması sanksiyaların effektivliyini artırır. 2022-ci ilin sonuna biz rus neftinin idxalını 90% ixtisar edəcək və qaz idxalını da sürətlə azaldacağıq. Bu qərarlar bizi tədricən asılılıqdan azad edəcək, həmin asılılıq Putinin aqressivliyi qarşısında uzun müddət bizim siyasi seçim etməyimizə əngəl olurdu”.

Borrel qeyd edir ki, Çin də sanksiyalardan yan keçərək Moskvaya yardım etməyə can atmır. Onun sözlərinə görə, sanksiyalar Rusiyanın hərbi imkanlarını da məhdudlaşdırır, xüsusilə yüksəkdəqiqlikli silahlar istehsalı sahəsində: “Bütün aparıcı texnologiyalar üzrə Rusiya Avropadan 45%, ABŞ-dan 21% asılıdır, Çindən asılılığı isə vur-tut 11%-dir... Sanksiyalar Rusiyanın “İsgəndər”, Kh-101 ( “Xa-101” “hava-yer” strateji qanadlı raketi) kimi yüksəkdəqiqlikli raket istehsalı imkanlarını da məhdudlaşdırır.”

Bununla yanaşı, Aİ-nin Ali nümayəndəsi qeyd edir ki, sanksiyaların yaxın zamanlarda Putinin strateji hesablamalarını dəyişdirəcəyinə ümid etməyə dəyməz, çünki Rusiya lideri iqdisadi məntiq və mülahizələrə əsaslanmaqla hərəkət etmir. Lakin Rusiya rəhbərləyi zaman keçdikcə topla yağ arasında – yəni, müharibəni davam etdirməklə əhalinin həyat səviyyəsi arasında seçim etməyə məcbur olacaq: “ Sanksiyalar onu topla yağ arasında seçim etmək məngənəsində qandallayaraq getdikcə daha güclü şəkildə sıxmaqdadır”...

Beləliklə, Qərb ümidini Rusiyanın hərbi məğlubiyyətindən daha çox, iqtisadi çöküşünə bağlayır. Bu, ağrılı proses isə hələ uzun sürəcək. “Yağ əvəzinə top”a gəldikdəsə, bu şüar xalqının rifahını arxa plana ataraq təcavüzə hazırlaşan dövlətin siyasətini ifadə və ya simvolizə edir.

1935-ci ildə Almaniya kərə yağı defisiti ilə üzləşəndə Herman Görinq bildirmişdi ki, “toplar bizi güclü edir, yağdan isə yalnız kökələ bilərsən”. Görinqin sözləri sonradan faşist təbliğatının “Yağ əvəzinə top” şüarına çevrilir - yəni, öncə olan Vermaxtın silahlandırılmasıdır. Hitlerin təbliğat naziri Yozef Göbbels bir il sonra nasistlərin qurultayında Görinqin tezisini inkişaf etdir: “Lazım olarsa, biz yağsız yaşayarıq, topsuz isə heç vaxt”. Fürerin müavini Rudolf Hess isə “Kanonen statt Butter” şüarını belə təsbit edir və əsaslandırır: “ Daha çox yağ üçün daha çox topa sahib olmalıyıq, yoxsa sonuncu yağımızı da əlimizdən alarlar”...

Nürnberqdə keçirilən Beynəlxalq Hərbi Tribunalın hökmündə faşistlərin bu şüarı – Hitlerin silahlanma naminə alman xalqını qurban verməsi siyasəti bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilmişdi...

Qəzənfər Bayramov