Azərbaycana "ad qoydu"

 21:20 29.11.2022     14915

Qəzənfər Həmidoğlu yazır...

Azərbaycan Respublikasının adının dəyişdirilməsi, “Şimali Azərbaycan” adlandırılması təklifi təzə söhbət deyil,  üç-dörd ildən bir ölkənin ictimai-siyasi gündəmini məşğul edir. İranla münasibətlər gərginləşəndə, Güney Azərbaycanla bağlı hansısa eksses baş verəndə və yaxud Azərbaycan Respublikasında siyasi gündəliyin əsas mövzularından  diqqəti yayındırmaq  istədikdə,  belə “rebrendinq”i milli məsələ kimi polemika predmetinə çevirməyə cəhd edilir…  

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin tribunasından təklif edib ki, müstəqil Azərbaycanın adı Şimali Azərbaycan olmalıdır:

“Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”. 

Düz 10 il əvvəl  - 2012-ci ilin fevralında da Milli Məclisdə oxşar təklif səsləndirilmişdi. O vaxt YAP-ın icra katibinin müavini olan Siyavuş Novruzov təklifi belə dəstəkləmişdi: “Dünya praktikasında Şimali və Cənubi Koreya, Şimali və Cənubi Kipr kimi dövlət nümunələri var. Azərbaycan Respublikasının da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan Respublikası adlandırılması daha məqsədəuyğun olardı”.

Şimali Azərbaycan adını gündəmə gətirənlər öz təkliflərini adətən belə arqumentləşdirirlər: 

“Ölkənin bir cənubu da var” və beynəlxalq aləm bundan xəbərdar olmalıdır. İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda  Tehranı qıcıqlandıracaq istənilən təşəbbüsü, hətta siyasi bekarçılıqdan törəyən avantürist təklifi belə dəyərləndirmək olar.  Amma Azərbaycanın adı ciddi ictimai-siyasi-hüquqi və beynəlxalq məsələdir,  əgər milli və geosiyasi zərurəti varsa, isbatı üçün daha tutarlı arqumentlər ortaya qoyulmalıdır. Ölkənin və xalqın bölündüyünü dünyanın diqqətinə çatdırmaq, düşmənlərin gözünə soxmaq və Güneyi stimullaşdırmaq   aspektləri, eləcə də siyasi konyunktura narrativləri  vacib və yetərli arqument sayıla bilməz, zira Azərbaycan Respublikası kimi qalaraq da bu işləri görmək olar… 

Beynəlxalq praktikaya gəldikdəsə, “şimal” elə də uğurlu epitet deyil, naqolay assosiasiya yaradır və rəsmən də yoxdur. Məsələn, Şimali Koreya və ya Cənubi Koreya rəsmi dövlət adı deyil, Koreya yarımadasında  ikiyə bölünmüş iki dövlət var:  Koreya Xalq Demokratik Resbublikası və  Koreya Respublikası. Və yaxud reallıqda iki Kipr olsa da, BMT yunan Kiprini və ya Kipr Respublikasını tanıyır,   Şimali Kipr Türk Respublikasını tanımır. İrlandiya adası da iki yerə bölünüb: İrlandiya Respublikası və Şimali İrlandiya.  Burda da şimalın bəxti uğursuz olub, Şimali İrlandiya Böyük Britaniya Krallığına daxildir…

Hər bir halda, müasir müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və  məhz onun qurucuları Azərbaycan coğrafi adına siyasi məzmun veriblər. Böyük Məhəmməd Əmin Rəsulzadə demişkən: “28 mayıs 1918 il bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”. 

Ümumiyyətlə,  rebrendinqə getmədən də rəsmi Bakı “Şimali Azərbaycan” narrativini qeyri-rəsmi aktivləşdirməklə fərqli paradiqmalarla geosiyasi hədəfini ortaya qoya bilər. Belə görünür ki, İkinci Qarabağ müharibəsindən sonra yaranan konyunktura,  Ukrayna-Rusiya savaşı və İranda baş verənlər fonunda regionda gedən qarmaqarışıq proseslər  Azərbaycan dövlətini  də gec-tez geosiyasi stavkanı qaldırmağa məcbur edəcək və bunun üçün zəmin də yaranır. Amma bu, başqa söhbətin mövzusudur…