Heydər Əliyevi Qarabağda müşayiət etmiş jurnalistin XATİRƏLƏRİ

 12:54 01.05.2023     5776

Böyük dövlət adamı, dünyanın məşhur ictimai və siyasi xadimləri arasında xüsusi çəkisi və siqləti ilə seçilən Heydər Əliyev özünün bütün siyasi və dövlətçilik fəaliyyəti boyu sözə, söz adamlarına rəğbəti, ehtiramı və diqqəti ilə də yaddaşlardadır. Bunu mən də bir jurnalist olaraq əyani müşahidə eləmişəm və Ulu öndərin səfər və görüşlərindən aldığım təəssüratı bu gün də qəlbimdə və heç zaman silinməyəcək duyğular kimi yaşatmaqdayam.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan ölkənin sosial – iqtisadi və mədəni inkişafı ilə bağlı sovetlər birliyində heç vaxt görünməmiş, müşahidə edilməmiş islahatlara start vermişdi. Azərbaycan aqrar ölkədən elmin, sənayenin, mədəniyyət və incəsənətin əsil sıçrayış dövrünə qədəm qoymuşdu. Pambıqçılıq, üzümçülük, baramaçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişafı İttifaq göstəricilərini xeyli qabaqlamış, əhalinin sosial rifahı, dolanışıq tərzi digər respublikalarda olduğundan deyli fərqlənməyə başlamışdı. Bütün bunlar isə Heydər Əliyevin rəhbərlik məharətinin, idarəçilik matodlarını işlək vəziyyətə gətirmək bacarığının məntiqi nəticəsi idi. O, vaxtaşırı Azərbaycanın siravi əmək adamları, mütəxəssisləri, təsərrüfat və partiya – sovet rəhbərləri ilə görüşür, yerlərdə görülən işlərlə əyani tanış olur, məsləhət və tövsiyələrini verirdi.

70 – ci illərin ifadəsi ilə desək regionlarda keçirilən zona müşavirələrində Azərbaycan Dövlət Teleradiosunun gənc reportyoru kimi iştirak etdiyim günləri indi də əziz xatirə kimi ürəyimdə yaşadıram. Bu müşavirələr bəzən gecə yarısınadək uzanırdı, amma vaxtın necə keçməsini ölkə rəhbəri də, iştirakçılar və biz jurnalistlər də qətiyyən hiss eləmirdik. Heydər Əliyev ölkənin taleyüklü problemlərindən elə canıyananlıqla, ustalıqla, səriştəli tərzdə danışırdı, saysız-hesabsız fakt və rəqəmləri müqayisəli şəkildə elə çatdırırdı ki, onun yaddaşına, sadə, anlaşıqlı, amma güclü məntiqlə süslənmiş nitqinə heyran olmaya bilmirdik. O, adi kolxozçunu da, raykom katibini və naziri də diqqətlə dinləyir, sorğu-suala çəkirdi və axırda bəlkə də heç kimin görmədiyi məqamları elə həssaslıqla diqqətə çatdırırdı ki, sonradan heç bir müzakirəyə yer qalmırdı. O vaxtların çəkiliş texnologiyaları təbii ki, indiki kimi yüksək səviyyəli deyildi və televiziya operatorları bəzən  olduqca çətin situasiyalarla üzləşməli olurdu. Heydər Əliyev belə məqamlarda, xüsusən də operatorların çəkilib dolmuş kassetləri dəyişdiyi zaman öz nitqində məzmunca elə məharətli dəyişmələr edirdi ki, sonradan rejissor və redaktorlar çıxışı efirə hazırlamaqda əziyyət çəkməsinlər. Təbii ki, bunu zalda oturanlar qətiyyən hiss eləmirdi, bu cür “protokoldankənar” anlaşmalar böyük, uzaqgörən kişinin sözə, sənətə, jurnalistikaya olan etibarından, dost münasibətindən qaynaqlanırdı. Onun müşahidə radiusundan heç nəyin heç zaman kənarda qalmadığını biz jurnalistlər yaxşı bilirdik.

Heydər Əliyev çiynində kamera gəzdirən, əlində mikrofon və bloknot olan insanlara əsl dost, dövrün salnaməsini yaradan yaradıcı insanlar kimi yanaşır, tədbirlərdən sonra düzənlənən çay süfrəsində onları bir qayada olaraq lap yaxınlığında əyləşdirərdi.

1980-ci ilin aprelində Heydər Əliyev Azərbaycanın bir qrup yaradıcı ziyalısını və qələm adamlarını da özü ilə Naxçıvan Muxtar Respublikasına səfərə aparmışdı. Azərbaycan Teleradiosundan gedənlər arasında əslən naxçıvanlı olan Hidayət Səfərli və bu sətirlərin müəllifi də vardı. Səfərimiz dörd gün çəkdi. Bu müddətdə Heydər Əliyev və onu müşayiət edən şəxslər Muxtar Respublikanın bütün rayonlarında oldular. Şahbuzda, Batabatda və EA-nın Rəsədxanasında səmimi görüşlər keçirildi. Heydər Əliyevi gül-çiçəklə, duz-çörəklə qarşılayan naxçıvanlılar onun bu gəlişindən sonra bu diyarın daha da abadlaşacağına, çiçəklənəcəyinə ümidvar olduqlarını dilə gətirirdilər. Ordubadlı gənc qızın öz nişanlısı üçün minik maşını barədə xahişini Heydər Əliyev olduqca səmimi qarşılamış, əlavə olaraq öz adından bu sadə və dilavər qıza cehizlik mebel ayrılmasına da göstəriş vermişdi. Bəlkə də bu, indi kimin üçünsə adi görünə bilər, amma Azərbaycan rəhbərinin, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizədin bu cür mehribançılığı və ülfəti o vaxtların yadda qalan hadisələrindən biri idi.

Naxçıvan səfəri barədə televiziya və radio reportajlarını diqqətlə izləyən və dinləyən Heydər Əliyev elə ertəsi gün öz fikrini və qənaətini çatdırır, təşəkkürünü bildirirdi. Tənqidi qeydlərinə növbəti reportajımızda necə əməl etdməyimizi də xüsusi vurğulayırdı. Onun mülahizə və təklifləri hər birimizin “qulağında bir sırğa” rolunu oynayırdı. Elə şəxsən mənim jurnalistlik fəaliyyətimdə Ulu öndərin tövsiyyələri sanki bir məhək daşına çevrilmişdi.

Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndən sonra da bu böyük şəxsiyyətin keçirdiyi görüşlərdə, mətbuat konfransalarında AzTV-nin əməkdaşı kimi iştirak etmiş, ondan müsahibələr almışam. Maraqlı və sevindirici hal o idi ki, uzun illərdən sonra da vaxtilə onun tədbirlərini işiqlandıran hər kəsi tanıyır, salamlaşır, əhvalımızı soruşurdu. Bir-bir hamımızla görüşür, əllərimizi ata nəvazişi ilə sıxırdı. Bu cür yanaşma, belə təmas isə köksündə özü boyda ürək gəzdirən böyük şəxsiyyətlərə xas olan əlamətdir.

Hələ ötən əsrin 70-ci illərində tələbə ikən yolumuz Qarabağa düşəndə mütləq Qalaya da qalxardıq. Azərbaycanın fəxri sayılan söz-sənat adamları ilə Cıdır düzündə yarımca saatlıq gəzinti, İsa bulağının başında samovar çayı içməyimiz, Üzeyir bəyin, Bülbülün ev muzeylarinə, Cümə məscidinə baş çəkməyimiz bizi nə qədər də zenginləsdirərdi. Dəfələrlə Azərbaycanın tanınmış ziyalıları, söz - sənət xiridarları  Xudu Məmmədovun, Şahmar Əkbərzadənin, Zeynal Məmmədovun (hər üçü haqq dünyasındadır, qəbirləri nurla dolsun!) dəvəti ilə Şuşanı qarış - qarış gəzmiş, dolaşmiş, amma doymamışdıq, yorulmamışdıq.

...1982-ci il yanvar ayının 14-də Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində  iştirak etmək üçün Şuşaya gedən media nümayandələri sırasına telejurnalist kimi düsmək lap ürəyimdən idi. AzTV-nin cəkiliş  qrupunda iki kinooperator vardı: Rüstəm Zülalov ve Sergey İşxanov. Xankəndidə qatardan düşəndə ermənilərin Sergeyi duz-buz kimi "yalamaları" indi də gözümün qabağındadır. Bizimlə isə candərdi görüşdülər. Bir-iki saatı bu şəhərdə necə keçirdiyimizi təsəvvür etməzsiniz. Sanki Azərbaycandan minlərlə kilometr uzaqlarda, düsmənlər arasında idik. Ermənilərin buz kimi donuq sifətləri qəlbimizi üşüdürdü. Şuşada isə əhvalımız tamam dəyişdi. Şəhər sakinləri, rayon rəhbərləri bizi doğmaları, əzizləri kimi bağırlarına basdılar, "xos gəldin" elədilər. Sergeylə də yaxın adamları kimi görüşdülər, hal-əhval tutdular. Qəribəsi bu idi ki, operatorumuz burada ozünü sudan çıxmış balıq kimi hiss edirdi. Gözləri yol çəkir, özünü qəribə aparırdı. Əlbəttə, "Miatsum"a hələ altı il qalsa da, azacıq müşahidə ermənilərin içindən üzunə vuran hissləri duymağa imkan verirdi.

Şuşaya əvvəlcədən gələn qonaqlar, jurnalistlər, dövlət məmurları Azərbaycanın rəhbəri Heydər Əliyevi Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində böyük sevinclə qarşıladılar. Qarlı-şaxtalı gün olsa da, hamının üzündə bir sevinc, nur, qəlbində hərarət vardı. Paytaxtdan gələn adlı-sanlı qələm sahibləri, Şuşa camaatı, televiziya və qəzet müxbirləri xalqın böyük oğlunu səmimiyyətlə, qayğı ilə əhatələmişdi. Heydər Əliyev mərasimdə geniş nitq söylədi, Vaqif yaradıcılığını, fəaliyyət göstərdiyi dövrü ətraflı  təhlil etdi, şairin misralarını əzbər söylədi. Məqbərənin açılış mərasimindən sonra Şuşadakı doqquzmərtəbəli mehmanxananın restoranında böyük ziyafət verildi. Heydər Əliyev adəti üzrə jurnalistləri lap yaxınlığında əyləsdirmisdi. Dediklərini tam aydınlığı və dəqiqliyi ilə eşidirdik. Dağlıq Qarabağın rəhbəri Boris Kevorkova tutduğu iradlar da yaxşı yadımdadır. Heydər Əliyev onu Xankəndidə rastlaşdığı erməni dilində yazılmış lövhə və reklamlara, hətta məclisdə gördüyü mineral suların, içki şüşələrinin üstündəki yazılara görə əməlli-başIı məzəmmət etdi, bildirdi ki, bu yazılar ilk növbədə, dövlət dili olan Azərbaycan dilində yazılmalıdır. Yəqin ki, böyük şəxsiyyətin  qarşısında Borisin hansı hisslər keçirdiyini, necə utanıb-qızardığını təsüvvür etmək o qədər də çətin deyil.

Şuşa səfərimiz Vaqifin məqbərəsinin açılışı  barədə telereportaj hazırlamaqla məhdudlaşmamışdı. İki gün də əlavə bu şəhərdə qalmış, müxtəlif mövzulu materiallar işləmişdik. O illərdə dövlət televiziyasının Dağlıq Qarabağ üzrə təmsilçisi olan Raqub Mustafayev bu işda bizə yaxından kömək göstərmişdi. Raqub müəllim bizi Şuşanın tarixi-mədəniyyət abidələrinə, sanaye müəssisələrinə, təhsil ocaglarına aparmış, nüfuzlu simalari ilə tanış etmiş, maraqlı  videosujetlərin hazırlanmasına şərait yaratmışdı. Onu da deyim ki, Sergey İşxanov "xəstəliyi" ucbatından bizi vaxtından əvvəl tərk etmiş, Xankandiyə, sonra da Bakıya yola düşmüşdü...

Lap sonralar iş elə gətirdi ki, mən 2021-ci il avqustun axırlarında M.P.Vaqifin məqbərəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpasından sonra açılış mərasiminə dəvət aldım – bu dəfə Ulu öndərin şah əsəri olan cənab İlham Əliyevin bu mərasimdəki nitqini əyani dinləmək mənə də qismət oldu. Təbii ki, bir ömür çərçivəsində bu cür təsadüflərin doğurduğu izaholunmaz duyğuları yaşamağın ayrı cür hüsnü var.

Ulu öndərimizlə bağlı xatirələrin işığında yaşamaq və istisinə qızınmaq isə əsil xoşbəxtlikdir.

Akif Cabbarlı,
Yazıçı-publisist, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının redaktoru