Şuşaya qovuşmaq - Arzuların gerçək olduğu xoşbəxt məqam

 13:42 20.05.2023     508

Şuşaya gedəcəyimi öyrənəndə sevincdən həqiqətən göylərdə uçurdum. Gedəcəyim günü, yalnız şəkillərini gördüyüm, haqqında başqalarından eşitdiyim xəyallarımın məskəni Şuşaya qovuşacağım o xoşbəxt anı iplə çəkirdim.

Nəhayət, Şuşadayam. Möcüzədir. Təəssüratlarımı, orada yaşadığım xoşbəxt anları qələmə almaq üçün bir neçə gün gözlədim. Yazdım, pozdum, yazdım pozdum, nəhayət yazdım. 

... Mayın 14-də səhər 05:30-da artıq Şuşa avtobusunu gözləyirdik. Bizim avtobusla gedənlərin əksəriyyətinin gözlərinin içi  qıp-qırmızı idi. Hamı eynən mənim kimi həyacandan o gecə yatmamışdı. Hamı deyilən vaxtdan 1 saat tez gəlmişdi... 

Və ürəyimizdə qürur, gözümüzdə həsrət yola düşdük...

Saatlar sonra Şuşaya qovuşanda gördüyün mənzərə qarşısında dilim sussa da, gözlərim danışırdı. İşğaldan azad olunmuş ərazilərimizə daxil olduqda Füzulidə görünən, mənfur düşmənlər tərəfindən dağıdılmış evlər ürəyimizi parçalasa da, sevincli idik, çünki artıq bu torpaqlar bizdə idi. Nisgilimizi, kədərimizi sevinc boğurdu. Mənim ürəyim bu qədər yanırsa, bu dağıdılmış evlərdə böyüyənlərin, yaşayanların həmin mənzərəni görəndə yaşadıqlarını təsəvvür etmək mümkünsüzdür. Bilmirəm, bəlkə də Qarabağdan olduğum üçün bu mənzərə məni çox kədərləndirdi. Gözümü yoldan ayırmaq istəmirdim, elə hey nəsə axtarırmış kimi gözüm uzaqlara dalırdı. Bu torpağın hər addımında qanı tökülən oğulların ruhu salamlayır bizi.

Vətən müharibəsində şəhid olmuş hərbçilərin xanımları ilə çox həmsöhbət olmuşam. O ruhları qucaqlayıb xanımlarının salamını onlara çatdırmaq, xanımlarının nisgilindən onlara  söz açmaq gəlirdi içimdən. O yarımçıq sevgilərə, talelərə o qədər şey borcluyuq ki. Çünki Vətən pay olmasın deyə, canlarını, sevgilərini bu torpağa pay verdilər. Bütün hisslərin ən üst səviyyəsini yaşayırsan bu torpaqlarda. Adətən gəzdiyim yerləri görməklə kifayətlənsəm də, azad olunmuş torpaqlarımızdakı erməni vəhşiliklərinin durmadan videosunu çəkdim. Çünki erməni vəhşiliyinin insanlığa sığmayan bütün yönünü hər kəsə göstərmək istəyirəm.

Şuşa azad olunandan sonra ən böyük arzum idi oranı ziyarət etmək. O gün bu gün idi...

Bələdçimiz Zəfər yolundayıq deyəndə o adın hökmü bürüdü ruhumu, sinəm qabardı sanki. Axı igid oğullarımız ölümdən qorxmadan Qarabağın açarı olan bu yolda can qoyublar, canlarını biz bu yolla rahat gedək deyə qurban veriblər.

Bir zamanlar qayalıqlardan uçuruma sürüklənən oğulların övladları həmin qayaları dırmanaraq yalın əllə azad etdiyi torpağa baxanda yaşadığım hisslərə ad tapmağa çalışıram. 

Daşaltının sıldırım qayaları çox qəribədir, şəhidlərimizin üzü canlanırdı gözümdə. Gözüm isə dolurdu...

Üzü yoxuşa qalxdıqca, marağım da, həyəcanım da artırdı. 

Nəhayət dumanın arasından "Şuşa" yazısı göründü. Üzümdə açan çöhrəni isə özüm belə duyurdum. 

Cıdır düzündə bir yağış yağır ki, tut ucundan göyə çıx. Yağış mənim üçün həmişə uğurun rəmzi olsa da, bu dəfə arzuma çatmağımın rəmzi oldu. Cıdır düzündən açılan mənzərəyə baxıb inanmaq istəyirdim ki, mən artıq Şuşadayam. Çünki mənim istəklərim gec yerinə yetir ona görə bu dəfə yuxuda olmağımdan qorxurdum. Amma yuxu deyildi, arzuların gerçək olduğu xoşbəxt məqam idi...

"Anadır arzulara hər zaman Qarabağ" misralarını zümzümə edərək tarix qoxan Şuşa küçələrində, bihuş olduğum doğma diyarda addımlayıram. Artıq zamanımız daralır, Şuşayla vidalaşmaq zamanıdır.

Həyatım boyu bütün ayrılıqlara nifrət etmişəm, bir şəhərdən digər şəhərə gedəndə belə içimdə həmişə boşluq hissi yaranıb. Bir təsəvvür edin, indi Şuşanı qoyub getmək mənim üçün necə çətindir. 

Amma bilirəm, yenə görüşəcəyik, "Qarabağın Tacı", mədəniyyətimizin beşiyi, igidlərimizin canı, Şuşa. Əlvida, yox, hələlik, Şuşa!

Şuşaya sevgilərlə, 

Humay İSGƏNDƏRLİ

222222222