Qırmızı atobusda qıpqırmızı qan izi
(hekayə)
-Hə, qardaş, hər şey bir anın içindəcə baş verdi. Sanki göy guruldadı, şimşək çaxdı, yerə isə dolu, yağış yox, al-qırmızı qan damcıladı.
Sağ gözümün altı, qaşımın üstü əməli - başlı paralanmış, avtobusun döşəməsinə isə sızqa bulaqdakı kimi qan damcıllayırdı. Sifətimin necə, harasının yaralandığını təcili yardım maşınında həkim söyləyəcəkdi, hələliksə sol gözüm açıq idi və mən üst-başımı isladan və aramsız olaraq qırmızı avtobusun çirkli döşəməsində rəqs edən isti qan damcılarını ürək çırpıntıları altında seyr etməkdəydim.
Ağsaqqal dostum Elbrus Şahdağlinskinin danışdıqları nə vaxtsa oxuduğum kədərli hekayədən bir epizodu xatırlatdı mənə.Tanınmış memar və həm də yazıçı kimi ölkədə ad-san qazanmış dostumdan xahiş elədim ki, başına gələn əhvalatı təfərrüatı ilə danışsın görək axı nə baş verib...
- Avqust ayı çox isti keçdi də, bilirsən. İstilər heç həyətə düşməyə də macal vermirdi ki, saqqaldaşlarımla nərd oynayıb başımı qataydım. Məzuniyyətimin bitməyinə də on gün qalırdı. Dörd divarın arasında gün keçirməyin əzabı yəqin ki, sənə də tanışdır. Kiçik nəvəmin xəstələnməsi, ağır cərrahi əməliyyat ərəfəsində yaşadığı iztirablar da məni hədsiz üzürdü. On yaşlı adaşımı nə qədər əzizləsəm, oğrayıb-oxşasam da doymurdum.Doğrusu çox fikir edirdim. Zavallı uşağın ayağının doğranacağı mənzərəsini göz önünə gətirəndə gedib o dünyanı görüb gəlirdim. Allaha yalvarırdım ki, mənim canımı alsın, təki sevimli balama heç nə olmasın. Qanlı bıçaq, cərrahın donuq sifəti gözlərimin önündən bir an da çəkilmirdi. Bir gün şəhərə çıxası oldum. Aptekdən özümə lazım olan dərmanları almalıydım. Qıpqırmızı, yaraşqlı avtobusda ayaq üstə dayanıb dağı arana, aranı da dağa daşımaqda ikən...
Elbrus müəllimin sözünün dalını gətirməkdə çətinlik çəkdiyini görüb köməyinə çatmaq istədim.
Gəl bir siqaret çəkək, sonrasını danışarsan, tələsmə, - dedim.
Yox, çəkmirəm, qoy hamısını danışım, sonra baxarıq – dedi.
Hə, məsələ belə olub də. Avtobus sürücüsü mənim də düşməli olduğum dayanacağa beş – on addım qalmış qarşısına qəfil çıxan minik maşınını əzməmək üçün dərhal əyləci basmalı olur. Təbii ki, sürətlə gedən maşınların toqquşması daha ağır nəticələr verə bilərdi. Qəfil tormoz, şaqqıltı, gurultu və orta qapının dəmir çərçivəsinə zərbə ilə dəyməyimlə gözlərimdə alışıb – sönən şimşək. Üst – başım, sir – sifətim al – qanın içində camaatın köməyi ilə yerə düşdüm və dayanacaqdakı oturacağa çökdüm. Yaxşı insanlar hər yerdə tapılır. Ciblərindən dəsmal, çantalarından salfet çıxarıb başımdan axan qanı kəsməyə çalışırdılar. Qan isə aramsız olaraq hey damcılayırdı. Kimsə təcili yardıma zəng elədi. Cavan bir oğlan su götürüb sifətimi yumaq istədi. Kimsə də heykəl kimi donub qalmış sürücünü söydü, yamanladı. O da görünür bərk qorxmuşdu, heç dilini də tərpətmədi. Sadəcə təcili yardım maşını gələnə qədər donuq vəziyyətdə gözlədi və sonra avtobusunu işə salıb sürüb getdi. Paparatsilər onun da, maşının da, elə mənim də şəklimi çəkmək istədilər, qoymadım. Dedim qoy yayılmasın, sürücünün günahı yoxdur. Mən belə fikirləşdim, bəlkə də varıydı...
Təcili yardım maşını gəldi və mənim qolumdan tutub maşına mindirdilər. Orta yaşlarında olan həkimin birinci sözü bu oldu ki, avtobusun nömrəsini yazıb və polisə demək lazımdısa zəng edə bilər. Məsləhət bilmədim. Dedim ki, sürücünün mənimlə düşmənçiliyi yoxdur, bilə - bilə əyləci basmayıb ki, məni zədələsin. Sonra həkim mənimlə hələ maşın yerindən tərpənməmiş xeyli söhbət elədi. Adım, ünvanım, işim, vəzifəmlə maraqlandı. Bir sözü təkrar – təkrar soruşurdu. Heç demə, aglımın, huşumun üstündə olduğunu dəqiqləşdirirmiş. Fikirləşirmiş ki, görək kəllə- beyin zədəsi almışam yoxsa yox...
Xəstəxanada da xeyli sorğu – sual elədilər. Polisə müraciət edib – etməyəcəyimi soruşdular. Onu da dedilər ki, sənin kimi insaflı, Allah adamı tək – tək tapılar. Nə təmənnasız kişisən sən...
Çapıq yerlərimin qanını kəsdilər və sifətimə yorğan sırıyan kimi əntiqə iki tikiş də qoydular.
Nəhayət evə zəng elədim, əhvalatı danışdım. Tökülüşüb gəldilər, üstü – örtülü bir məzəmmət də elədilər ki, sənin avtobusda nə işin var, maşınımıza nə gəlib axı...
Nə başını ağrıdım, nəzuniyyətimin on gününü yaşadığım çoxmərtəbəli, çoxmənzilli binanın 16 – cı mərtəbəsində keçirdim. Qonaq göyərçinləri yemlədim, dəniz sahilində aramsız işləyən və ömrünü çoxdan başa vurmuş neft mancanaqlarının siluetlərini doyunca izlədim.Xeyli zəifləmişdim, fərli – başlı yeyə də bilmirdim. Bir onu bilirdim ki, Allah məni eşidib, amma axıradək yox. Nəvəmə qurban gedə bilməmişdim. Görünür Yaradan belə məsləhət bilib, şükür məsləhətinə. Nəvəm də əməliyyatdan uğurla çıxdı. Tezliklə tam sağalacaq insallah.
On gündən sonra yaramın tikişini sökdülər və işə başladım. İlk sözüm xətrini dünyalar qədər istədiyim Sevda xanıma oldu. Dedim ki, Aydın müəllimdən eşitmişdin başıma nə gəlib. Bəs niyə zəng edib hal - əhval bilmədin. Gözləyirdiniz ki, ölüb gedim bu dünyadan? Sənə güvəndiyim dağlar...
Elbrus müəllim məzuniyyət vaxtı başına gələnləri bütün təfərrüatı ilə elə danışdı ki, bir neçə il qabaq 17 nömrəli avtobusda özümlə bağlı baş verən əhvalat bütün çılpaqlığı ilə gəldi durdu gözümün qabağında.
Nə isə, bu günə şükür...
Akif CABBARLI