Şərqdə qız statistikadır, oğlan dəyər
Qızlar Gününü ayrıca qeyd etməyin görünür ağlabatan izahı var. Əslində övladın qız və ya oğlan olmasının elə bir fərqi yoxdur. Xeyirli övlad olması önəmlidir. Ancaq Qoca Şərqin qaranlığında qız övladı həm də qaranlıq taleyi yaşama perspektivi olan insan deməkdir. Bir valideyn üçün ayrıca məsuliyyət deməkdir.
Şərqdə qız statistikadır, oğlan dəyər. Əfqanıstanda, İranda, Ərəb məkanında qız olmanın hansı fəlakət olduğunu düşünə bilirsinizmi? Bu qızların, qadınların hamısı Avropaya, Amerikaya köçəndən sonra insan kimi yaşamağın həzzini duya bilirlər.
Fikrimcə, qız övladına təhsil verməyən, ona statistika kimi baxın, doğuş makinası kimi baxıb erkən yaşda ərə verən, ana bətnində qız uşağını abort etdirməyə razılaşan hər hansı valideynin "qız övladım var!" deməyə qətiyyən haqqı yoxdur. Təhsilli, tərbiyəli, aydın fikirli qızlarımızla həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində keçirilən tədbirlərdə tanış olanda sevinirsən ki, millətimizin gələcəyinə ümidi artırmaq lazımdır. Gələcəyin qadınını savadsız, xəstə, kölə böyüdən bir cəmiyyətin alt qatları xəzəllə dolu olar, bu cəmiyyətlər inkişaf etmiş sayıla bilməzlər. Bizdə də bu məsələdə durum ürəkaçıcı deyil.
Təhsilsiz, ailəsi erkən dağılmış, sağlamlığını qorumamış, dinçi zehniyyətin, narkomaniyanın, insan alverinin əsirinə çevrilmiş qız övladlarını görəndə içimizdə kədərli duyğular baş qaldırır. Qızım Duru da daxil olmaqla gül üzlü qızlarımızı, qız övladı böyüdən valideynləri qutlayıram.
Fazil MUSTAFA