Zaməddin kişinin bəxtəvərliyi

 11:27 31.01.2024     18416

(hekayə)

Qızmar avqust günəşi dağların arxasında çoxdan gizlənsə də uzun və darıxdırıcı, biz yaşda olan məktəb uşaqları üçün olduqca üzücü və mənasız keçən tətil günlərindən birini kəndin aşağısından keçən enli, dərin və gur sulu arxın kənarında, sıx söyüdlüyün arasında keçirmək istəyimizə sinfimizin əksər oğlanları birağızdan “hə” demişdilər. Anamızdan xəlvət özümüzə ütülü olmasa da təmiz alt paltarları da götürmüşdük ki, çiməndən sonra əynimizə keçirək. Çünki nəm paltarda evə qayıtmağın “ləzzəti”ni atamızın şapalağı, anamızın danlağı nümunəsində çox görmüşdük.

Arxın dupduru sularına baş vurduq, əgər buna üzmək deyirlərsə xeyli aşağı- yuxarı çapaladıq və söyüdlüyün sərinliyində ağzı göyə uzanıb sinfimizin qızlarından, məktəbin həyətində bizi vecinə almadan gəzişən cavan müəllimlərdən, məktəbə təyinatla təzə gələn forslu müəllimələrdən xeyli danışdıq, orta məktəbi qurtarandan sonra hara gedəcəyimizdən, hansı peşənin yiyəsi olacağımızdan dəm vurduq, böyüklərdən eşitdiyimiz lətifələri qolun – qabırğasını sındırıb xeyli məzələndik də. Söhbətimzin şirin yerində söyüdlüyə tərəf gələn iki nəfərin siluetini apaydın görüb, bu barədə sinfimizin “ağsaqqalı” Namizədin qulağına pıçıldayanda yekəpər dostum sakit olmağımı, dilimi dinc qoymağımı tapşırdı.

  • Mirhəsən, səsini çıxarma, başını vurub qarpız kimi tən yarı bölərəm – dedi.

Nə deyə bilərdim, iki il dalbadal sinifdə qalan, ayı pəncəli, nataraz görkəmli Namizədin sözündən çıxmalı deyildim ki... Bir az keçdi, o iki nəfər yanımızdan sanki bizi görməmiş kimi, saymazyana keçdilər və biz onları qaranlıq düşməsinə baxmayaraq olduqları kimi tanıdıq; - Məktəbimizin təsərrüfat işlərinə baxan Zaməddin kişi ilə məktəbin xadiməsi tot Polya- Polina xala paltarlarını çıxara – çıxara söyüdlüyün lap sıx olan tərəfinə keçdilər. Sonra timsah balası kimi şappıltı ilə arxın dupduru sularına atıldılar. Maraq bizi götürmüşdü. Turgenevin “Mumu” hekayəsindəki Çerasimə bənzəyən, kələ - kötür sifətli, gödərək boylu Zaməddinlə maya kimi ağappaq sifətli, ucaboy Polina xala ilan kimi bir – birinə elə sarılmışdılar ki, sanki bir daha ayrılmayacaqdılar. Sonra ayrıldılar və suyu ovuclayıb bir – birinin üzünə, sinəsinə çırpdılar. Lap körpə uşaqlar kimi sevinir, çığırır, gülüşürdülər. Səkkizinci sinifdə oxuyan uşaqlar təbii ki, belə mənzərəni heç yuxuda da görəmməzdi. Uzaqbaşı televiziyada, ya da ki, həftədə bir dəfə kənd klubunda göstərilən hind filmlərində görə bilərdik belə mənzərəni.

Polya xala Zaməddinin başını lap balası kimi sığallayır, arabir də daz başından öpürdü də. Sonra da uzun burnundan yapışıb astadan pıçıldayırdı – “Moy milıy, tı xoroşiy, tı moy Rasputin”

Bəzi sözləri kart – kurt başa düşsək də Rasputin məsələsi bizə illər sonrası, Bakıda ali məktəbdə oxuduğumuz dövrdə agah oldu. Təbii ki, Zaməddin kişinin əslində savab işləkləri çar İkinci Nikolayın sarayında sözün əsl mənasında “at oynadan” Qriqori Yefimoviç Rasputinin “nümunəvi” əməllərinin yanında toya getməlidir.

Nə isə. Səsimizi içimizə salmış, Zaməddinlə Polya xalanın çıxardığı oyunlardan, pəstahalardan sanki qıc olmuşduq. Namizəd şəhadət barmağını dodaqlarının üstündən götürmürdü ki, nə isə danışaq, heyrətimizi qırıq – qırıq da olsa sözlə ifadə edək. Çimdilər, sonra da lüt – üryan sudan çıxıb üzüquylu çəmənliyə sərildilər. Aydın səmadan gülümsəyən ay bu cütlüyə sarı sanki bir rahatlıq duyğusu səpələyirdi. Daha    “ birinci seriya” bitmişdi və kino – mexanik lenti dəyişənə qədər gözləyə bilməzdik. Namizədin işarəsi ilə sürünə - sürünə mövqelərimizi tərk edəsi olduq. Heç tələsdiyimizdən alt paltarımızı dəyişməyə macal da tapmamışdıq deyəsən...

Namizəd yolda bizə bərk – bərk tapşırdı ki, bu barədə kimsə danışsa dəqiq bilsin ki, dili kəsiləcək. Onun sözü bizim üçün qanun idi və təbii ki, gördüklərimiz barədə evdə də, məktəbdə də bircə kəlmə olsun danışmadıq. Onlarla rastlaşanda çalışıb yanlarında çox qalmırdıq ki, birdən nə isə hiss edərlər. O illərdə kəndimizə hələ qaz çəkilməmişdi və siniflərimiz də, elə məktəb direktoru Əziz müəllimin əsgərlik dostunun dul qalmış və bizim kəndə sığınmış Polina İvanovnanın məktəbin həyətində yaşadığı təkotaqlı mənzil də Zaməddinin doğradığı odunla, yardığı yarmaçalarla qızırdı. Polina xalanın ocağında bişən yeməklərin ətiri az qala bütün kəndi bürüyürdü.

Yaz – yay aylarında da Zaməddin Polina xalaya bütün işlərində kömək edirdi. Pal – paltar yumaqdan tutmuş, təndirə çörək yapmağa qədər – hər işdə Zaməddin bu rus qadına yardımçı olurdu. Zaməddin də bizim kəndə hansısa dəmiryol stansiyasından gəlib çıxmışdı. Yetim oğlanı  kənd mollasının qarımış qızı ilə evləndirirlər və heç bir il çəkmir ki, Zaməddin övladı olmayan arvadını torpağa tapşırır və tənha qalır. Məktəbimizin direktoru, ürəyiyumşaq və səxavətli, həm də çox əzmkar və prinsipial kişi olan Əziz müəllim Zaməddinin qayğısına qalır, isə götürür, çörək yiyəsi edir. Zaməddin də məktəbin bütün işlərini elə vaxtında, səliqə ilə görür ki, sanki məktəbdə bütöv bir briqada işləyir.

Nə isə, mətləbdən çox uzaq düşməyək. Sentyabr gəldi, dərslər başladı. Avqustda, söyüdlükdə gördüyümüz, amma heç harada danışa bilmədiyimiz mənzərənin təəssüratı altında biz səkkizincilər də məktəbə yığışdıq. Heç beş – on gün keçməmişdi ki, böyük tənəffüsdə hamımızı məktəbin geniş idman meydançasına yığdılar. Direktorumuz da gəldi və toplaşanlar qarşısında qısa, amma çox mənalı bir çıxış elədi.

-Əziz müəllimlər və şagirdlər, Sizə böyük məmnuniyyət hissi ilə bildirirəm ki, bu gün  mənim əsgərlik dostum, rəhmətlik İqor Sergeyeviçin həyat yoldaşı, bizim bacımız Polina İvanovnanın əlli beş yaşı tamam olur. Mən onu hamınızın adından təbrik edir, cansağlığı arzulayıram. İndi də sözü onu qardaş kimi sevən, əzizləyən və qulluğunda duran, uzun illər bir yerdə bacı – qardaş kimi ömür sürən Zaməddin kişiyə verirəm. Zaməddin danışdı, özü də gözü yaşarmış halda, çənəsi əsə - əsə özünü saxlaya bilmədi, Polya xalaya yaxınlaşıb bərk- bərk qucaqladı və ağladı.Ədəbiyyat müəllimləri Sabir müəllim və Ədil müəllim, fransız dili müəllimi Rəsul müəllim, rus dili müəllimi Ağabala müəllim çox təsirli, ürək sızladan, həm də qəlb sevindirən çıxışlar elədilər. Bunu Polina xalanın ağappaq dəsmalı ilə tez – tez göz yaşını qurulamağından bilirdik.

Sonra direktorumuz rus dilində də təbrik çıxışı elədi və yığıncağın rəsmi hissəsi başa çatdı.

İllər keçdi, hərəmiz bir yerə dağılışdıq. Alı məktəbə girənimiz də oldu, kolxozda mexanizator, zavodda fəhlə işləyənimiz də. Sonralar yaxın adamların birindən eşitdim ki, Polya xala köçüb Krasnodara gedib, onun qaldığı evdə də paytaxtdan gələn bir rus dili müəlliməsi yaşayır. Adı Rənadır, subaydır, artıq yaşlaşsa da hələ canı sulu olan Zaməddin kişidən başqa üz tutası, sığınası kimsəsi yoxdur bu fanı dünyada...

Neçə onilliklər əvvəl şahidi olduğum əhvalat müxtəlif yozumlarda kənddə hələ də danışılmaqdadır. Özünə damar üyütmüş oğlanlar, hətta saqqalı çallaşmış kişilər Çerasimə oxşayan təsərrüfat müdirindən söhbət düşəndə bu cümləni də dillərinə gətirməyi unutmurlar; “Zaməddin kişinin sağ əli bizim də başımıza”.

Akif CABBARLI