Azan səsi - Vasif Əlihüseyn yazır
Kəndimizdə azan səsi namaz vaxtından əvvəl və sonra veriləndə artıq hamı bilir ki, bu qara xəbərdi, kimsə ölüb və camaatı xəbərdar etmək üçün azan verirlər.
Səhər təzə açılmışdı və sübh namazının vaxtından çoxdan keçmişdi kəndimizdə yenə azan verildi. Ürəyim qırıldı, görəsən ölən kimdi?!
Kəndin mərkəzinə çıxdım toplaşan adamlara yaxınlaşanda gördüm ki, hamı Mirzəcamaldan danışır, deyir axşam səhərə yaxın rəhmətə gedib. Mirzəcamalla bir küçədə yaşamışıq, hamı onu Mirzə kimi çağırırdı, amma o qələm əhli deyildi, yəni mirzəlik yox, bərbərlik edirdi, kəndin mərkəzində bərbər salonu da var idi. Mirzə dünyasını dəyişməmişdən öncə kənddə görüşdük, çay içdik xeyli söhbət etdik.
Dedi ki, “xərçəngəm, mədəmi əməliyyat edib götürdülər. Ən ağır əməliyyata belə girdim ki, nə qədər Allah ömür verib yaşayaram. Onsuz da bilirəm bundan sonra nə ömrüm var dərmanla yaşayacam”. Bu zəhrimara qalmış xəstəlik Mirzəni yaman arıqlatmışdı, qohumuq, yaxşı münasibətlərimiz olub, ondan uşaq da olsam özünü tay-tuş kimi aparardı, səmimi idi. Amma Mirzəyə ən böyük zərbə böyük oğlunu itirəndə dəymişdi. Ondan sonra infarkt keçirmişdi, ürəyində də problemlər yaranmışdı.
Elə bu dərd-sərlə yaşaya-yaşaya Mirzə axırda xərçəngə tutuldu.
Həmin gün yolda durub evindən meyitinin çıxmasını gözləyirdik. Adamların əksəriyyəti isə Mirzənin cənazəsini onun bərbər salonunun yanında gözləyirdi. Yağışlı bir gündə kənd sakinləri Mirzəni çiyinlərində aparıb son mənzilə yola salırdılar. O, sonuncu dəfə illərdir işlədiyi bərbər salonunun yanından keçirdi, amma insanların çiynində. Bu çox dəhşətli mənzərəydi. Həmin gün o bərbər salonu evin tək sahibini itirmişdi.
Mirzə bərbər işlədiyi dövrdə ən ucuz saçı o kəsirdi, əsas da ağsaqqallar onun yanına gəlirdi. Ona görə də kənddə hörmət qazanmışdı. Onun saç kəsməyinin qiyməti yox idi, kimin imkanı nəyə çatırdı onu da verirdi. Ona görə də onun dəfn mərasimində iştirak etməyi hamı özünə borc bilirdi.
Bu hadisə məni yaman sarıtmışdı və ona görə də neçə vaxt idi ki, bu yazını yazıb canımdan çıxarmaq istəyirdim. Bir də bu zəhrimara qalmış xəstəlik kəndimizdə içi anam qarşıq qadın, kişi qalmadı hamının axırına çıxdı.