Boz pişiyin ünvansız məktubu - Akif Cabbarlının hekayəsi

Mənim adım Marsdır. Düzü, bu adı niyə qoyublar bilmirəm. Marsdan gəlməmişəm, Yupiterdən də xəbərim yoxdur. Deyilənə görə əslim-nəcabətim Şotlandiyadandır. Hələ körpəlikdən, mavrı vaxtımdan bu ailəyə düşmüşəm. Məni burada çox sevirlər, əzizləyirlər. Evin ağsaqqalı məni sadəcə Vasya deyə çağırır. Bu adı səsləndirən kimi yanına qaçır, qucağına çıxıram. Eşitmişəm ki, ağsaqqal hələ lap gəncliyindən həmcinslərimə böyük hörmət bəsləyir. Bildiyim qədər pələng ilindəndir.Buna görə təbii olaraq pişikkimilərin hamısına böyük hörməti, tükənməz məhəbbəti var.
Evin ağbirçəyinin də mənə qarşı qayğısını heç vaxt unutmaram. Həmişə başıma sığal çəkir, ayaqüstə qaldırıb üzünü üzümə sürtür. Belə vaxtlarda o da kövrəlir, mən də. Çox ürəyiyumşaq qadındır. Məni ayda bir-iki dəfə o çimizdirir. Əllərini cırmaqlayıb eləmirəm. Bilirəm ki, təmizliyimi, yaraşıqlı olmağımı istəyir. Amma evin gəlini bir dəfə- onda bir yaşım tamam olurdu – məni yuyunduranda gördüm əsəbidir, mən də əllərini çırmaqladım, hətta barmaqlarını möhkəmcə dişlədim də. Odur-budur çimmək işinə yalnız ağbirçək baxır. Qaldı uşaqlara, on iki yaşlı dəcəl oğlan başıma min oyun açır. Gözümə qırmızı işıq salır, rəngbərəng ipləri fırladıb məni cırnadır. Mən də ondan qaçıram, bir küncdə gizlənib saatlarnan çıxmıram. On yeddi yaşlı qızcığaz isə ayrı aləmdir. Məni evdə hamıdan çox istəyir. Bunu dəqiq bilirəm. Havalar xoş olanda mənim üçün xüsusi olaraq tapıb aldıqları səbət- korzində məni həyətə düşürür, nazımı çəkir, tumarlayır. Doğrudur, tumarından xoşum gəlir, amma keçirdiyim iztirablardan onun zərrə qədər xəbəri olmur. Baxıram həyət pişiklərinə, ürəyim sıxılır. Oynaşırlar, qaçışırlar, arada bir həyətdə dənlənən ağlı-qaralı göyərçinlərdən birini tutub parçalayır, paylaşır, həyatdan qədərincə ləzzət alırlar. Mən isə yalnız mağazadan alınan yeməyə möhtacam. Niyə belə qayda qoyublar, bilmirəm. Axı niyə toyuq əti, mal ətinin kotleti, yumurta, kartof yeməməliyəm ki... Evdə söhbətlərini eşitmişəm, guya baytar həkimi belə məsləhət görüb. Onun məsləhəti başına dəysin. Hələ bu azmış kimi, o gün o həkim evin oğluna zəng edib məni təcili olaraq yanına apazdırıb. Nədir-nədir, artıq o vaxt yetişib ki, məni təcili əməliyyat eləsin, quzu kimi sakitləşim. Ömür boyu yadımdan çıxmaz, həkim əsil qəssab davranışı ilə məni dünyanın ən şirin ləzzətindən birdəfəlik məhrum elədi. Beləliklə nə vaxtsa rastlaşacağım, ünsiyyət quracağım zərif həmcinslərimdən biri ilə baş tutacaq romantik anlarıma iti qəssab bıçağı ilə heç vaxt silinməyəcək qara bir nöqtə qoydu.
Təbii ki, başıma gələn bu hadisəyə görə evdəkiləri qətiyyən qınamıram. Görünür, yuxunun şirin vaxtları qəfil miyoldamağım, zarımağım onları da narahat edirmiş. Həm də mənim gənclik eşqimin anlaşılmaz sızıltıları onların da qəlbini ağrıdırmış. Nə etmək olar, bu da bir taledir, alnıma yazılıb. Görünür biz pişiklərin həyatı bu cür anlaşılmaz, izaholunmaz hadisələrə köklənib. Amma yaşadığım, ağsaqqalın dediyi kimi, evin “kiçik oğlu” statusunu qazandığım mənzilin ab-havası, aurası çox ürəyimdəndir. Özümü burada rahat hiss edirəm. Evə hər cür ərzaq alırlar, biş-düş edirlər, yeyib-içirlər. Heç nəyə tamah salmıram, nuş canları olsun. Nə etmək olar, qayda bu cür qoyulub- mən ancaq market yeməyi yeməliyəm. Olsun, acından ölmərəm. Pəncərədən seyr elədiyim göyərçinlərə də uzun ömür arzulayıram. Allah o çöl pişiklərinə də insaf versin ki, ətcəbala quşlara diş qıcamasınlar. Axı, bu quşcuğazlar da yaşamaq, balalamaq, nəsil artırmaq istəyirlər. Onların ömrünü yarıda qırmaq bağışlanan deyil, axı..
Nə isə. Bir qədər həyacanlıyam. Bu məktubu pişiklərin hüquqlarını qoruyan hansısa təşkilata ünvanlamaq fikrim yoxdur. Sadəcə ürəyim dolu idi, qismən də olsa fikirlərimi yazıb yüngülləşmək istədim. Başağrısı oldusa bağışlayın. Hamınızı Çoxmərtəbəli, Çoxmənzilli Binanın lap yuxarısından salamlayır, hər birinizə, eləcə də mənim həmcinslərimə sakit, salamat həyat arzulayıram.
Son.
Akif CABBARLI