“Qarabağ”a bir dərs: Futbol final fitinə qədər oynanılır!

 00:55 28.08.2026     616

Bəzən bir futbol oyununun taleyini 90 dəqiqə yox, cəmi bir neçə saniyə həll edir. Bu gecə Bakıda yaşananlar da məhz belə idi.

“Qarabağ” UEFA Konfranslar Liqasının pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” klubuna məğlub olaraq mübarizəni dayandırdı. Halbuki hər şey “Qarabağ”ın xeyrinə idi. Komandamız ilk oyunda səfərdə 1:0 hesablı qələbə qazanmışdı. Cavab matçında isə 90+1-ci dəqiqədə hesab 1:1 idi. Yəni ümumi hesabda “Qarabağ” 2:1 öndəydi.

Başqa sözlə, Avropanın qapısı açıq idi. Sadəcə həmin qapını bir neçə dəqiqə qorumaq lazım idi.

Amma futbolun ən böyük tələsi də elə budur: “Artıq bitdi” düşüncəsi.

90+1-ci dəqiqədə “Qarabağ” 4 futbolçu ilə hücuma çıxır. Aleksey Kaşuk sağ cinahdan topla irəliləyir. Qarşısında irəli açılan üç komanda yoldaşı var. Hücumun davamı üçün imkan var. Bəlkə də son zərbəni vurmaq, bəlkə də oyunu birdəfəlik bitirmək üçün son fürsətlərdən biridir.

Amma Kaşuk irəli açılan futbolçulardan birinə ötürmə vermək əvəzinə dayanır, topu geridən gələn futbolçuya atır, o isə daha geriyə qaytarır.

Kaşuk bəlkə də düşünür ki, artıq oyunun sonudur, əsas məsələ topu özündə saxlamaqdır. Bəlkə də məşqçinin tapşırığı belə olub. Bəlkə də futbolçunun həmin anda verdiyi qərarın özünəməxsus səbəbi var.

CBC Sport-un şərhçisi də epizod zamanı “bəlkə də doğru olanı budur” deyir.

Mən isə düşünürəm ki, doğru olan bu deyildi.

Çünki futbolun bir dəyişməz qaydası var: oyun final fitinə qədər davam edir.

Topu saxlamaq istəyərkən topu itirmək olar. Hücumu təhlükəsiz hesab edib yarımçıq saxlamaq olar. Rəqibə “artıq sizlik deyil” mesajı vermək isə futbolda ən təhlükəli səhvlərdən biridir.

“Qarabağ” həmin epizodda topu itirdi. “Tvente” hücuma keçdi və nəticədə qol vurdu. Bir neçə saniyə əvvəl ümumi hesabda 2:1 öndə olan komanda bir anda 1:2 geriyə düşdü.

Futbolun qəddarlığı da elə budur.

Sən rəqibə bir anlıq fürsət verirsən, o isə bütün oyunun taleyini dəyişir.

Sonra artırılmış vaxt...

“Qarabağ”ın toparlanmağa vaxtı vardı. Amma bu dəfə də qapıçının səhvi gəldi və ikinci qol buraxıldı. Beləcə, bir neçə dəqiqə ərzində hər şey dəyişdi: Avropa mübarizəsinin davamı əldən çıxdı, stadiondakı on minlərlə azarkeşin sevinci məyusluğa çevrildi.

Mən illər əvvəl də “Qarabağ”ın belə bir məğlubiyyətindən sonra sosial şəbəkədə yazmışdım: Futbol final fitinə qədər oynanılır.

Bu fikrin dəyişdiyini düşünmürəm.

Hətta əksinə, bu gecə həmin sözlərin nə qədər doğru olduğunu bir daha gördük.

Futbolda “vurmayana vurarlar” deyə çox sadə, amma çox dərin bir deyim var. “Qarabağ” 90+1-ci dəqiqədə hücumu davam etdirib oyunu öldürmək əvəzinə hücumu yarımçıq saxladı. Qapıya gedən top əvəzinə topu geri qaytardı. Vurmadı. Əvəzində rəqib vurdu.

Əlbəttə, bütün məğlubiyyəti bir epizodun, yaxud bir futbolçunun üzərinə yıxmaq düzgün deyil. Futbolda qələbə də kollektiv olur, məğlubiyyət də. Qapıçının səhvi, müdafiənin reaksiyası, komandanın son dəqiqələrdəki qərarları və ümumilikdə oyunun gedişi birlikdə nəticəni formalaşdırır.

Amma böyük komandaları böyük edən də məhz belə anlarda verdikləri qərarlardır.

“Qarabağ” uzun illərdir Azərbaycan futbolunun Avropadakı ən böyük simasıdır. Bu komandanın standartları da artıq əvvəlki kimi deyil. “Qarabağ”dan sadəcə mübarizə aparmaq yox, belə oyunların son saniyələrində də soyuqqanlı olmaq tələb olunur.

Qurban Qurbanov və komandası bu oyundan ciddi dərs çıxarmalıdır.

Çünki belə məğlubiyyətlər sadəcə bir turnirdən əlvida demək deyil. Belə oyunlar futbolçuya, məşqçiyə və komandaya bir şey öyrədir: rahatlaşmaq olmaz.

90-cı dəqiqədə də, 90+1-də də, 90+9-da da.

Hakim fit çalmayana qədər.

Futbolun son saniyəsinə qədər.

Bu gecə “Qarabağ” bir daha göstərdi ki, futbol meydanında ən təhlükəli sözlərdən biri “artıq bitdi” sözüdür.

Əslində isə heç nə bitməmişdi.

Final fiti çalana qədər.

Aqil ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən