Əvvəl dilinizi təmizləyin, sonra Azərbaycana din dərsi keçin!

 12:01 19.10.2026     150

Türkiyədə sosial şəbəkələrdə yazılan statusları, onların altındakı şərhləri yəqin ki, çoxlarınız görürsünüz. İndi baxıram, səhifəmizdə paylaşdığımız “Azərbaycan kimsənin vilayəti deyil” şüarlı posterin altında açıq-aşkar söyüşlər yazılıb. Elə söyüşlər ki, görünür, bəziləri üçün adi danışıq tərzinə çevrilib.

Maraqlıdır, həm İslamdan, müsəlmançılıqdan, baş örtüyündən danışırlar, həm də ağızlarından küçə söyüşləri əskik olmur. Mən bilən, müsəlmanın dili təmiz olmalıdır. İnsan dini dəyərlərdən danışırsa, ilk növbədə öz davranışına, danışığına fikir verməlidir. Başqasına din dərsi keçməzdən əvvəl öz dilini təmiz saxlamağı bacarmalıdır. Yoxsa hicabdan danışıb eyni zamanda təhqir yağdırmaq hansı mənəviyyata sığır?

Bir də dillərinə bir ifadə düşüb: “İsrail uşakları”. Bunu da hər fürsətdə təkrarlayırlar. Vallah, billah, İsrail dövlətinin yaşamaq haqqını heç kimin təhdid etməsinə Türkiyənin razı olmayacağını deyən bizim ölkənin lideri deyil! Bəs onda kimə, nəyə əsaslanıb bu damğanı vururlar? Azərbaycanın milli maraqlarını müdafiə etmək, öz dövlətinin müstəqilliyinə sahib çıxmaq nə vaxtdan kiminsə “uşağı” olmaq deməkdir?

Üstəlik, üstümüzə hücuma keçənlərin daha bir sevimli ittihamı var: “İsrailə petrol satırsınız!”

Mətbuatda oxuduğum məlumatlara görə, SOCAR-ın İsrailə neft satışı birbaşa deyil, müxtəlif ticarət şirkətləri və vasitəçilər üzərindən həyata keçirilir. Bu məsələnin bütün təfərrüatlarını burada müzakirə etmək fikrim yoxdur. Ancaq bir məqamı da unutmayaq: dövlətlərarası müqavilələr və kommersiya öhdəlikləri varsa, onların birtərəfli qaydada pozulmasının hüquqi nəticələri ola bilər. Beynəlxalq münasibətlər və ticarət emosiyalarla deyil, hüquqi öhdəliklər nəzərə alınmaqla tənzimlənir.

Amma bir sualım var: bizə bu ittihamları yağdıranlar öz ölkələrinin mətbuatında dərc olunan xəbərləri, sosial şəbəkələrdə yayılan görüntüləri doğrudanmı görmürlər? Türkiyənin İzmirindən, Antalyasından və başqa limanlarından dəniz yolu ilə İsrailə daşınan yüklər barədə xəbərlər və görüntülər yayılarkən niyə eyni həssaslığı öz ölkələrinə münasibətdə göstərmirlər? Ancaq Azərbaycana gələndə hər şeyi qara rəngdə göstərmək, öz ölkələrində baş verənlərə isə göz yummaq nə dərəcədə səmimidir?
Məsələ İsraillə ticarətə münasibətdirsə, suallar hamıya eyni meyarla ünvanlanmalıdır. Yox, məqsəd yalnız Azərbaycanı hədəfə almaqdırsa, onda burada prinsipiallıqdan deyil, ikili standartlardan söhbət gedir. Bir ölkənin addımlarını sorğulayıb digərinin oxşar məsələlərinə susmaq obyektiv mövqe deyil.

Bütün bunlardan sonra bir daha xatırlatmaq istəyirəm: Azərbaycan Türkiyənin vilayəti deyil. Azərbaycan müstəqil dövlətdir və öz mövqeyini özü müəyyənləşdirir. Bunu demək nə Türkiyəyə düşmənçilikdir, nə də qardaşlığa qarşı çıxmaq. Əsl qardaşlıq bir-birinin müstəqilliyinə, dövlətçiliyinə və milli ləyaqətinə hörmət etməyi tələb edir.

Türkiyəli həmkarlarımız və sosial şəbəkə istifadəçiləri də bunu anlamalıdırlar: Azərbaycanda baş verən hər hansı hadisə ölkəmizi təhqir etmək, xalqımıza həqarət yağdırmaq və daxili işlərimizə qarışmaq üçün bəhanəyə çevrilməməlidir. Fərqli fikir bildirmək olar, qərarları tənqid etmək olar. Amma təhqir etmək, damğa vurmaq və ikili standartlarla yanaşmaq başqa məsələdir.
Dindən danışmaq asandır. Çətin olan danışdığın dinin əxlaqına uyğun davranmaqdır. Qardaşlıqdan danışmaq da asandır. Çətin olan qardaş bildiyin xalqın dövlətinə və ləyaqətinə hörmət etməkdir.

Azərbaycanı ittiham etməzdən əvvəl özünüzə də baxın. Başqalarına qarşı tələb etdiyiniz həssaslığı öz ölkənizə münasibətdə də göstərin. Qardaşlıq birtərəfli olmur və Azərbaycanın müstəqilliyi heç kimin müzakirə mövzusu deyil!

Aqil ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən