Bizi BİZ edən 4 ünsür var

 09:56 01.05.2019     19672

Uzun zamandır yazı yazmırdım. Təkrar yazıya dönmək fürsətini yaxaladığım üçün bu fürsəti mənə təklif edən həmkarım Eldəniz Vəliyevə təşəkkür edirəm.

Bizi biz edən 4 ünsür var. Amma BİZ  “günah etmək istedadı”na malik məxluqlar kimi dünyanın, insanlığın sonunu gətiririk… BİZ-i gözləyən faciəvi sonun da fərqindəyik…  Yenə də zalım, qəddar, riyakar, yalançı və ədalətsiz olmağa ustalıqla davam edirik...

Bir məqam da mövcuddur;  biz zamanın “İndi” adlanan kəsiyində dəyişib belə olmadıq, dünya yaranandan bu cürük. 

Yer üzündəki bütün canlılardan mükəmməl yaradılışı ilə fərqlənən “İNSAN”, əslində,  günah və ölüm maşınından başqa bir şey olmağı bacarmadı.  Bunu anlamaq üçün bir misal çəkəcəyəm: dünyada son on ildə cinsi istismara məruz qalan 4 yaşından kiçik uşaqların sayı 250 minə çatıb. Türkiyə Ruhi Xəstəliklər Dərnəyinin  apardığı araşdırmalar göstərib ki, Türkiyədə bu rəqəm yüzdə otuz üçdür. Yəni, Türkiyədə hər üç uşaqdan biri cinsi istismara məruz qalır. ABŞ-da isə hər 5 uşaqdan biri təcavüzə uğrayır.  İngiltərə daxilində aparılan bir araşdırma ölkədə hər 200 yetkin insandan birinin pedofil olduğunu müəyyən edib.  Eyni zamanda, statistik rəqəmlər  ingilis məhkəmələrində hər il 16 mindən çox uşaq istismarına aid işin açıldığını göstərir.

Bu baxımdan Cənubi Amerika, Afrika, Hindistan, Çin kimi ölkələrin statistikaları da acınacaqlı göstəricilərə malikdir. Maraqlananlar UNİCEF-in bu mövzudakı hesabatını internetdən oxuya bilər.  Uşaqların üzləşdiyi bəlalar təkcə təcavüz və ya istismarla bitmir. Bu bəlaların sərhədləri daxilinə terror qruplarının əlindəki “uşaq əsgərlər”, “təhsildən kənarda qalan uşaqlar”, “aclıq çəkən uşaqlar” və s. daxildir. Bütün bunlar BİZi BİZ edən 4 ünsürdən nə qədər uzaq düşdüyümüzü göstərir.  Bu dörd ünsür aşağıdakılardır:

  1. Minnətdarlıq hissi… Minnətdar olduğumuzu göstərməyi, şükür etməyi həyatımızın hər günündə bacarmalıyıq. Mütəxəssislərə görə, şükranlıq duyğusu insanın ruhi sağlamlığı üçün çox faydalıdır. Hər açılan günə minnətdar hisslərlə başlasaq, depressiyaya düşmək riskimiz azalar. Şükür etməyi adətə çevirmək kiçik şeylərlə xoşbəxt olmamızın özəyidir.  Özünüzü yaxşı hiss etmədiyiniz zaman “şükür ki, var” dediklərinizin siyahısını tutun. Sahib olduqlarınızın sizin üçün əhəmiyyətini anlayacaq,  neqativ düşüncələri özünüzdən uzaqlaşdıra biləcəksiniz.  Bir də görəcəksiniz ki, artıq simanızı təbəssüm bəzəyib.
     
  2. Hər şeyin fərqində olmaq. “Şüurlu şəkildə hər şeyin fərqinə varmaq” dedikdə ağlınıza yoqa və ya meditasiya gələ bilər. Əslində, yaşadığımız hər saniyənin bizim üçün nə qədər qiymətli olduğunun  fərqinə varmaq çox önəmlidir.  Bunu suda üzərkən daha yaxşı anlamaq olur. Nyu-Yorklu psixoanalitik  Jason Wheeler  deyir: “Mən üzərkən  qollarımın  hərəkəti və  aldığım  nəfəslərin  arasındakı məsafə qədər varam”.
     
  3. Minimalist olmaq. Dünyamızı məhvə aparan digər amil də acgözlü istehlakçılıqdır. Bir geyimdən 5 dəst almaq, hər otaqda bir televizor, açıq qalan su kranları, daim  yanan elektrik lampaları,  hardasa iki aylıq uşağa belə alınan mobil telefonlar, hamam otağındakı növbənöv (bəzilərinin heç qapağı açılmayan) şampunlar, hər həyətdə ailə üzvlərinin sayı qədər avtomobillər və daha nələr, nələr… Aldıqca almaq istəyi və insanları buna təşviq edən çıraqban ticarət mərkəzləri… Sahibini əsir alan “dəyərli əşyalar”… Halbuki, həyatınızı sadələşdirsəniz, tələbatınızı dəqiqləşdirib  ancaq  lazım olanları alsanız, ruhən nə qədər azad olduğunuzu görəcəksiniz. (Minimalist həyat haqqında növbəti yazıda daha ətraflı məlumat verəcəyəm).
     
  4. İnsanlar ilə ünsiyyət qurmaq.  Getdikcə tənhalaşan, ünsiyyətdən çəkinən varlıqlara dönüşdüyümüzün siz də fərqindəsiniz, yəqin ki. Sevdiklərimizlə, ətrafımızdakı insanlarla etik dialoqlardan kənarda da söhbət etməyi bacarmalıyıq. Duyğularımızdan  az da olsa qata bildiyimiz söhbətlərdən zövq aldığımızı kəşf etmək üçün heç vaxt gec deyil.  Ünsiyyətimizə nə qədər sevgi və şəfqət qatsaq, o qədər  keyfiyyətli ünsiyyət olar. Necə deyirlər, “həyat paylaşıldıqca gözəldir”,  anlamlıdır, dəyərlidir… İnsanlar arasında mövcud olan “bağ”ın yanında “imiş”lər, “idi”lər  o qədər mənasızdır ki…

Və... Mışlar, Mişlər, Muşlar

“Türkiyədə hər an seçki ola bilərmiş”… Cümhurbaşkanı və AKP Genel Başkanı Recep Tayyip Erdoğan partiyasının Kızılcahamamdakı  seçkiqabağı təbliğat-təşviqat mərkəzində  yeni seçilən bələdiyyə sədrlərinə deyibmiş: “YSK  hələ qərarını verməyibmiş. YSK-nın verdiyi qərarları olduğu kimi qəbul edəcəyikmiş. Siz də hər an yeni seçkilərə hazır  olmalısınızmış.” Hələ də aramızda “közərmiş dəmiri soyuq suya salmaq vaxtı” deyiminə inanmaq istəyənlər varmış? “Aldadılırmışıq”…

Prof. Dr. Canan Karatay yenə deyəcəyini deyibmiş. Enerji içkilərindəki “şəkərsiz” yazısı ilə “aldadılırmışıq”… Dadlandırıcı şəkərlər sağlamlığımıza zərərliymiş. Ah, Canan Karatay hoca, ah, bunu bilə-bilə içənlər də var, onlara nə deyəcəksən?

“Həyatının ən böyük səhvini edibmiş”… Bülənd Ərsoy  barmağındakı 2 milyon dəyəri olan üzüyünü jurnalistlərə göstərərək “Həyatımın ən böyük səhvini etdim. Bunun əvəzinə Taksim Gümüşsuyunda bir ərazi alacaqdım. Amma, bunu görüncə, dayanammadım, aldım…”-deyibmiş. Yəqin ki, “İstanbulun hər addımı qızıl” sözünü də boşuna söyləməyiblərmiş....

Gələn yazıda görüşmək diləyilə, əziz oxucular

Ayşə Kərimova / Redaktor.az